Məlum olduğu kimi, neftin qiyməti artıq 60 dolların üzərindədir. «AzəriLayt» markalı neftinin bir bareli 63,34 dollara satılır. Bu qiymətlərin nə qədər dayanıqlı olacağı bəlli olmasa da, artıq hökumətdə bir arxayınlıq hiss olunmaqdadır. İqtisadçı ekspertlər belə hesab edir. Səbəb isə 2018-ci ilin dövlət büdcəsinin xərclərinin Neft Fondundan transferlər hesabına artırılmasıdır. Hökumət islahatlar yolu ilə deyil, məhz neft pullarını büdcə vasitəsilə iqtisadiyyata daxil etməklə canlanma yaratmağa çalışır ki, bu da effektiv yol deyil.
Bəs görəsən, həqiqətənmi neft bahalaşan kimi islahatlar dayandırıldı və ya sürəti zəiflədi? Hökumətin qəbul etdiyi yol xəritələrinin icrası nə durumdadır?
Bu sualları cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, 2018-ci ilin dövlət büdcəsində gəlirlərin 4 milyard manata yaxın artması birbaşa neftin dünya bazarında qiymətinin müəyyən qədər yüksəlməsi və stabilləşməsi ilə bağlıdır: «Əgər neftin qiyməti 50 dollar intervalında proqnozlaşdırılırdısa, son bir ayın yekunları göstərir ki, qiyməti 60 dollar ətrafında dəyişir. Bu da neft satışından əldə edilən gəlirlərin artmasına və bu kontekstdə daha çox xərcləmələrə gətirib çıxarır. Biz fiskal tarazlığın qorunub saxlanılmasının tərəfdarıyıq. Xərcləmələrdə volativliyin qorunub saxlanmasına ehtiyac var. 2018-ci ilin dövlət büdcəsində xərclərin kəskin artırılması məqsədəuyğun deyil. Həmin xərclərdə volativliyin qorunub saxlanılmasına ehtiyac var ki, fiskal dayanıqlığı uzunmüddətli dövr üçün bərpa etmək mümkün olsun. Sözsüz ki, 2015, 2016, eləcə də 2017-ci ildə xərclərin azaldılması xüsusilə də infrastruktura ayrılan vəsaitlərin həcminə təsir göstərmişdi. 2018-ci ildə hökumət bunu müəyyən qədər kompensasiya etməyə çalışdı. İstənilən halda xərcləmələrdə volativlik qorunub saxlanılmalıdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transferlərin həcminin optimallaşdırılmasına ehtiyac var».
İqtisadçı bildirdi ki, 2018-ci ildə biz DNF-dən daha çox vəsaitin dövlət büdcəsinə ayrılmasını müşahidə edəcəyik: «Ancaq daha məqsədəuyğun olardı ki, həmin transferlərin optimallığı qorunub saxlanılsın. Strateji Yol Xəritəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərdə qızıl ortanın müəyyənləşdirilməsi nəzərdə tutulub. Ancaq hələ ki bu qızıl orta tapılmayıb. Hökumət DNF-nin gəlirlərinin daha az xərclənməsinə çalışmalıdır. Çünki bu, fiskal dayanıqlığın təmin edilməsi baxımından önəmlidir. Neftin dünya bazarındakı hazırkı qiyməti 60 dollar ətrafında dəyişsə də, proqnozlara əsaslanaraq onu demək olar ki, islahatlar heç bir halda arxa plana keçməməlidir. Çünki postneft dövrünün, eləcə də Strateji Yol Xəritəsinin özünün hədəfləri var. O hədəflər kontekstində islahatların davam etdirilməsinə ehtiyac var. Bununla paralel Strateji Yol Xəritəsinin monitorinqinin və qiymətləndirilməsinin aparılması və onun ictimaiyyətə təqdim edilməsi müsbət haldır».
V.Bayramovun sözlərinə görə, növbəti dövrdə islahatlar Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq həyata keçirilməlidir: «Fəaliyyət planında illər ərzində nəzərdə tutulan bütün addımlar əksini tapıb. Biz təklif edirik ki, bu fəaliyyətlər rüblər üzrə də planlaşdırılsın. Bu zaman onu monitorinq etmək daha asan olacaq. Bu mənada hər rübün sonunda Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyətlərin yerinə yetirilib-yetirilməməsini müəyyən etmək daha asan olacaq. Strateji Yol Xəritəsi islahatların davam etdirilməsi baxımından çox vacibdir. Növbəti dövrdə neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, hökumət Strateji Yol Xəritəsində nəzərdə tutulan fəaliyyətləri zamanında həyata keçirməyə çalışmalıdır».
Ekspert qeyd etdi ki, neftin mövcud qiyməti arxayınlıq üçün əsas yaratmır: «O kontekstdən neftin dünya bazarındakı qiymətinin 60 dollar ətrafında olması praktik olaraq, arxayınlıq üçün bir maliyyə bazası formalaşdıra bilməz. Strateji Yol Xəritəsinin qiymətləndirmə yekunları ilə bağlı ölkə prezidenti də son müşavirədəki çıxışında xüsusi qeydlərini etdi və oradakı fəaliyyətlərin nəzərdə tutulan müddətdə həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verdi».