Vaxt.Az

«1-2 nəfəri çıxmaq şərtilə...»


 

Samir Abbasov: «Bunların hamısı azərbaycanlı məşqçilərin başında çatlayır»

«1-2 nəfəri çıxmaq şərtilə...» «Sumqayıt»ın kapitanı Samir Abbasovun futbolinfo.az saytına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

- Komandanın qış toplanışı haqda nə deyə bilərsiz?

- Toplanış normal keçdi. Digər klublara baxanda biz kənara gedə bilmədik. 10 günlük toplanışımız oldu. Məşqlər hamısı qaydasında gedirdi. Demək olar ki, əsl toplanış oldu. Yoxlama oyunları ilə də bağlı fərqlər vardı. Rəqiblərimiz Türkiyədə hansısa güclü klubla oynayırdısa, biz elitadan yalnız AZAL-la qarşılaşa bildik. Ümumiyyətlə deyə bilərəm ki, 1-2 nəfəri çıxmaq şərtilə, hamı tam hazırdı.

 

- Sizcə, komandanın xarici ölkədə toplanış keçməməsi və güclü komandalarla qarşılaşmaması qarşıdakı oyunlarda çıxışınıza necə təsir edəcək?

 - Açığını deyim, bunun çox xeyri var. Bu, hamımıza xeyirdi. O qədər komandalar olur ki, bunu özün seçirsən. Burada isə rəhbərlik əziyyət çəkir. Çünki, komanda olmur, rəqib seçməkdə, yeniləri yoxlamaqda çətinlik çəkirsən. Amma məşqlərə gəldikdə, istər Antalya olsun, istər Bakı, hamısı eyni olur. Yalnız yoxlama görüşlərində fərq olur. Biri var zəif komandalara qarşı oynayırsan, biri də var qüvvəni güclülərlə yoxlayırsan. Qarşıdan «Qəbələ» ilə oyun gəlir. Onlar da güclü komandadı. Ancaq yenə deyirəm, istər Amerikada, istərsə də Azərbaycanda məşq et. Məşqlər eyni olacaq.

 

- Yeni transferlər komandaya nə dərəcədə kömək edə biləcək?

 - İnanıram ki, kömək edəcəklər. Xüsusilə Rəhman Hacıyevi, Tərzin Cahangirovu, bir də Uğur Pamuku qeyd etmək istəyərdim. Düzdü, Uğur tam hazır deyil. Çünki o, düşərgəyə bir az gec qoşuldu. Amma dediyim uşaqlar çox yaxşı futbolçulardı.

 

- «Sumqayıt» icarə əsasında futbolçu gətirir. Düşünmürsüz ki, komandaya daimi futbolçu almaq lazımdı... 

- Əvvəlki illərə baxanda artıq icarə əsasında gələnlər azalır. Rəhbərlik oyunçu gətirəndə onun icarədə olub-olmamasına baxır. Mən bildiyimə görə, artıq bu cür oyunçularla maraqlanmırlar. Lakin vacib futbolçu olduqda icarə əsasında götürürlər. Belə şeylərə fikir verirlər. Ötən il təxminən 9-10 icarə əsasında oynayan futbolçumuz var idisə, indi 2-3 nəfərdi.

- «Sumqayıt» Aqil Məmmədovla heç bir nəticə qazana bilmir. İndi də elitadan getmək təhlükəsi var... 

- Nəzərinizə çatdırım ki, biz Aqil Məmmədovsuz oynayanda 5-6-cı yerləri tutmamışıq. 10, 12, 13-cü pillələrdə olmuşuq. Aqil müəllim gələndən sonra çempionat 10 komandadan ibarət oldu. Hələlik 10-cu yerdəyik. Burada da onun günahı yoxdu. Uşaqlar bu cür oynayırsa, Məmmədov nə edə bilər? Yenə deyirəm, əvvəllər 5-6-cı pillələri tutmamışıq ki, indi deyək belədi. Ancaq indi oyun üslubunda dəyişiklik var, daha yaxşı oynayırıq. İnşallah, bu il Məmmədovun başçılığı ilə komanda özünü göstərəcək. Azərbaycanda vərdiş ediblər ki, 3 aydan bir məşqçi dəyişilsin. Nə olursa, hamısı azərbaycanlı məşqçilərin başında çatlayır. İlin sonunda Məmmədovun işini görəcəyik. Aqil müəllim nə etməlidir ki, hər 6 aydan bir komandanın 6-7 əsas oyunçusu gedir? Hələ sağ ol desinlər ki, Aqil Məmmədov qalıb, işləyir.

