N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib. O. noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. «İnfiniti» markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin «Saxla!» əmrinə tabe olmayan sürücü ikinci komandadan sonra avtomobili dayandırıb.
Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, avtomobil «Nurgün Motors» şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.
Maraqlıdır ki, eyni əməli N.Əliyevin oğlu Nurxan Əliyev deyil, başqa və maddi imkanları o qədər də geniş olmayan birinin övladı törətsəydi nə baş verərdi? Hakim Elman İsayev yenə də bu qədər humanistlik nümayiş etdirərdi?
Cinayət Məcəlləsinin 315-ci – hakimiyyət nümayəndəsinin tələbinə tabe olmama, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsini yenə də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə çevirməyi özünə borc hesab edərdi?
Sualın cavabı ortalıqdadır. N.Əliyev varlı-karlı biridir.
Onun holdinqinə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirək:
«Nurgün Motors»a daxildir
– «Nissan Azərbaycan»
– «İnfiniti Azərbaycan»
– «Ford Azərbaycan»
– «Renault Azərbaycan»
– Maşın bazarı – Çoxsaylı avtomobil salonları və servis mərkəzləri;
Rəvan Sığorta – 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: «Double İnsurance Company» və «Star Alyans Sığorta».
2007-ci ildə bütün səhmləri «Nurgün» şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib.
2009-cu ildən «Rəvan Sığorta» adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.
«NBC Bank» ASC
17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı «Ruzu» Bank. 2002-ci ildən adını dəyişərək «NBC Bank» olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verilib. Nuru Əliyev 2016-cı ildə «NBC Bank»ın kapitalındakı payını 57,51%-dən 65,91 faizədək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.
«Nurgün İnşaat» – 1994-cü ildən fəaliyyət göstərən «Nurgun İnşaat» şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.
Bu illər ərzində bir sıra irimiqyaslı tikinti layihələrini reallaşdırıb. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.
«Bello» Yuyucu Vasitələr Fabriki – «Bello» markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur:
«Bello» anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.
Salyan süd zavodu – Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda «Bəyaz süd» adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.
«Nurgün Trading» – Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distributor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.
«Kaspian Transport» – 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.
«Kontinental» mağazalar şəbəkəsi
«Ailə» supermarketlər şəbəkəsi
«NICOS» kosmetika məhsulları, «Active» qabyuyan mayeləri, «BIOSENSE» şampunları, «Rocchetta», «Vittel» və «Erikli» sularının, «Havoline» və «Ardeca» yağlarının idxalçısı və s.
Belə bir varidata sahib birinin övladının həbsə getməməsi üçün 1-2 maşınının pulundan keçməyə hazır olması da mentalitet məsələsidir. Haqqını ver, ədalətini apar şüarını da az qala hər vəkilin dilindən eşitmək olar. Vəkillərin dillər əzbərinə çevrilən bu deyim Azərbaycan femidasının az qala tərifinə çevrilib. Odur ki, N.Əliyevin oğlunun yeni sərgüzəştlərini gözləyin.