«BMJ Open» elmi dərgisində dərc olunmuş müvafiq araşdırma 18-34 yaşlarında 21 ölkəni təmsil edən 30 min respondentin sorğusuna əsaslanır.
Pivə, şərab və sərt spirtli içki içənlər onların müxtəlif təsirə malik olduğunu etiraf ediblər.
Az həcmdə alkoqol vaxtı xoş keçirməyə kömək edə bilər. Lakin alimlər diqqəti spirtli içkilərə aludəçiliyin təhlükəsinə yönəltmək istəyirlər.
Vaxt keçdikcə içkiyə alışan insanlar onun doğurduğu pozitiv emosiyaları təkrar yaşamaq üçün içkinin həcmlərini tədricən artırmağa meyl göstərə bilər.
Araşdırmanın nəticələrini şərh edən Uels səhiyyə xidmətinin nümayəndəsi hesab edir ki, tədqiqat əhval-ruhiyyənin dəyişməsini qeyd edir.
Mark Bellisin (Marc Bellis) sözlərinə görə, alkoqolun hansı şəraitdə içilməsinin də əhəmiyyəti var.
«Gənc adamlar adətən öz evlərindəki qonaqlıq və ziyafətdə şəraba üstünlük verir, sərt içkilər isə evdən kənarda içilir».
Səhiyyə rəsmisinin sözlərinə görə, alkoqollu içkilərin müxtəlif növləri fərqli şəkildə reklam olunur və insanların seçimi də buna əsaslanır. Hərçənd ki, insanlar gözlədiyi təsirdən fərqlənən nəticə ala bilər.
«İnsanlar bəzən içkini özünə əminliyi artırmaq və daha rahat hiss etmək üçün içir. Amma içki onların gözlədiyindən fərqli təsir də verə bilər».
Tədqiqat insanların müəyyən spirtli içkiyə niyə üstünlük verdiyini və həmin içkidən hansı təsirin gözlənildiyini izah edir, «Drinkaware» təşkilatından Con Larsen (John Larsen) bildirir.
Londondakı «King's College» Universitetinin alimlərinə əsasən alkoqola aludə olanlar arasında içkinin müsbət emosional təsiri ilə bağlı gözləntilər daha çox yayılıb.