«Keşlə»nin iki futbolçusunun - Nizami Hacıyevlə Mirhüseyn Seyidovun «Neftçi»ylə qarşılaşmanı və başqa bir neçə oyunu satmaqda şübhəli bilinərək, həbs olunmaları da bu qəbildəndi. Onların həbsi, bundan sonrakı karyeralarında «oyun alverçiləri» damğası daşımaları «Keşlə» rəhbərliyinə, klubun prezidenti Zaur Axundova sərf edir. Və təbii ki, Axundovun «Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir» açıqlaması da səmimi deyil. «Keşlə»də maliyyə problemləri var, komanda bərbad çıxış edir və Hacıyevlə Seyidov daha bu klubda qalmaq istəməyiblər. Nizaminin «Neftçi»yə keçəcəyi də demək olar, dəqiqləşmişdi. Vəssalam! Baş məşqçisi «Allah adamı» olan Tərlan Əhmədovlu «Neftçi»nin onlara oyun satmaları üçün müraciət edib-etmədiyini isə hüquq-mühafizə orqanları aydınlaşdıra bilməyəcək, elə «Neftçi», Nizami, Mirhüseyn və Allah arasında sirr olaraq qalacaq...
Hə, Nizamiylə Mirhüseyni hüquq-mühafizə orqanlarının ağuşuna atan da elə «Keşlə» rəhbərliyi, Zaur Axundovdu. Bir az şübhə, bir az qisas, bir az da...
Avropa futbolunda belə hallar çox olur: Mövsümün gedişində hansısa məşqçi, futbolçu başqa klubla anlaşır və bu, rəsmən mətbuata açıqlanır. Amma onlar mövsümün qalan oyunlarında hələ də formasını daşıdıqları klubu satmırlar, ona xəyanət etmirlər. Onlar peşəkardı, onlar vicdanlı insanlardı. Azərbaycan futbolunda nə qədər peşəkar var? Bəs vicdanlı adamların sayı nə qədərdi?
AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Mikayıl Nərimanoğlu «Kəpəz»dəki maliyyə yeyintilərinə görə həbs olunmalı deyildimi? Ən azı hüquq-mühafizə orqanlarına çağırıla, dindirilə bilərdi. AFFA Nərimanoğlunu qorudu, ona hətta federasiyada yeni vəzifə də verdilər.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin «Neftçi»də vitse-prezident olarkən nə qədər oyun alıb-satdığını özü, Allahı, az bir qismini də mətbuat bilir. Adam «Neftçi»dən sonra Peşəkar Futbol Liqasının əbədi prezidenti oldu...
Bizim ölkədə qaydalar, qanunlar sadəcə kimlərəsə sərf edəndə işə düşür. Özünüz özünüzü qoruyun, sizi qorumalı olan qayda və qanunlar kağız üzərində kif atıb.