Milli Şura bəyan edib ki, Mehman Əliyevə gələn müəmmalı zəngdən sonra onunla edilən telefon söhbəti dinlənilib, qeydə alınıb və səs yazısı anonim şəkildə KİV-lərə paylanılıb. Daha sonra bu söhbət Qərb ölkələrinin köməyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaratmaq planının qurulması kimi qələmə verilib.
«Halbuki, səs yazısına qulaq asanlar da görürlər ki, söhbətdə Mehman Əliyev tərəfindən qanuna və mənəviyyata zidd heç bir fikir səsləndirilməyib. Mehman Əliyev mətbuata açıqlamasında bu zəngin ona şübhəli göründüyünü və söhbəti davam etdirməkdən imtina etdiyini də açıqlayıb. Bəlli olur ki, cəmiyyətdə böyük nüfuz və etimad sahibi olan bir şəxsi gözdən salmaq üçün təxribat planlaşdırılıb, lakin düşünülmüş plan uğursuzluqla başa çatıb və daha sonra bundan ləkələmə cəhdi kimi istifadə edilib. Halbuki vətəndaşların telefon danışıqlarını dinləmək, yazmaq və yaymaq qanunsuz bir əməldir və dövlət bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır».
Milli Şura bildirib ki, Mehman Əliyev
uzun illər sabit və güzəştsiz demokratik mövqeyi ilə seçilən bir ictimai
xadimdir. Onun peşəkar və müstəqil jurnalist mövqeyi isə cəmiyyətdə örnək kimi
göstərilir.
«İctimaiyyətin ən fərqli təbəqələrində çox böyük etimada və nüfuza sahibdir.
Həmçinin Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür və qurumun rəhbərliyində
təmsil olunur. Biz hesab edirik ki, bu amillər antidemokratik hakimiyyəti
narahat edir və Mehman Əliyevə qarşı qaralama kampaniyasının səbəbi də
bunlardır».
Milli Şura Mehman Əliyevə qarşı təxribatı və böhtan kampaniyasını pisləyir, ona qarşı qanunsuz addımları dayandırmağı tələb edir.