Vaxt.Az

Bakıda «kabus» dolaşır


 

Bahalaşma gözlənilir, elektrik enerjisinin qiymətinin təxminən 70 faiz qalxacağı ehtimalı var

Bakıda «kabus» dolaşır Fevralın 1-dən etibarən ölkədə elektrik enerjisinin qiyməti bahalaşacaq. Bu barədə «Akkord» Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyinin administrasiyası tərəfindən şəhərciyin sakinlərinə xəbərdarlıq edilib. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, onlara bildirilib ki, fevral ayının 1-dən etibarən elektrik enerjisində yeni tariflər tətbiq olunacaq və artıq sakinlər elektrik enerjisinin 1 kv/saatını 6 qəpikdən deyil, 10 qəpikdən ödəməli olacaqlar. Yəni birdən-birə təxminən benzinin qiymətində olduğu kimi, 70 faizə yaxın artım baş verəcək. Hətta, bundan əndişəyə düşən sakinlər gələn ay sərf edəcəkləri elektrik enerjisinin ödənişini də bəri başdan ödəməyə başlayıblar ki, təxminən 70 faiz qabağa düşsünlər.

«Bakıelektrikşəbəkə» məlumatsızdır

«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bizimlə söhbətində bunları bildirdi: «Bunu deməyə heç kimin səlahiyyəti yoxdur. Qiymət artımı ilə bağlı Nazirlər Kabineti qərar verir. Bunu kim deyə bilər ki? Bu şayiədir, ara sözləridir, inanmayın». 

Lakin, Azərbaycan təcrübəsində, adətən əvvəlcə şayiə yayıb, sonra qiymətləri qaldırırlar. Həm də Tarif Şurası son ana qədər bahalaşmanı inadla təkzib edir, ta ki qiymət artırılır. Bu məsələyə cənab Mustafayevin münasibəti belə oldu: «Vaxt özü həll edəcək, bu bizim səlahiyyətimizdə olan məsələ deyil».

Bəs «Bakıelektrikşəbəkə» tərəfindən bu barədə Nazirlər Kabinetinə müraciət varmı? Müsahibimiz deyir ki, «Bakıelektrikşəbə»kənin belə bir təklif vermək səlahiyyəti yoxdur: «Biz də sizin kimi abonentik». 

«Yanacağın qiymət artımından sonra elektrik enerjisi qiymətlərinin də artımına ehtiyac yaranırmı?» sualına isə ASC-nin mətbuat xidməti rəhbəri «Əgər yanacağın qiyməti artıbsa, orada elektrik enerjisi istehsal olunursa, istehsalda fərq ola bilər. Amma biz paylayıcı bir şirkət, icraedici strukturuq. Qərarı qəbul edən hökumətdir», - deyə cavab verdi. 

Sonra isə bunları əlavə etdi: «Mən qiymət artımı ilə bağlı ilk dəfə sizdən eşidirəm. Burada işlədiyim 12 il ərzində 2 dəfə qiymət artımı olub ki, o da qanun çərçivəsində baş verib, bizim təklifimiz əsasında yox. Qiymət artımı gözlənsəydi, biz də bilərdik. Hazırda Respublika üzrə elektrik enerjisinin 1 kv/saatı əhaliyə 6 qəpiyə satılır».

Bəs yaxında qiymət artımı gözlənilirmi və belə bir ehtimal varmı? Cənab Mustafayev bir qədər fasilə verdi və nəhayət cavabı belə oldu: «Mən bu məsələni ilk dəfə sizdən eşidirəm».

Tarif Şurası da təkzib edir

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı dolaşan söhbətlərə «elə şey yoxdur», cavabını verdi. Bəs Tarif Şurasına bu məsələ ilə bağlı təklif və ya müraciət olubmu? 

