Ən önəmlisi, heç kəs Ermənistandan tələb etmir ki, işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın. Avropa Birliyi də, Ermənistanla anlaşmanı imzalayarkən, belə bir tələbi irəli sürmədi. Rusiyanın Ermənistanda hərbi baza saxlamaq, Ermənistanın rəsmi sərhədlərini qorumaq, İrəvanın beynəlxalq hava limanında Federal Təhlükəsizlik Xidmətinin (FTX) buraxılış məntəqəsini rəsmən işlətmək kimi təcrübələrə də Avropa Birliyindən etiraz gəlmədi.
Azərbaycanın beynəlxalq əlaqələrdə ən önəmli məsələsi Qarabağdır (ərazi bütövlüyü). Bu məsələ hər şeyin başında gəlir. Çox təəssüf ki, biz heç yerdən bu məsələmizə ədalətli yanaşma görmürük. Odur ki, Azərbaycan hökumətinin nədən bir sıra anlaşmalara qoşulmaqdan çəkindiyini, ya da tələsmədiyini anlamaq çətin deyil. O başqa məsələ ki, hökumət arada, vəziyyətdən istifadə edərək, öz dar maraqlarını güdür, islahatlara getmir və s. Burası, sistem problemidir, sistemi dəyişmək gərəkdir. Amma biz də anlamalıyıq ki, sistem də, hökumət də dəyişə bilər (bir gün dəyişəcək də), amma ölkəmizin qarşılaşdığı geopolitik problemlər dəyişməyəcək. Ölkəmizdə gələcəkdə qurulacaq bütün başqa hökumətlər də xaricdən qaynaqlanan eyni problemlərlə üzləşməli olacaqlar. Sadəlövh olmayaq.