Vaxt.Az

«Əsədlə danışıqlar apara bilərəm»


 

Ərdoğan: «Siyasətin qapıları son ana qədər açıqdır»

«Əsədlə danışıqlar apara bilərəm» «YPG ilə mübarizə məsələsində Suriya prezidenti Bəşər Əsədlə danışıq aparılması imkanlarını istisna etmirəm. Lakin bu, vəziyyətin necə dəyişməsindən asılıdır. Siyasətin qapıları son ana qədər açıqdır».APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi sammitinin yekunlarına dair sualı cavablandırarkən deyib.

O həmçinin, Rusiya prezidenti Vladimir Putinin məsələyə həssaslıqla yanaşdığını bildirib: «V. Putin dedi ki, Suriya prezidenti YPG-nin dialoqa tərəf qismində cəlb olunmasını istəmir. Bunda təəccüblü heç nə yoxdur».

Türkiyə prezidenti ABŞ-ın Suriyadakı hərbi iştirakı genişləndirməsi, habelə YPG-yə yardım göstərməsini ciddi tənqid edib. O, rəsmi Vaşinqtonun bu addımları hansı məqsədlə atdığını yaxın zamanda Donald Trampdan soruşmaq istədiyini söyləyib.

Prezident R. Ərdoğan sammitdə Suriyada milli dialoq üzrə konqresin keçirilməsi və burada kimin iştirak edəcəyi qərarının Rusiya, İran və Türkiyə tərəfindən veriləcəyi təklifin də müzakirəyə çıxarıldığına diqqət çəkib. O bildirib ki, hər üç ölkə İŞİD-in məhvində israrlıdır.

«Konqresin əsas məqsədi Suriyada yeni konstitusiyanın qəbulu və BMT müşahidəsi altında azad və ədalətli seçkilərin keçirilməsidir», - deyə, Türkiyə rəhbəri qeyd edib.

Türkiyə prezidenti üçtərəfli görüşlərin gələcəkdə də keçirilə biləcəyini açıqlayıb.

 





24.11.2017    çap et  çap et