«5-ci günə qədər bu məsələ ilə bağlı hər hansı müraciət olmamışdı. Amma indi sizinlə telefonla danışa-danışa Tarif Şurasından nömrə yığdım». Cənab Əliyev telefonun o biri başındakı həmsöhbətindən soruşdu: «Elektrik enerjisi ilə bağlı bir yenilik var? Müraciət filan olmayıb?». Telefonu bir qədər dinləyib mənə «hazırda Tarif Şurasının rəhbəri o birisi telefondadır. Tarif Şurası bildirir ki, elektrik enerjisinin tarif dəyişikliyi Şuranın gündəmində deyil», dedi. »Ümumiyyətlə, Tarif Şurasının gündəliyində hər hansı qiymət artımı məsələsi varmı?», deyə soruşduq və «yoxdur», cavabını eşitdik. 

Tikinti şirkəti yalan vədlər verir

Sözügedən şəhərcik sakinlərinin panikaya düşməsinə ciddi əsaslar var. Belə ki, şəhərcikdə qaz sistemi yerli-dibli yoxdur. «Akkord» Şirkətlər Qrupunun tikdiyi bu kompleksdə bir neçə ildir sakinlər sadəcə elektrik enerjisinin umuduna qalıblar. Hətta, ötən ilin sentyabr-oktyabr aylarında mənzillərə qaz sayğacı quraşdırılsa və yeni ilədək (01.01.2014) qaz veriləcəyi vəd olunsa da, indiyədək bunun reallaşması üçün kiçicik ümid də görünmür. Binalarda yaşayan əhaliyə «kupça» da verilməyib. Belə görünür ki, heç Dövlət Komissiyası da binaları təhvil götürməyib. 

Ümumiyyətlə, bu problem təkcə «Akkord»un tikdiyi evlərdə deyil. Paytaxtda yeni tikililərin hamısında belə problemlər aktualdır. Muradxan Hüseynov Yasamal rayonunda yeni tikilmiş binada yaşayır. İki aydır təzə mənzilə köçüblər. Deyir ki, tikinti şirkətləri əvvəlcədən üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər: «Halbuki, evi almağa gələndə bizə vədlər verirdilər. Tamamlama işlərini başa çatdırmayıblar. Daxili suvaq üçün qum, sementlə təmin edəcəklərinə söz vermişdilər, amma son anda bundan imtina etdilər. Dedilər ki, artıq bu mərhələni keçmişik. Tezliklə qaz çəkəcəklərini də demişdilər. Amma hələ də sadəcə elektrik enerjisindən istifadə edirik. Əvvəlcə deyirdilər ki, sayğaclaşmanı şirkət həyata keçirəcək, sonra bundan da imtina etdilər. Mən qaynar xəttə zəng etdim, ordan dedilər ki, yeni tikilmiş mənzillərdə sayğaclaşma sakinlərin hesabına aparılır. Elektrik sayğacını 200 manata aldım, su sayğacını isə 80 manata. Üstəgəl qaz sayğacını da almalıyıq. Onun isə qiyməti 300 manat edir. Bunlar bizə əlavə çıxan xərclərdir. Eyni zamanda binada bir şirkət yaradıblar, təhlükəsizlik kameraları, mühafizə var, təmizlik işlərinə baxılır. Bütün bunlara hər ay 50 manat ödəyirik». 

Öz evində kirayə yaşayanlar

Qaz olmadığı üçün, hər bir ehtiyaclarını elektrik enerjisindən istifadə etməklə təmin edən ailə qənaətlə işlədəndə, ayda 80-100 manat ödəniş edir: «Məsələn, bu ay 100 manat ödəmişəm. Burada internet xətti, kabel televiziyası var. Su 15-20 manata yaxın tutur, ondan şikayətimiz yoxdur. Kommunal xərclər ümumilikdə ayda 200 manata yaxındır, məvacibim isə 300 manat. Elə bil ki, öz evimdə kirayə qalıram. Müəllim işləyirəm». 

