Bildirilir ki, həmin piyada yaxınlıqda olan yeraltı piyada keçidinə məhəl qoymayıb və avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yolla qarşı tərəfə keçmək istəyib. Nəticədə onu əvvəlcə «Range Rover» markalı avtomobil sağ güzgüsü ilə vurub. Markası məlum olmayan digər avtomobil isə yerə yıxılan piyadanı vuraraq öldürüb. Hadisəni törədən ikinci avtomobil ərazidən uzaqlaşıb. Əraziyə cəlb olunmuş Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hazırda həmin sürücünün kimliyini dəqiqləşdirməyə çalışır.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
***
Bakının Yasamal rayonunda da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1959-cu il təvəllüdlü Nadirov Rauf Əziz oğlu Yeni Yasamal yaşayış massivində yerləşən «Qismət» şadlıq sarayı yaxınlığında yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Qəzanı törədən sürücü ərazidən qaçıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisənin baş verdiyi ərazidəki Təhlükəsiz Şəhər Kamerasında qeydə alınan görüntülərdən aydın olub ki, piyadanı «BMW» markalı minik avtomobili vurub. Hazırda sürücü axtarılır.