Vaxt.Az

Sufilər kimdir...


 

... və İŞİD onları niyə hədəfə alır?

Sufilər kimdir... Sufilər də müsəlmandırlar, sadəcə, deyirlər ki, Allahı öz içlərində axtarırlar. İslam dünyasında poeziyanın ən gözəl nümunələrini yaradanlar arasında çoxlu sufi şairlər olub.«New York Times» yazır ki, son illər sufilər təməlçilərin davamlı hücumlarına məruz qalırlar.

Cümə günü Misirdə sufi məscidində törədilən terror aktında 230-dan çox adam ölüb.

Bu, Misirin müasir tarixində ən qanlı terror aktıdır.

Son bir ildə Pakistanda da sufilərin ziyarətgahlarına hücumlar olub.

Bu hücumları sünni ekstremistlər törədib.

(Sufilərin çoxu sünnidir, yalnız az bir qismi şiədir).

Həm də təsəvvüf kimi tanınan sufilik bəzən səhvən İslamdakı təriqətlərdən biri kimi başa düşülür.

Sufilər düşünür ki, Allaha tapınma yalnız ayinlərlə, namazla, orucla, Həcclə məhdudlaşmamalıdır. İnsan daim öz daxilini saflaşdırmağa, nəfsini boğmağa, dünyanın nemətlərinə aludə olmamağa çalışmalı, özünü ruhən Tanrıya qovuşmağa hazırlamalıdır.

12-ci əsrdən başlayaraq sufilik Şərq dünyasında daha geniş yayılıb.

Onun coğrafiyası genişdir - Şimali Afrikadan Çinəcən. Sufilik həmin bölgələrdəki xalqların mədəniyyəti ilə çulğaşıb.

Miçiqan Universitetində İslam araşdırmaları ilə məşğul olan professor Aleksandr Kniş (Alexander D. Knysh) deyir ki, sufilik çox geniş, amorf bir hərəkatdır. Həm sünnilər, həm də şiələr arasında.

Müasir dövrdə sufilik hər cür radikallıqdan, zorakılıqdan imtina edən sülhpərvər bir düşüncə tərzidir.

Onu mötədil İslama ən bariz nümunə sayırlar.

Radikal islamçılar isə sufilər kafir, onların adətlərini, mərasimlərini isə İslama zidd hesab edirlər.

Bu ilin fevralında «İslam dövləti» qruplaşması Pakistanda sufi filosofun məqbərəsinə hücum edib ora toplaşmış 80 nəfəri qətlə yetirmişdi.

Radikal islamçılar hesab edirlər ki, məqbərələrə toplaşmaq, pirlərə, ziyarətgahlara gedib ayinlər icra etmək Allaha şərik qoşmaqdır.

İslamda müqəddəslərə pərəstiş anlayışı yoxdur, o cümlədən Məhəmməd peyğəmbərin qəbrinə.

Həm «İslam dövləti», həm də Əl-Qaidə qruplaşması süfiləri qəbul etməsələr də, bir məsələdə mübahisə edirlər.

Ziyarətgahlarla, pirlərlə mübarizə kimi işlərə baş qoşmaq, yoxsa ABŞ, Avropa ölkələri kimi «böyük hədəflərə» köklənmək.

İraq müharibəsinin əvvəllərində «İraq-Şam İslam Dövləti»nin (İŞİD) sələfləri olmuş təşkilatlar məzhəb davası salmaq üçün şiələrin ziyarətgahlarını dağıdanda Əl-Qaidənin rəhbəri Abu Musab al-Zarqavi, bunu tənqid etmişdi.

2012-ci ildə isə Əl-Qaidə ilə bağlı yaraqlılar Malidə sufi ziyarətgahlarını dağıtmışdılar. Amma sonradan məlum olmuşdu ki, onlar bunu Əl-Qaidədən icazə almadan ediblər.

Sufi şeyxləri hökumətlərin zorakılıq yoluyla devrilməsini qəbul etmirlər. Təməlçilərsə buna görə onları passivlikdə ittiham edib onların düşüncə tərzini «zülmkar hökumətlərlə əlbir olmağa» bərabər sayırlar.

 





27.11.2017    çap et  çap et