Soruşuram ki, bəs niyə tikintisi tam başa çatmamış evə köçmüsüz? Deyir: «Kirayədə yaşayırdım. Fikirləşdim ki, kirayə olunca öz evimdə qalım, əskikləri özüm düzəldərəm. Burada 200 manat aylıq maaşı olan insanlar var ki, onların vəziyyəti lap dözülməzdir. Qazandıqlarını sadəcə kommunal xidmətlərə ödəyirlər. Mən şükür Allaha, müəllim işləyirəm, repetitorluq da edirəm. Amma, başqalarının vəziyyəti necə olsun?»

Yenə soruşuram ki, elektrik enerjisinin qiymətləri qalxarsa, vəziyyətinizi necə təsəvvür edirsiz? Cavab verir: «Azərbaycansayağı cavab verəcəm. Elnən gələn toy-bayramdır. Onsuz da biz qəfil qiymət artımlarına öyrəşmişik. Bu gün desələr ki, elektrikin qiyməti 1 manat olacaq, yenə gedib ödəyəcək. Siz narahat olmayın, biz dözümlüyük. Tək mən nə edə bilərəm ki? Əslində, dolanışıqda ciddi problemlər yaranacaq. Nəinki mənə və yeni mənzillərdə qazsız yaşayanlara, bütün vətəndaşlara problem olacaq. Biz nə edə bilərik, bizə də gözləmək qalır. Bir də Allahdan arzu edək dövlət məmurlarının ürəyinə insaf salsın ki, sadə vətəndaşları da düşünsünlər, onlara yazıqları gəlsin. Çünki, yeni qiymət artımı baş verərsə çox çətin olacaq». 

Şirkətlər sadəcə 4 divar satırlar

Müsahibimiz deyir ki, baxmayaraq, o, buraya 2 ay əvvəl köçüb, binada bir ildən artıqdır yaşayış var: «Ev bir il əvvəl təhvil verilib, yaşayışa tam yararlı olmalı idi. Amma hələ də tamamlama işləri gedir. Dəhlizlərdə texniki işlər görülür, qaz məsələsinə baxılır, guya qaz çəkəcəklər. Bu şirkətin yaxşı tikdiyi, şəraiti olan binalar var. Memar Əcəmi, Əhmədlidə tikdikləri evləri tərifləyirlər. Onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil alınıb. Amma bizim bina hələ də təhvil alınmayıb. Sənədləşmə, «kupça» yoxdur. Biz sadəcə sənədlərdə binada payı olan insanlar kimi göstərilirik. Qeydiyyatımız isə əvvəllər yaşadığımız evədir. Sənədləşmə işində əvvəlki qeydiyyat ünvanımızla işləyirik. Təzə qeydiyyat olmadığına görə də heç bir sənədləşmə işində faktiki yaşadığımız ünvandan istifadə edə bilmirik». 

M.Hüseynov vaxtilə 4 divar üçün evin kvadrat metrinə 620 manat ödəyib, 3 otaqlı mənzildə yaşayır: «Yarımçıq vaxtı almışıq. 13 mərtəbəli bina hələ tikilirdi, 9-cu mərtəbədəydi. İndi kvadratı 850 manatdır, guya tikintisi başa çatdığına görə bahalanıb. Mənim konkret maaşım 130 manatdır. Əgər əlavə repetitorluq etməsəm güzəranımız pis olar. 2 uşağım var, yoldaşım təzə işləyir, məvacibi azdır, o da müəllimədir. Qazancım əsasən kommunal xərclərə gedir. Biz sadəcə 3 illik müqavilə ilə dörd divar almışıq. Binanın təhvil alınması üçün 10-15 instansiya gəlib baxmalı, sonra qərar verilməlidir. Bunun isə 3-4 aya başa gələ biləcəyi proqnozlaşdırılmır. 6 aya 1 ilə təhvil alına, ya da alınmaya».

 





01.02.2014    çap et  çap et