Hərbi ekspertlər Ermənistan ordusundakı acınacaqlı vəziyyəti «Xəzər Xəbər»ə şərh ediblər.
Zabitlər məzuniyyətdən sonra orduya qayıtmaq istəmir, əsgərlər isə xidmət yerlərini özbaşına tərk edirlər. Ermənistan rejiminin mifə çevirdiyi ordusunda nizam-intizamsızlıq hər keçən gün artmaqdadır. Silahlanma müqayisəsində Azərbaycandan dəfələrlə geridə qalan Ermənistan ordusu nizam-intizamda da geriləməkdə davam edir.
Rejimin orduya dair verdiyi heç bir vədi yerinə yetirməməsi, eləcə də təchizatın çatışmaması havalar soyuduqca Ermənistan ordusunda narazılıqları artırıb. Belə ki, isti paltar, eləcə də yanacaq cəhətdən qıtlıq çəkən Ermənistan ordusunun nəinki döyüş qabiliyyəti azalır, hətta onların normal xidmət aparmasını belə mümkünsüz edir. Bir neçə gün qabaq mina partlayışı zamanı 3 erməni əsgərin ölməsi isə bu orduda səriştəsizliyin geniş yayıldığının göstəricisidir.
Keçmiş korpus komandiri, polkovnik Şair Ramaldanov bildirir ki, son zamanlar Ermənistan ordusunda hərc-mərcilik hallarının artması təsadüfi deyil. Çünki gündən-günə orduya ayrılan vəsaitlərin hansısa şəxslər tərəfindən mənimsənilməsi nəticəsində Ermənistan ordusunda böyük həcmdə təchizat çatışmazlığı yaranıb. Normal məişət şəraiti olmayan hərbçilərin xidmətdən yayınmaq meylləri də elə bununla bağlıdır. Bundan başqa, Ermənistan cəmiyyətində Qarabağı Azərbaycana qaytarmağı düşünənlərin sayının çoxalması erməni valideynlərini öz övladlarının gələcəyi haqqında düşünməyə vadar edib.
Şair Ramaldanov həmçinin bildirir ki, xüsusilə Dağlıq Qarabağda xidmət edən ermənilərin psixoloji durumunda da dəyişiklik baş verib. Belə ki, artıq onlar da fərqindədirlər ki, dayandıqları torpaqları işğal ediblər və aprel döyüşlərindən sonra da əmin oldular ki, bu torpaqları bir gün gerçək sahibinə qaytarmalıdırlar.
Ən maraqlı məqamlardan biri isə Dağlıq Qarabağda düşmən əsgərlərin qızınmaq üçün yanacaq tapmadığından spirtli içkidən istifadə etmələridir. Bu isə nizam-intizamı ən çox pozan amillərdən biridir. Bu elə erməni hərbçilərinin qeydlərində əks olunub.
Hər ötən gün Ermənistan ordusunun ziyanına işləyir. Çünki münaqişə uzandıqca Azərbaycan ordusu ölkənin iqtisadi gücünə paralel olaraq güclənməyə, Ermənistan ordusu isə ölkədəki fiasko vəziyyətində olan iqtisadi duruma görə zəifləməyə məhkumdur. (xezerxeber.az)