Vaxt.Az

«Yalandır, böhtandır»


 

Ərdoğan Kılıçdaroğlunun «sənədli ittihamlarını» da rədd etdi

«Yalandır, böhtandır» Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, ana müxalifətin lideri Kamal Kılıçdaroğlu tərəfindən ünvanına irəli sürülmüş ittihamları rədd edib.

Xatırladaq, K.Kılıçdaroqlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın övladları və yaxın qohumlarının xaricdəki bank hesablarına pul göndərmələri ilə bağlı ortaya atdığı iddianı sübut etmək üçün dünən birbaşa efirdə sənədlər göstərib. Belə ki, CHP sədri partiyasının qrup iclasında çıxış edərək iddia edilən pul köçürmələri üzrə SWİFT sənədlərinin əlində olduğunu deyib: «2011-ci il avqustun 1-də Men adlı ada dövlətində «Belvev Limited» şirkəti qurulub. Hәmin şirkətin qurulması ilə bağlı sənəd də bizdədir. Bu şirkət 1-2 avqust tarixlərində İdarə Heyətinin iclasını keçirib. İdarə Heyəti Sıtkı Ayan adlı bir şəxslə formalaşıb. Şirkətin dəyəri 1 funt-sterlinq olub. Şirkətin ona aid olduğuna dair Türkiyədə və Men adasında qeydiyyatlar var. Bu şəxs şirkəti 2011-ci il noyabrın 15-də Qasım Öztaşa təhvil verib».

CHP sədri hər iki şəxsin Türkiyədə qaldıqları ünvanları söyləyərək əlavə edib ki, həmin şirkətin bütün qeydiyyatları üzə çıxarılıb. O, diqqətə çatdırıb ki, iddia etdiyi pul köçürmələri həmin şirkətə edilib: «Bütün bu pulların SWİFT mesajları əlimizdədir. Xaricə dollar göndərəndə bu mesaj vasitəsilə göndərilir. Bu məni qane etməz dedim. Bankların qəbzlərini istədim. Pulun göndərildiyi qəbzləri. Bunların hamısı bankların rəsmi qeydiyyatında var. O şirkətlərin də qeydiyyatlarında mövcuddur. Mən iddiamı sübut etdim».

Virtualaz.org-un Türkiyə KİV-inə istinadən məlumatına görə, Ərdoğan isə Kılıçdaroğlunu böhtanda ittiham edib və bildirib ki, o heç bir əsl sübut təqdim edə bilməyib.

«O deyirdi ki, mənim xaricdə hansısa şirkətlərdə milyonlarla dollar pulum var, hansısa kağızları göstərir və onları bank hesabı adlandırırdı, amma bu kağızları jurnalistlərə və prokurorlara təqdim etmədi. Onlar nə kağızlardır, bunu yalnız Kılıçdaroğlu özü və onları ona verənlər bilir.

Bir vaxt o hamıya danışırdı ki, mənim İsveçrədə hesablarım var. Nə vaxt ki, mən sübutları təqdim etməyi tələb etdim, o növbəti dəfə biabır olub onları təqdim edə bilmədi. Və bu dəfə tarix təkrarlandı. Sübut et ki, mənim xaricdə pulum var və mən istefaya gedəcəyəm, siyasətdən həmişəlik gedəcəyəm», - Ərdoğan qeyd edib.

Ərdoğan hesab edir ki, Kılıçdaroğlu onun şəxsi partiyası üçün də problem olub. Və Türkiyə liderinin fikrincə, K.Kılıçdaroğlu özü siyasətdən getməlidir: «Bu ölkə belə böhtançı-siyasətçilərdən yorulub».

Ərdoğan, həmçinin Türkiyə prezidentinin yeni iqamətgahının tikintisi haqda K.Kılıçdaroğlunun səs-küylü bəyanatını xatırladıb: «Kılıçdaroğlu bütün ölkəyə bildirdi ki, iqamətgahda qızıl unitazlar qoyulub. O yalan danışırdı, biz bunu sübut etdik, ancaq o üzr istəməyi lazımlı saymadı. Qızıl unitazlardan necə belə vicdansızcasına yalan danışmaq olardı? Əgər sənə tualetə getmək lazımdırsa, onda mən səni saraya dəvət edəcəyəm və sən görəcəksən ki, orada nə qədər qızıl unitazlar var», - Türkiyə prezidenti vurğulayıb.

 





30.11.2017    çap et  çap et