Virtualaz.org xəbər verir ki, neft tankerlərinin hərəkətini izləyən TankerTrackers.com saytının bloqerləri Ceyhan limanından 1 milyon barrelə yaxın kürd nefti ilə yüklənən tankeri qeydə alıblar.
İtaliya bayrağı altında üzən, Triest limanında qeydiyyatda olan «Valtamed» adlı tanker noyabrın 13-də Kərkük-Ceyhan kəməri ilə nəql olunan neftlə doldurulub və Süveyş kanalı istiqamətində yola çıxıb. Lakin ötən gün tanker İsrail sahillərində istiqamətini dəyişib, Aşkelon limanına doğru dönüb və peyk rabitə sistemini bir sutkalığa söndürüb. Tanker İsrail sahillərində nefti başqa tankerə yükləyib, lakin peyk siqnalizasiyası söndürüldüyündən bloqerlər neftin hansı tankerə yükləndiyini qeydə ala bilməyiblər. «Marinetraffic» saytının məlumatına görə tanker hazırda Kiprin Limasol limanına doğru hərəkət edir.
Xatırladaq ki, referenduma cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq kürd administrasiyasını neftin Ceyhan limanından nəqlini dayandıracağı ilə hədələmişdi. Lakin kürdlər referendumun nəticələrinə əsasən müstəqillik bəyannaməsini elan etməyi qeyri-müəyyən vaxta təxirə saldıqlarından Türkiyə Ərbilin əsas gəlir mənbəyini kəsməyib. Son rəqəmlərə görə Kərkük-Ceyhan limanından saatda 7.5 min barrel neft nəql olunur. Əvvəllər bu rəqəm 13 min barrel idi. Azalma Kərkük neft yataqlarının İraq hökumət qüvvələrinin nəzarətinə keçməsi ilə bağlıdır.
Kürd neftinin əsas alıcısı əvvəllər İsrail hesab olunurdu.