Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezidentlərin telefon danışığı ilə bağlı mətbuata açıqlamasında bildirib ki, Ərdoğan ABŞ-ın YPG-yə silah verməsi ilə bağlı narahatlığını Trampa çatdırıb. ABŞ prezidenti qəti şəkildə deyib ki, bundan sonra YPG-yə silah verilməyəcək.
Xatırladaq ki, ABŞ və Türkiyə arasında bu mövzuda danışıqlar daha öncə də aparılsa da nəticəsiz qalmışdı. Elə bu ilin may ayında Ərdoğanın ABŞ-a səfəri zamanı müzakirə edilən mövzulardan biri də ABŞ-ın Suriyada döyüşən kürdlərə silah verməsi məsələsi idi. İki ölkə arasında münasibətlərin korlanmasına da səbəb kimi əsasən ABŞ-ın Suriyada kürdlərə silah verməsi və FETÖ lideri Fətullah Gülənin ekstradisiya edilməməsi göstərilirdi. Ehtimal edilirdi ki, Tramp prezident seçildikdən sonra Obamanın xarici siyasətdə buraxdığı səhvləri təkrar etməyəcək. Türkiyə prezidentinin may ayında ABŞ-a səfər etməsi də bu ümidlə bağlı idi. Lakin prezidentlər arasında may görüşü istənilən effekti vermədi.
Bəs, ABŞ indi sözünü tutacaqmı? Qabil Hüseynlinin sözlərinə görə, bu dəfə Amerika sözünü tutmaq məcburiyyətində qalacaq: «Çünki bölgədə vəziyyət təhlükəli bir istiqamət alıb. Yəni kürdlər silahlanır, təşkilatlanır və demək olar ki, Suriyanın yeni-yeni ərazilərini ilhaq edirlər. Artıq onlar Suriyanın federallaşmasını da tələb etməyə başlayıblar. Özləri içərilərində dövlət atributlarını müzakirə edib, hətta onların bəzilərini yaratmağa başlayıblar. Bayraq var idi, gerb və himn üzərində isə iş gedir. Nəticə etibarilə söyləyə bilərik ki, eynilə İraqın şimalında Bərzaninin Səddam Hüseyn devrildikdən sonra etdiklərini, bunlar təkrarlamağa başlayıblar. Xaosdan, hakimiyyətsizlikdən və Suriyanın zəifliyindən istifadə edərək, dövlətçilik atributlarını yaradırlar. Bundan əlavə, onlar silahlı qüvvələr də formalaşdırırlar. Təsəvvür edin ki, Suriya kürdlərinin 60 min nəfərə yaxın silahlı üzvü var. Ən təhlükəlisi odur ki, PKK-da buraya ayaq açmağa başlayıb. Onsuz da PYD-nin silahlı qanadı olan YPG, PKK ilə daha öncədən əlaqə qurmuşdu. İndi isə bu əlaqələr daha da intensivləşməyə başlayıb. ABŞ da guya İŞİD-ə qarşı mübarizə aparmaları üçün oraya silah göndərir. Əslində isə silahlar lazım olduğundan bir neçə qat çoxdur. Oraya hətta zirehli texnika göndərilməsi barədə məlumatlar var. Bütün bunlar isə bölgəni çox təhlükəli bir məqama gətirib çıxarır. Tramp bu proseslərdə o qədər də yetkin adam olmasa da Amerika dövləti və onun Mərkəzi Kəşfiyyat İdarəsi bölgədə təhlükə mənbəyi yaratdıqlarının fərqində olmalıdırlar. Bilməlidirlər ki, bu gün onların YPG və PYD-yə verdiyi silahlar sabah hara istiqamətlənə bilər və bölgədə hansı qanlı toqquşmalar yaranar».
Politoloqunn sözlərinə görə, Amerika silah verən zaman dəfələrlə bildirib ki, İŞİD üzərində əməliyyatlar bitdikdən sonra onlar geri alınacaq: «Lakin hələ ki, geri almaq fikrində deyillər. Bir sözlə Suriya kürdləri, İraq kürdlərindən daha təhlükəli qüvvəyə çevrilməkdədir. Bu, təbii ki, ilk növbədə Türkiyənin milli təhlükəsizliyi üçün ciddi çətinliklər yaratmaqdadır. Kürdlər bu bölgədə Amerikanın silahlı bazasının yaradılması istiqamətində də faktiki cəhdlər ediblər. Türkiyə yanlışlıqla İncirlik Hərbi Hava bazasından təzyiq vasitəsi kimi istifadə etdikdən sonra Almaniya öz hərbi təyyarələrini və silahlı qüvvələrini oradan çıxardı. Amerika isə hazırda İncirliyə alternativ, Suriya ərazisində kürdlərin yaşadığı yerlərdə hərbi baza statuslu bir neçə təyyarə bazası tikməyə meyllidir. Artıq bu işin bünövrəsini də qoyublar. Bu məqsədlə də belə görünür ki, onların silahları yığışdırmaq fikirləri yoxdur. Heç yığışdıra da bilməyəcəklər. Silahların bir qismi artıq PKK-nın əlindədir. Türkiyə ərazisində əməliyyatlar zamanı öldürülən PKK-çılardan götürülən silahlar bunu sübut edir. Göründüyü kimi, bölgədə bir tənəffüs elan edilsə də, əslində yeni gərginlik üçün ciddi sürətdə hazırlıq gedir. Bu gərginliyin qarşısını siyasilər almalıdırlar. Onlar yol verdikləri səhvlərin üzərində düşünməli və bunları aradan qaldırmaq üçün təcili tədbirlər görməlidirlər. Əks təqdirdə, bölgə yenidən qanlı savaş meydanına çevriləcək. Artıq bunun ilk siqnalları da gəlir. Səudiyyə Ərəbistanı bir yandan, İsrail isə digər yandan hədələyir. Nə qədər qəribə görünsə də Səudiyyə Ərəbistanı ilə İsrailin səsi eyni mənbədən gəlir və eyni istiqamətə yönəlir. Digər tərəfdən isə Rusiya, Türkiyə və İranın «Üçlər ittifaqı»na bənzər ittifaq formalaşdırması nəticə etibarilə ona işlədi ki, Suriyada Rusiya təkbaşına söz sahibinə çevrildi. İran da müəyyən şeylər əldə edə bildi. Məsələn, İran Dəməşq ətrafında hərbi hava bazası yaradır və İsrail də bundan çox əndişələnir. Rusiya da həm Bəşər Əsədi qoruyub saxlayır, həm də orada hərbi bazalar yaradır. Bu ittifaq yaranmasında Türkiyə öncül rol oynasa da Türkiyənin nə qazandığını hələ ki, axtarıb tapa bilmirəm. Üstəlik, Türkiyə Amerika tərəfindən silahlandırılmış kürdlərin timsalında özünə yeni bir düşmən qazandı. Kürdlər də Amerikaya yaltaqlanaraq, yaşadıqları bölgələrdə İncirliyə alternativ olacaq Amerika hərbi bazasının bünövrəsinə qoyublar. Burada Amerikanın möhkəmlənməsi üçün şərait yaratmağa çalışırlar. Bir sözlə, bölgədə problemlər həll edilməyib və istənilən vaxt qarışıqlıq yarana bilər».
Əli RAİS