Vaxt.Az

«Kərim sən onların girovuna çevrildin»


 

İranlı güləşçinin «uduzmağa» məcbur edilməsi sosial mediada narazılıqla qarşılanıb

«Kərim sən onların girovuna çevrildin» Sərbəst güləş üzrə Polşada keçirilən U-23 Dünya çempionatında, güman edildiyinə görə, iranlı güləşçi israilli rəqibi ilə görüşməmək üçün bilərəkdən uduzub. Hadisə sosial mediada iranlı istifadəçilərin diqqətini çəkib.

Əlirza Kərimi Məhiəni rusiyalı rəqibi Əlixan Cəbrayılova qarşı 3-2 hesabı ilə irəlidə olduğu vaxt, onun məşqçisi fasilə götürüb.

Sosial mediada paylaşılan videoda məşqçinin Əlirzaya «uduz» qışqırdığı eşidilir.

Məşqçinin götürdüyü fasilədən sonra Əlirza Kərimi rəqibinə 3-14 hesabı ilə məğlub olur və onun israilli idmançı Uri Kalashnikovla görüşməyə ehtiyac qalmır.

İran İsraili tanımır və öz idmançılarına beynəlxalq yarışlarda israillilərlə birgə çıxış etməyi qadağan edir.

Əlirza Kəriminin bilərəkdən uduzmasını iranlı istifadəçilər narazılıqla qarşılayıb.

Paylaşılan matç epizodlarının videolarından birində güləşçinin məşqçisinin dediyi güman olunan sözlər eşidilir: «Əlirza, uduz».

Bundan sonra məşqçi fasilə götürür, fasilədən sonra isə iranlı güləşçi 3-14 hesabı ilə uduzur.

Bu nəticə ilə bağlı «Twitter»də : #uduz_əlirza, #sənə_deyirəm_uduz və #sən_uduzmalısan həştəqləri ilə 5000 şərh paylaşılıb.

«Mənə elə gəlir ki, Əlirza Kəriminin məşqçisi qəsdən olaraq «Əlirza uduz», «uduzmaq lazımdır», «sən uduzmalısan» qışqırıb».

«Bu məğlubiyyətin arxasında rəzil insanlar durur. Rəzil insanlar və rəzil siyasət sənin zəhmətinin puça çaxmasına səbəb olub», - «Twitter»də @persianhuman adlı istifadəçi yazıb.

İlk dəfə deyil ki, regional siyasət idmanla toqquşur: 2016 Olimpiya Oyunlarında Livan idmançıları İsrail komandası ilə bir avtobusa minməkdən imtina etmişdir.

Rio Oyunlarında, Misir idmançısı İslam əş-Şəhabi israilli rəqibi Os Sassonun əlini sıxmaqdan imtina etdikdə fitə tutulmuşdu.

Lakin bu ilin avqustunda qadağaya məhəl qoymayan, iranlı futbolçular Yunanıstan komandası tərkibində İsrail komandalarına qarşı oyunlarda iştirak etmişdilər.

U-23 Dünya çempionatında məğlubiyyətdən sonra 2015-ci ilin Dünya çempionatının bürünc medalçısı olan Kərimi-Məhiəni videonu paylaşıb: həmin videoda o, axşamçağı şəhərdə gəzir, İranlı müğənni Dəryuş İqbalın «Son qalamız sükut: haqqımızı ala bilməzlər» nəğməsini dinləyir.

Onun bu postuna 6 mindən çox adam şərh yazıb.

Şərhlərin əksəriyyətində dəstək bildirilir, lakin bəzi istifadəçilər güləşçini bilərəkdən uduzduğuna görə mübarizə etməməkdə günahlandırır.

«Mən bu klipə və çempionumuza qarşı ədalətsizliyə görə çox kədərliyəm», - @davod.ahmadi23 yazıb.

«Sən yanlışlıq etdin, Kərim. Sən sakitcə uduzdun. Məğlubiyyəti qəbul etdin. Sən onların girovuna çevrildin», - @gh_shahraki qeyd edib.

İranlı güləşçi rusiyalıya uduzandan sonra, onun rəqibi israilli güləşçi Uri Kalaşnikovu 10-0 hesabı ilə məğlub edib və şənbə günü finalda qalib gələrək qızıl medal qazanıb.

İsrailli güləşçi isə bürünc medala layiq görülüb.

 





30.11.2017    çap et  çap et