Vaxt.Az

Azərbaycanda tütünlə bağlı ilk rəsmi tələb


 

Siqaret və sulu qəlyan qadağası ilə bağlı qanun qəbul olundu

Azərbaycanda tütünlə bağlı ilk rəsmi tələb Milli Məclisdə «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi keçirilir. Komitə sədri Hadı Rəcəbli çıxışında bildirdi ki, Əmək və sosial siyasət komitəsində tütün məmulatlarının məhdudlaşdırılması ilə əlaqədar dünya təcrübəsi öyrənilib. «Bu ilin 16 may tarixində qanun layihəsi ikinci oxunuşda müzakirə olunan Tütün məmulatlarının məhdudlaşdırılması haqqında qanun layihəsi üçüncü oxunuşa tövsiyə edilib.

Komitə sədri Hadı Rəcəbli bildirdi ki, müzakirələr zamanı səslənən rəy və təkliflər üzərində işlər aparılıb: «Elə müəssisələr var ki, obyektiv səbəblərdən tütün istehlakçıları üçün xüsusi şərait yarada bilmirlər. Ona görə də artıq bununla bağlı mülkiyyət sahibləri qarşısında tələb qoyulmur. Amma bunun əvəzində tütündən istifadə ümumiyyətlə qadağan ediləcək. Belə olduqda işçilər artıq iş yerində tütündən istifadə etməyəcək və açıq havaya çıxacaqlar». H.Rəcəbli dedi ki, ölkədə 20-44 yaşlı kişiləri 30 faizi siqaret çəkir. Belə ki, onların hər biri gündə 16 ədəd siqaret çəkir: «Araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir».

H.Rəcəbli ölkə prezidenti İlham Əliyevin Yevlaxdakı çıxışında «Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycandan siqaret çəkənlərin ümumi sayı azalacaq» fikirlərini də xatırlatdı.

Deputat Əhliman Əmiraslanov qanunun çox vacib və cəmiyyətin çoxdan gözlənilən qanun adlandırdı: «Qanun çox mükəmməl hazırlanıb və dünyanın inkişaf etmiş ölkələrində hazırlanmış qanunlardan heç də geri qalmır. Amma dünya təcrübəsi göstərir ki, qanunun icrasına ciddi nəzarət son dərəcədə vacibdir. Bu qanunun qəbulundan və prezidentin onu imzalamasından sonra ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının tütün məmulatlarının məhdudlaşdırılması konvensiyasına üzv olmaq üçün müraciət edə bilər. Belə qanunlar qəbulundan sonra ilk il 17 faiz siqareti atır, yetkinlik yaşına çatnmayanlar 25 faiz olur. Məsələn, ABŞ-da bu qanun qəbul olunduqdan sonra ilk miokard infarktından əziyyət çəkənlərin sayı 15 faiz azalıb».

Ə.Əmiraslanov dedi ki, sulu qəlyanın da bu qanuna daxil edilməsi tamamilə düzgündür: «Sulu qəlyanda istifadə olunan maddələrin miqdarı heç də siqaretdəki komponentlərdən geri qalmır və arqanizm üçün son dərəcədə təhlükəli maddələrdir. Üstəlik, sulu qəlyan bir çox infeksion xəstəliklərin yayılmasına səbəb olur».

Deputat Siyavuş Novruzov da qanun layihəsini müdafiə etdi. Amma hörmətli Hadı müəllim qanun layihəsini elə təklif etdi ki, biz elə bildik birinci oxunuşdur və biz çıxışa yazıldıq. Məsələn, aydın olmadı ki, qapalı yerlərdə tütün məmulatlarından hansı formada istifadə olunmalıdır, açıq formada necə? Rusiyada biri digərini məhkəməyə verib ki, aşağı balkonda siqaret çəkib, ona pis təsir edib». S.Novruzov dedi ki, açıq yerlərlə bağlı məsələ tam aydın deyil: «Avtobus dayanacaqları da, uşaq bağçasının, məktəbin qarşısı da açıq yerdir.Bakının gəzməli yerlərinə çıxsaq, görərik ki, restoranın qarşısında siqaret də, sulu qəlyandan da istifadə olunur. Oradan uşaq da keçir, qadın da, ağsaqqal da.

Dünyanın hər yerində kameralar hazırlanır, orada siqaretdən istifadə olunur». S.Novruzov dedi ki, biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik, digər tərəfdən tütün məmulatlarından istifadəni qadağan edirik: «Təbii ki, hər şey vətəndaş üçündür. İnsanların sağlamlığı bizim üçün əsasdır. Amma bunu elə tənzimləməliyik ki, bu, gələcəkdə bizim büdcəmizə ziyan vurmasın. Eyni zamanda hər bir turist gələndə öz mədəniyyətini gətirir. Amma əgər ərəbin hər hansı istək və arzusuna uyğun olaraq ona yaşıl işıq yandırılacaqsa, ona qarşı qarşı qanunvericiliklə nəzərdə tutulan addımlar atılmalıdır».

Spiker Oqtay Əsədov isə deputata irad tutdu: «Vaxt çox keçib, ona görə iki oxunuşdakı məsələlər yadından çıxıb. Bu məsələlər qanunda əksini tapəb. Digər tərəfədən, cənab prezident Balakəndə dedi ki, biz tütünü ixrac etmək üçün isthsal edirik».

Deputat Fazil Mustafa da qanunun önəmindən bəhs etdi, ancaq qeydlərini də səsləndirdi. Deputat bildirdi ki, idman komplekslərinin həyətində siqaret çəkənlərlə bağlı konkret maddə yoxdur. Həmçinin Türkiyə filmlərini xatırladıb orada siqaretlə bağlı səhnələrdə məhdudiyyətlərin olduğunu vurğuladı. «Amma Azərbaycan filmlərinə baxırsan, Zaur siqareti yandırır, Təhminə də ardınca birini yandırır».

Spiker Oqtay Əsədov isə «siqaret çəkənlərin də hüquqları var» deyə, reaksiya verdi. Həmçinin bildirdi ki, dünyanın hər yerində siqaret çəkənlərlə bağlı neqativ hallara rast gəlinur, ona görə də bu məsələləri birdəfəlik həll etmək mümkün deyil.

Bundan sonra qanun səsə qoyularaq qəbul edildi.

 





01.12.2017    çap et  çap et