«Neftçi» ilə dünənki oyun problemləri çılpaqlığı ilə göz önünə sərdi. Tərlan Əhmədovun oyundan yox, nəticədən razı qalması təsadüfi deyil. Çünki meydan sahibləri yaxşı oynamadan qalib gəldi. Adrian Skarlatake, Denis Silva və daha 1-2 oyunçu az qala «Neftçi»ni xal itkisinə məruz qoyacaqdı. «Keşlə» komanda olaraq mübarizə aparsaydı, bəlkə də indi fərqli nəticədən danışırdıq.
Ramiz Məmmədov baş məşqçi postuna gələni hər oyun eksperiment edir. «Sumqayıt»da start heyətinə uğursuz dəyişiklik etdi və Sinan Akkoyun məğlubiyyətin səbəbkarı oldu; «Zirə» ilə görüşdə meydandakı düzülüşü dəyişdi, nizamı pozulan komanda asanca təslim oldu; «Neftçi» ilə matçda isə müdafiə blokunu dağıdıb, Skarlatakeni yarımmüdafiəçi kimi oynatdı, bu da 1:3-lə yekunlaşdı.
İnsaf naminə, «Zirə» ilə matçdan başlayaraq 4 müdafiəçili sistemə qayıdışı doğru addım saymaq olar. «Keşlə» məhz orta sahədə üstünlüyü ələ almaqla həmin görüşdə nisbətən yaxşı oynadı. «Neftçi» ilə qarşılaşmadakı yenilgi isə birbaşa heyət yetərsizliyi ucbatından reallaşdı. Bəzi mövqelərə oyunçu çatışmazlığı bir yana, aparıcı futbolçuların bilərəkdən oynamaq istəməməsi nəticəni müəyyənləşdirdi.
Məmmədovun mətbuat konfransında dediklərinə diqqət edək: «Bu komandada olan uşaqların yarıdan çoxu potensialından aşağı çıxış edir. Nizami Hacıyevin zədəli olduğunu bilirdik. Amma bu komandanın təcrübəli futbolçuya ehtiyacı var. Özü də yaxınlaşıb dedi ki, «Keşlə»dən gedəsi olsam da, bu komandaya kömək etmək istəyirəm. Sonra yorulduğunu görüb əvəzlədim. Futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini başqa yerdə axtarmaq lazımdı. Mən bunu burda açıqlayası olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdur».
Zənnimcə, «Neftçi» – «Keşlə» oyununu analiz etməkdənsə, şərh yazmaqdansa, nəticəni müəyyənləşdirən faktorları elə bu açıqlamada axtarmaq lazımdı. Məmmədov kimi «belə işlərdə» təcrübəli birinin bunu gözdən qaçırması mümkünsüzdü – o, hansı oyunçunun niyə zəif oynadığını, məhz bu qarşılaşmada zəif çıxış etdiyini əla görürdü.
Ramiz bəy ad açıqlamayıb, amma bizim də müşahidə etdiyimiz məqamlar var idi. Fikrimcə, qışda «Neftçi»yə keçəcəyi dəqiqləşməkdə olan Nizami Hacıyev, İlkin Qırtımov və Tərlan Quliyevin oyununu analiz etməklə bütün suallara cavab tapmaq olar.
Nizami vaxt öldürür, hücumların qapıya doğru şiddətlənməsinə maraq göstərmirdi. Onun hücumçuları topla təmin etmək istəməməsi, bilərəkdən zərbə anlarını qaçırmasını görməmək üçün kor olmaq lazımdı.
İlkin cinahda əvvəlki tək fəal oyunçu deyildi. Bilərəkdən zonasında boşluqlar verir, mübarizələrdən qaçır, hücumlara da qoşulmurdu.
Tərlanın ötürmələrinin 70-80 faizi geriyə, adətən də qapıçıya olurdu. Rəqib hücumları zamanı müşahidəçiyə çevrilir, oyunu hücuma yönəltməyə cəhd belə etmirdi. Qollarda onun fərdi mövqe səhvlərinə diqqət etməklə də niyyətini aydınlaşdırmaq olar.
Bu qeydlərdən sonra «Keşlə» və «Neftçi» rəhbərliyinin matçın videoyazısına baxacağına ümid edirik. Qonaq klubun rəsmiləri klubu idarə edə bilmədiklərini, futbolçuların özbaşınalığını görüb, utanmalıdır. «Neftçi» tərəfi isə alacağı oyunçuların gələcəkdə onların özüylə də belə davranacağını indidən bilməlidir.
Çoxdanışan, həmişə özündənrazı Hacıyev «Neftçi»ni necə gücləndirə bilər? Həftənin 6 günü zədəli olan, fərdi oyuna üstünlük verən yarımmüdafiəçi komanda futbolu oynayan flaqmana yararlıdırmı?
Heyətdə bir neçə cinah müdafiəçisi varkən, orta səviyyəli Qırtımov kimə lazımdı? Son oyunda debüt edən Ömər Buludov da bu transferin vacib olmadığını sübut etdi. Rəhbərlik Tərlan Əhmədovun siyahısını kənara qoyub, aşağı yaş qruplarındakı istedadlara baxsa, daha yaxşı olar.
Quliyev nəinki «Neftçi»yə, «Keşlə»yə, heç autsayder «Kəpəz»ə də layiq biri deyil. Müdafiənin mərkəzində bu oyunçuya güvənmək matça 0:1 geridə başlamaq deməkdi.
Bu oyunu AFFA da araşdırmalıdır. «Keşlə» ilə müqaviləsi ola-ola rəqiblə danışıq aparmaq, bu sövdələşmənin nəticələrini oyunda göstərən futbolçular haqda ölçü götürülməlidi. Beynəlxalq futbol qurumları araşdırsa, bu matçı şübhəli oyunlar siyahısına da sala bilər. Görəsən, «Keşlə»də icraçı direktor olan AFFA-nın baş hüquq məsləhətçisi Rəmiş Malıyev bunları bilmirmi?
«Keşlə»nin futbolçularının bu hərəkətinə rəhbərliyin addımları da rəvac verir. Məmmədov işinin başında ikən, əcnəbi çalışdırıcını danışıqlara dəvət etmək nə dərəcədə məntiqlidir? Futbolçular gedəcəyi gözlənilən məşqçiyə qulaq asarmı?
Suallar çoxdur və cavabı sıralanan məğlubiyyətlərə çevrilir. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov hələ də futzal ab-havası ilə yaşayır. Görünür, o, klub rəhbəri olmaq üçün yetişməyib. İmkan, əlaqələr, «day-day» var, idarəetmə bacarığı isə bazarda satılmır…