Vaxt.Az

«İddialı insanlar və partiyalar kifayət qədərdir»


 

MSK sədri prezident seçkilərindən danışdı

«İddialı insanlar və partiyalar kifayət qədərdir» «Azərbaycan ictimaiyyəti gələn il keçiriləcək prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin ki, onlar prezident seçkilərində iştirak etməyə çalışacaqlar».

APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, azad, ədalətli seçkilərin keçirilməsi üçün MSK bütün addımları atacaq: «Biz artıq gələn il üçün tədbirlər planı üzərində işləyirik. Yanvar ayının əvvəllərində tədbirlər planını rəsmi şəkildə təsdiq edəcəyik. İl ərzində bizim müxtəlif səpkili tədbirlərimiz olacaq. Aşağı seçki komissiyası üzvlərindən başlamış digər səlahiyyətli qurumlara qədər maarifləndirmə tədbirləri keçiriləcək. Eyni zamanda, cəzaçəkmə, tibb və müalicə müəssisələrində səsvermə ilə bağlı tədbirlər keçiririk ki, o insanların səsvermə hüququ pozulmasın. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və prokurorluq orqanları ilə xüsusi komissiyalar təşkil edirik. Müraciətlərə baxılması, xoşagəlməz hallar baş verərsə, operativ ölçü götürülməsi baxımından bu cür əməkdaşlıq çox əhəmiyyətli olur. Prezident seçkiləri və referendumda Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız da səs verməlidir. Xarici ölkələrdəki nümayəndəliklərdə məntəqələr yaradılacaq. Təsəvvür edin ki, seçkilərlə bağlı coğrafiya nə qədər genişdir. Çalışırıq ki, Azərbaycandan kənarda olan seçicilər diqqət mərkəzində olduqlarını hiss etsinlər».

 





22.11.2017    çap et  çap et