Vaxt.Az

«Keşlə»dəki Nərimanoğlu


 

«Bu məsələnin ictimailəşməsini istəmirik»

«Keşlə»dəki Nərimanoğlu Müşahidə Şuralarının mövcud olduğu klublardan xoşagəlməz xəbərlər gəlməkdə davam edir. AFFA-dan göndərilən kadrların idarə etdiyi komandalarda maliyyə pozuntuları ilə bağlı şayiələr sıralanır.

Bir müddət öncə «Kəpəz»də başverənlərdən xəbərdarsız. Klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu faktla, sübutla tutulduqdan sonra işindən azad olundu, hətta AFFA-dakı departament rəisliyi də əlindən alındı. Yarım milyona yaxın vəsaiti yoxa çıxaran Mikayıl bəy indi özü kənara atılıb.

Deyəsən, eyni şeylər «Keşlə»də də baş verəcək. AFFA-nın sabiq hüquqşünası (o, indi də baş məsləhətçi kimi bu qurumda işləyir və demək olar, həmin postdadır – müəl.) Rəmiş Malıyevin adı maliyyə məsələlərində hallanır. Klubun icraçı direktoru haqda belə açıqlamanı yaxınlarda klubdan uzaqlaşdırılan uşaq məşqçiləri verib.

Məsələ burasındadır ki, «Keşlə»nin 2003-cü il təvəllüdlülərdən ibarət komandası 26 avqust – 5 sentyabr aralığında Balakəndə təlim-məşq toplanışında olub. Komandanın baş məşqçisi Eldar Ağaxanov 25 uşağın hər birinin valideynindən 300 manat pul alıb və ümumilikdə 7500 manatla hazırlıq keçib. Üstündən xeyli müddət keçdikdən sonra valideynlərdən biri «Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundova şikayət edib və son hadisələr baş verib.

Beləliklə, Ağaxanovla yanaşı, onu «Vətən»dən bura gətirən Rövşən Babayev, eləcə də bu işdən xəbərdar olan daha 3 məşqçi klubdan qovulub. İndi isə Eldar bəy günahkar olmadığını bildirir. O, «Futbol+» qəzetinə açıqlamasında bunları deyib: «Biz Rəmiş Malıyevdən icazə almışıq. Onun hər şeydən xəbəri olub. Özləri bilirlər ki, klubda belə şeyi reallaşdırmaq üçün maliyyə yoxdur. Heç maaşları ödəyə bilmirlər. Valideynlərin adları da, imzaları da məndə var. 300 manat ödəyiblər. Blank mənim əlimdədir. Rəmiş müəllimin öz yazısı da var».

Əlbəttə, klubun hansısa komandasını toplanışa göndərmək il növbədə rəhbərliyin borcudur. Bunu edə bilmirlərsə, valideynlər belə təşəbbüs göstəribsə, vəziyyət dəyişir.

Ən maraqlı olan Malıyevin buna razılıq verməsi, indi isə həmin məşqçiləri işdən qovmalarıdır. Bu addımı düzgün saymırdılarsa, razılıq verməməliydilər, razılıq veriblərsə, indi məşqçiləri işdən qovmağın adı nədir? Görünür, Zaur Axundov bu həngamədən indi xəbər tutub.

Bizdə olan bilgiyə görə, klub toplanış üçün büdcə ayırıb, məşqçilər isə valideynlərdən əlavə vəsait yığıblar. Elə bu səbəbdən məsələ böyüyəndə məsuliyyət Axundovdan icazəsiz pul yığan məşqçilərin boynunda qalıb. Ortada 2 yerdən (klubdan və valideynlərdən) götürülən pul və keçirilən 1 toplanış var. Malıyev isə hər 2 vəsaitdən xəbərdar olub, birini məşqçilərdən, digərini Axundovdan gizlədib.

Xəbəri dəqiqləşdirmək üçün Rəmiş bəyi aradıq. Zənglərimizə cavab verməyən icraçı direktorun əvəzinə klubun mətbuat xidmətinin rəhbəri danışdı. Səbuhi Məmmədov isə Malıyevin fikirlərini bir cümlə ilə ifadə etdi: «Bu məsələnin ictimailəşməsini istəmirik».

Malıyev nəyi isə istəməyə bilər, amma bu məsələyə görə cavab verməlidir. 25 valideyn aldadılıb və ya onlar aldadılmayıbsa, buna könüllü razı olublarsa, 5 məşqçinin ailəsi çörəksiz qalıb. Məsələyə aydınlıq gəlməsi üçün olaylardan xəbərdar olan Rəmiş bəy mütləq vəziyyəti izah etməlidir. Burada «Keşlə» ilə yanaşı, Axundovun da imici ortaya atılıb.

Hələ bir az da araşdırsaq, bəlli olacaq ki, yay boyunca maaşsız işləyən həmin məşqçilərin də məvacibi klubun büdcəsindən çıxıb və kiminsə cibinə gedib. «Keşlə»də «Kəpəz»də başverənlər təkrarlanır və Mikayıl Nərimanoğlu kimi, burada da AFFA-nın kadrının əməlləri ifşa olunur.

Prosesi izləyir və Malıyevdən açıqlama gözləyirik.

 





27.11.2017    çap et  çap et