Vaxt.Az

Qəhvə nəyə xeyirli deyilmiş ki?!


 

Araşdırmaya görə, günə 7 fincan içən adamlar erkən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azalda bilərlər

Qəhvə nəyə xeyirli deyilmiş ki?! «The Telegraph» yeni elmi araşdırmaya əsasən yazır ki, günə 7 fincan qəhvə içən adamlar erkən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azalda bilərlər.

Bundan əvvəl qəhvənin orqanizmə təsirinə həsr edilmiş 200-dək tədqiqatı təhlil edən yeni araşdırma bu nəticəyə gəlib ki, kofenin sağlamlığa xeyri, ziyanından qat-qat çoxdur.

«Southampton» və «Edinburgh» universitetlərində aparılmış elmi-tədqiqat göstərib ki, günə 3 və ya dörd fincan qəhvə içənlər heç içməyənlərlə müqayisədə ölüm ehtimalını 17 faiz azaldır.

Lakin hətta 7 fincan qəhvə içənlər də bu riski 10 faiz azaltmış olurlar.

Alimlər qəhvə içilməsini həm də spesifik xərçəng növləri riskinin azalması ilə bağlayırlar. Burada söhbət ilk növbədə prostat vəzi, uşaqlıqdaxili, dəri və qara ciyər xərçəngindən gedir.

Bu da qeyd olunur ki, qəhvə diabet, öd daşları, podaqra və bəzi qara ciyər pozuntuları zamanı da faydalı ola bilər.

Qəhvə içməklə Parkinson xəstəliyinin, depressiyanın və Altsaymerin riskini azaltmaq olar.

Tədqiqatın müəllifləri bildirirlər ki, kafeinli içkilərlə bağlı zərərli risklər siqaret çəkmək kimi vərdişlər nəzərə alındıqda əhəmiyyətsiz görünür.

Alimlər yalnız hamilə qadınlar üçün qəhvə içilməsində risk olduğunu bildirirlər.

Araşdırmaçılar yazırlar ki, qəhvə bütün dünya boyunca ən çox istehlak edilən içkilərdəndir.

Məhz bu səbəbdən də bu içkinin sağlamlıq üçün xeyri milyonlarla insanı faydalandırmış olur.

Buna baxmayaraq, alimlər qeyd edirlər ki, qəhvənin sağlamlıq üçün lazım olan norması günə üç və ya dörd fincandır.

Bundan əvvəlki araşdırmalar qəhvənin qara ciyər funksiyasını yaxşılaşdırmasını, iltihabı azaltmasını və immun sistemini gücləndirməsini göstərmişdi.

 





23.11.2017    çap et  çap et