 

- Qeyd etdiz ki, Aqil Məmmədov normal məşqçidi və qalıb işləməlidi, amma... (sözümü kəsir) 

- Aqil müəllim sonuncu yerdə gedən komandaya gəlib. İkincisi də axırda gedən komandanın məşqçisidirsə, onu 3 aydan sonra göndərməli deyillər ki. Bu, düzgün deyil. Bəlkə bir komandanın, məşqçinin planı var? Hər məşqçinin öz planı, fəlsəfəsi var. Çünki o öz planlarını həyata keçirə bilmir. Əgər biz «Neftçi»dən və digər komandalardan danışsaq, mən sizinlə razı olardım. Çünki bu komandaların rəhbərliyi bilir ki, nə var, nə yox. Əgər Aqil müəllim lider komandanı bu pilləyə salsa, o zaman hə, siz dediyiniz ola bilərdi. Amma məşqçilərə dəstək olmaq, şans vermək lazımdı.

- Problem Məmmədovda deyilsə, bəs «Sumqayıt»ın sonuncu pillədə olmasının səbəbi nədi? 

- Sən məşqçisən, komandanı cavanlardan qurursan, planlarını həyata keçirməyə hazırlaşırsan. 6 aydan sonra bu futbolçuların yarısı çıxır gedir. İndi gəl yenidən komanda yarat. Guya xaricdən məşqçi gəlsə, nə edəcək? O da deyəcək ki, mən 1-2 il işləməliyəm ki, nəsə edim. İndi Aqil müəllimə çox çətindi. Yenə təzə oyunçularla işləyəcək. Hansısa məşqçi bunu edə bilərdi? Məncə, onlar heç yaxın da durmazdı.

- Qeyd etdiniz ki, «Qəbələ» güclü komandadı. İlk rəqibiniz də «Qəbələ»di. Amma siz meydanda olmayacaqsız...

 - Fasilə zamanı 1-2 oyunu uşaqlar mənsiz oynadı, artıq buna hazırdılar. Mən olmayacam, Aleksandr Çertoqanov qayıdıb. Düzdü, nə dərəcədə hazır olduğunu deyə bilmərəm. Saşa «Sumqayıt»a kömək etmək üçün gəlib, pula görə yox. «Sumqayıt»da nə pul var ki?! Bu da Aqil Məmmədovun üstünlüyüdür. Birinci oyun həmişə ev komandası üçün asan keçir. Çünki meydanda öz gücünü hiss edirsən. Biri var bir neçə turdan sonra oynayasan, biri də var istirahət edirsən, hazırlaşırsan və ilk oyunu evdə keçirirsən. Ruh düşkünlüyü yoxdu, bu da bizim lehimizədi.

 

- Yoxluğunuzda kapitanlığı kimə layiq görürsüz? 

- Çertoqanovu layiq görərdim. O kimin üçünsə gəlmə sayılırsa, mənim üçün azərbaycanlıdı. İnşallah, məndən sonra da kapitanlığı ona verərlər. O, bu işi yaxşı bacarar.

- 2 gündən sonra 36 yaşınız tamam olur. Bu futbolçu üçün az yaş deyil. Karyeranızı bitirməyi düşünürsüz?

- Bəli, az yox, bu çox şey deməkdi. Üstəlik anadangəlmə qüsuru olan biri üçün. Bu ilin sonunda karyeramı başa vurmağı düşünürəm. Demirəm bitirəcəm, amma düşünürəm.

- Martda millinin toplanışı ilə əlaqədar Premyer Liqada təqvim dəyişikliyi edildi. Sizcə, bu düzgün addım idi? 

- Mən olan dövrdə milli yanvarda yığılırdı. İndi bilmədim nəyə görə olmadı. Amma axır-əvvəl bunlar da yığışmalıdır. Ümumiyyətlə 3-4 gün qalmış milliyə oyunçu göndərmək lazım deyil. Martda təyin olunubsa, deməli olmalıdır. Onsuz da bu fasilələrə vərdiş etmişik.

 





03.02.2014    çap et  çap et