Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səfiri Dmitro Kuleba deyib: «Biz son dərəcə narahatıq. İndi bu məsələ Ukraynanın da maraqlarından uzağa gedir. Avropa Şurasını Rusiyanın şantajından və onu Rusiyaya əyilməkədən qorumaq indi bütün regonun marağındadır».
Kulebanın bu şərhindən əvvəl «Financial Times» (FT) qəzeti noyabrın 26-da yazmışdı ki, Moskva 2014-cü ildə Krımın ilhaqına cavab olaraq onun AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə etiraz bildirir və bu hüququn bərpa olunmasını tələb edir. Qəzet bunu da yazırdı ki, Avropa Şurasının baş katibi Rusiya nümayəndə heyətinin səs hüququnun bərpa olunması üçün lobbiçilik edir.
FT-nin məqaləsində deyilirdi ki, baş katib Torbörn Yaqland (Thorbjorn Jagland) Avropa paytaxtlarına səfərlər edərək Rusiyanın 47 üzvlük Avropa Şurasından, Avropa İnsan Haqları Konvensiyasından və Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxa biləcəyi barədə xəbərdarlıqlar edir.
FT-nin yazdığına görə Yaqland demişdi ki, Rusiyanın konvensiyadan çıxması Rusiya vətəndaşları üçün çox pis olardı. Yaqland bunun Avropa üçün də pis olacağını demişdi.
Yaqlandın müsahibəsi Kiyevdə əsl hiddətə səbəb olub. Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Volodimir Ariyev «Facebook» postunda Yaqlandı Stokholm sindromundan əzab çəkməkdə ittiham edib. Başqa sözlərlə, Ariyevin fikrincə Yaqland Rusiya maraqlarının girovuna çevrilib.
Lakin Rusiyanın Avropa Şurasından, AŞPA-dan və Avropa Məhkəməsindən çıxmasının doğrudan da neqativ hadisə olacağı fikri ilə razılaşanlar da var. Belə ki, Avropa İnsan Haqları Məhkəməsindəki işlərin üçdə biri Rusiya ilə bağlıdır.
«Human Rights Watch» beynəlxalq insan haqları təşkilatının Moskva nümayəndəsi Tanya Lokşina FT-yə deyib ki, AİHM indiyədək rusiyalıların hüquqlarının qorunmasında ən uğurlu beynəlxalq mexanizm olub.
Rusiya öz nümayəndə heyətinin səs hüququnun bərpa olunmasını aylardır ki, tələb edir və «Reuters»in yazdığına görə Avropa Şurasına üzvlük haqlarının ödənməsini dayandırıb.
«The Independent» qəzeti Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən yazıb ki, bu addıma səbəblərdən biri də onun AŞPA nümayəndə heyətinin «təqib» edilməsidir.
Rusiyanın AŞPA-dakı səs hüququnun bərpa olunması tələbləri yanvar ayında Avropanın yeni insan haqları komissarının seçilməsi ərəfəsinə təsadüf edir. Moskva bildirib ki, onun AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmasa, yeni seçilmiş komissarı tanımayacaq.
Bu da qeyd olunur ki, Rusiya nümayəndə heyətinin səsvermə hüququnun bərpası Rusiyada prezident seçkisi ərəfəsində Putinin növbəti qələbəsi kimi qiymətləndirilə bilər.
Kuleba bildirib ki, əgər Rusiyanın səs hüququ ona qaytarılsa, Ukrayna Avropa Şurasından çıxmayacaq, amma «bizim nümayəndə heyətimiz AŞPA-dan çıxmaq məsələsini çox ciddi şəkildə nəzərdən keçirəcək».
O bildirib ki, Ukrayna hökuməti reaksiya olaraq öz öhdəliklərindən imtina etməyəcək, amma «xoş məram və tövsiyələrə əsaslanan bütün əməkdaşlıq növlərinə yenidən baxacaq».
Kuleba deyib: «Ukrayananın, onun Rusiya tərəfindən işğal olunmuş ərazilərində insan haqlarının müdafiəsi və islahatlarda ona kömək üçün güclü Avropa Şurasına ehtiyacı var. Əgər Rusiyaya heç bir bədəl ödəmədən AŞPA-ya qayıtmaq imkanı verilsə, Avropa Şurası zəifləyəcək və Ukrayna üçün mötəbərliyini itirəcək».
Kuleba bildirib ki, Ukraynanın hesabına Rusiya ilə sülhə getmək olmaz.