Vaxt.Az
Mirşahin ANS-in 21 yaşından danışdı
«Biz işimizi yaxşı bilirik, kiminsə istədiyini yox, baş verənləri göstəririk»
Noyabrın 26-sı Azərbaycanın, eyni zamanda keçmiş SSRİ məkanının ilk müstəqil telekanalı olan ANS-in 21 yaşı oldu. ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev anspress.com saytına müsahibəsində telekanalın yaranma tarixi, keçdiyi yol, problem və uğurlar barədə danışıb.
rnMirşahin deyib ki, əslində ANS SSRİ-nin ilk müstəqil televiziyası idi.Buna görə də onu tamaşaçıların necə qəbul edəcəyi həm onu yaradanlar, həm də tamaşaçılar üçün böyük sual olub: «ANS həmişə efirdə bir şeyi eşidib, tamam başqa bir həyat yaşayan tamaşaçıya onun əsl gününü, real güzəranını göstərəcəkdi! Tamaşaçı ütülü-kraxmallı diktor televiziyasını atıb heç vaxt görmədiyi, özgə bir informasiya mənzərəsi təqdim edən naməlum bir baxış bucağını tutacaqdı! Bəlli deyildi... Reklam bazarı yox, kanal hələ nə olduğunu və nə olacağını göstərməyib. Bir kameramız var, onunla da Vahid həftənin bir-iki gününü toy çəkib əldə etdiyi pula Qarabağa ezamiyyətlərimizi maliyyələşdirirdi. ANS-in bir eksklüziv keyfiyyəti də budur ki, o, müharibədən yaranıb. Onun əsas fəaliyyəti bir teleagentlik kimi dünyanın əsas informasiya qurumlarını Azərbaycanda gedən proseslərlə bağlı məlumatlarla təmin etmək idi. Çətinliklərin öhdəsindən isə yəqin ona görə gələ bildik ki, bunu ilk növbədə Allah istəyirdi və istəyir. Yoxsa Azərbaycan kimi mürəkkəb ölkədə çoxdan tarixin bir ucqarına atılmışdıq...»
M.Ağayev Vahid və Seyfulla Mustafayev qardaşları ilə birgə televiziya açmaq qərarına gələndə heç bir romantikaya qapılmadıqlarını deyib: «Əsas məqsədimiz bəlkə də indi anlaşılan tərzdə televiziya yaratmaq deyildi; xəbər vermək, cəbhədən son məlumatları çatdırmaq idi, tamaşaçıların həqiqətə olan aclığını aradan qaldırmaq idi və bununla da məşğul olurduq. Biz xəbəri camaata çatdırmaq üçün yol axtarırdıq. Ən çox oxunan qəzet belə (o vaxt hamımız Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan «Azərbaycan" qəzetində çalışırdıq. Bu, ən populyar mətbuat vasitəsi idi) sürət və vüsətinə görə televiziyaya uduzurdu. Ona görə də televiziya ideyası yarandı. Bu ideyanı Vahid irəli sürəndə onun həyata keçəcəyinə hətta mən özüm də çətinliklə inanırdım. Çünki kooperativ təşkilatlar, müstəqil qəzetlər görən cəmiyyətimiz müstəqil televiziya barədə hər hansı təəssürata sahib deyildi. Qarmaqarışıqlıq isə müəyyən mənada işimizə yaradı. Azadlıq hərəkatının yaratdığı fon bizə işlədi. ANS 1992-ci il, martın 9-da qeydiyyatdan keçəndə artıq prezident hakimiyyətdən kənarlaşdırılmışdı, onu əvəz edən qüvvələr isə kimisə təslim etməkdə, kimisə təhvil verməkdə idilər. O basabasda kimin ağlına gələrdi ki, televiziya, özü də müstəqil televiziya yarana bilər?! »
Vitse-prezident ANS-in keçmiş dönəmləri ilə indikini müqayisə edib. M.Ağayevin dediyinə görə, indi telekanal daha peşəkar olub: «Təcrübəsiz vaxtlarımızda olduğu kimi hadisə yaratmırıq. Olanı, baş verəni göstəririk. Ola bilsin ki, tamaşaçılarımız arasında böyüməyən, elə 1991-ci ildə ilişib qalan, siyasətçilərin peşəsini ANS-in yerinə yetirəcəyini düşünənlər var. Ola bilsin, amma bizi bağışlasınlar. Əzizlərimiz! Biz mumiyalanmamışıq və zaman bizdən yan keçməyib. Biz öz işimizi yaxşı bilirik. Bizi öyrətmək lazım deyil. ANS kiminsə istədiyini yox, baş verənləri göstərir. Təəssüf ki, baş verənlərin içində heç də həmişə hər şey hamının istədiyi kimi olmur. Qınamaq da lazım deyil. ANS-in milyonlarla tamaşaçısı var. Bu tamaşaçıların hər birinin öz dünyagörüşü, zövqü var və biz eyni zamanda milyonlarla fərdin hər birinin ayrı-ayrılıqda xoşuna gələ bilmərik. Eybəcər bir şey alınar sonda».
M.Ağayev onu da deyib ki, ANS hələ də öz adı ilə işini görərək Azərbaycana xidmət göstərir. Vitse-prezidentin sözlərinə görə, ANS-dən yox, ANS-in efirində görünən hadisələrdən öyrənmək lazımdır: «Belə daha doğru olar, necə ki, ANS özü də hər gün öyrənir. Hər iş dəqiqəsi, hər iş saatı öyrənir. Jurnalistikamızın səviyyəsi məni, əlbəttə, qane etmir. Amma mən buna görə kimisə günahlandırmıram. Bu jurnalistikanın yaranmasında mən də iştirak etmişəm və edirəm. Deməli, mənim öz fəaliyyətim də hansısa məqamda məni qane etmir. İşləmək lazımdır, gərgin işləmək. Azərbaycan elə ölkə deyil ki, onun vətəndaşları 8-9 saatlıq iş rejimi ilə kifayətlənsin».
Sonda biz də «Yeni Müsavat» olaraq həmkarlarımızı ad günləri münasibətilə təbrik edir, şüarlarında dedikləri kimi, dəqiq, qərəzsiz və vicdanlı fəaliyyət arzulayırıq.
03.01.2013 çap et