Vaxt.Az

Rusiyaya satılmış Holland deputat


 

Xüsusi xidmət orqanları erməni agent Omtzixti ifşa etdilər

Rusiyaya satılmış Holland deputat Hollandiyada adı yaxşı məlum olan deputat Piter Omtzixtin ətrafında siyasi qalmaqal yetişməkdədir. İlk baxışdan bu qalmaqalın Azərbaycana elə bir aidiyyəti yoxdur, hərçənd Omtzixt Avropa Şurasının tribunasından rəsmi Bakının davamlı tənqidçisidir. Lakin bu, yalnız ilk baxışdan belədir.

Omtzixt Hollandiya hökumətinin və öz ölkəsinin ictimai rəy institutlarının çarpaz atəşinə tuş gəlib. Avropa Parlamentinin bu üzvü yalnız Azərbaycanın yeri gəldi-gəlmədi tənqid edilməsində ixtisaslaşmır, həmçinin bütün Avropa və Hollandiya üçün daha bir ağrılı problem olan «vurulmuş Malayziya «Boeing»i faciəsinin nəticələri» mövzusunu ciddi-cəhdlə gündəmə gətirməkdədir.

2014-cü ilin iyul ayının 17-də «Malaysia Airlines» aviaşirkətinə məxsus «Boeing 777-200ER» layneri MH17 Amsterdam – Kuala-Lumpur reysini həyata keçirdiyi zaman Ukrayna ilə Rusiya arasında münaqişə zonasının yaxınlığında yerə çırpılmışdı. Hava gəmisinin göyərtəsində olan 298 nəfərin – 283 sərnişinin və 15 ekipaj üzvünün - hamısı həlak olmuşdu. Sərnişin təyyarəsinin məhvi – 9/11 Nyu-York hadisələrindən sonra XXI əsrin ən böyük faciəsidir.

ABŞ və Qərbi Avropa hökumətlərinin araşdırması birmənalı və təsəlli verməyən nəticəyə gəldi ki, təyyarə rusiyapərəst separatçılar tərəfindən Rusiyanın təqdim etdiyi «Buk» zenit-raket kompleksinin köməyi ilə vurulub.

Nəhayət, 2016-cı ilin sonlarında istintaq qrupu araşdırmanın ilkin nəticələrini təqdim edərək bildirdi ki, təyyarənin vurulduğu «Buk» ZRK Ukraynaya Rusiyadan gətirilib və Malayziya təyyarəsi vurulduqdan sonra geriyə - Rusiya ərazisinə qaytarılıb.

Fəqət beynəlxalq ictimaiyyətin istintaq tədbirlərinin nəticələrinə əsaslanan birgə mövqeyinə baxmayaraq, hollandiyalı deputat Piter Omtzixt elə ilk günlərdən Ukrayna hökumətinə qarşı misli görünməmiş kampaniyaya start verib və Kiyevi sərnişin təyyarəsinin vurulmasında ittiham edir. P.Omtzixt bir qədər də uzağa gedib – öz ölkəsinin xüsusi xidmət orqanlarının Rusiyanı ittiham edən birmənalı nəticəsini bir kənara qoyaraq, hollandiyalı deputat heç bir sübut gətirmədən bildirməyə başlayıb ki, sərnişin təyyarəsinin vurulması anında «Buk» yalnız Ukrayna silahlı qüvvələrinin əlində olub. Yəni ki, təyyarəni də ukraynalılar vurub.

P.Omtzixtin saxta, sübutsuz və aşkar ödənişli mövqeyi Hollandiyanın ictimai fikrində ajiotaja səbəb olub. Omtzixti tənqid etməyə, vecə almamağa başladılar, hətta Rusiyaya casusluqda ittiham etdilər.

Lakin özünün sonrakı hərəkətləri və çıxışları, bəzən saxtalaşdırmaları ilə Omtzixt satılmış deputat obrazını daha da gücləndirirdi. Cinayətin izini nəyin bahasına olursa olsun itirmək cəhdlərində hollandiyalı deputat açıq-aşkar saxtakarlıq edib. Onun son hoqqabazlığı isə şərəfsizlikdən başqa bir şey deyil.

Nüfuzlu Hollandiya nəşri «DutchNews.nl» xəbər verir ki, bir neçə gün öncə Omtzixt Donetskdəki hadisələr üzrə yalançı şahid olan Aleksandr R.-ə terror aktı qurbanlarının qohumlarının brifinqinə düşməyə kömək edib. Terror aktının törədilməsindən sonrakı ilk günlərdə Aleksandr R. aşkar yalan və hadisənin Rusiya mövqeyindən interpretasiyasını ehtiva edən şahid ifadələri yaymağa başlamışdı. Lakin tezliklə Hollandiya xüsusi xidmət orqanları sübut etdilər ki, Aleksandr R. hadisələrin şahidi ola bilməz, çünki terror aktının törədildiyi an Ukraynanın başqa regionunda olub.

Bir neçə gün əvvəl Hollandiya KİV-ləri deputat Omtzixtin yeni hiddətləndirici, az qala qorxunc saxtakarlığı barədə faktları açıqladılar. Hollandiya KİV-lərində deputatın şahid Aleksandr R.-lə sms yazışmaları dərc edilib və bunlardan aydın olur ki, məhz Omtzixt yalançı şahidin brifinqə daxil olmasına, orada qalmaqal yaratmasına kömək edib. Hələ bu azmış kimi, deputat yalançı şahidin təxribatçı çıxışının mətnini də hazırlayıbmış. Omtzixtin yalançı şahidlə gizli sövdələşməsini sübut edən yazışma bu videosüjetdə də yayımlanıb. Buyurun, baxın:

Yayımlanmış ifşaedici məlumatlar bütün Avropada hiddətlə qarşılanıb. Hollandiyanın baş naziri Mark Rütte deputatı saxtakarlıqda, «qurşaqdan aşağı zərbə endirməkdə» və yüzlərlə insanın faciəsi üzərində siyasi kapital toplamaq kimi alçaq cəhdlərdə ittiham edib. Həlak olanların qohumları da üsyan edərək, deputatı istefa verməyə çağırıblar. Onların fikirlərini parlamentin aşağı palatasının keçmiş sədri, nüfuzlu siyasətçi Frans Visqlas da təkrarlayır.

Omtzixt isə özünə xas ikiüzlü və həyasız tərzdə ittihamlar yağışına qısaca cavab verib: «Bu sadəcə bir səhvdir, anlaşılmazlıqdır...»

İndi isə müqəddimədə qoyduğumuz suala qayıdaq – bütün bu çirkin və qalmaqallı əhvalatın Azərbaycana nə aidiyyəti var? Ən yaxından aidiyyəti var! Bu da sizə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin çılğın və davamlı tənqidçisi olan alçaq və dəhşətli saxtakar Piter Omtzixtin siyasi portreti.

Hələ bir neçə ay öncə məşhur Avropa təşkilatı olan «European Strategic and Security Center» özünün «Erməni rabitəçisi» adlı səs-küylü tədqiqatında Omtzixtin erməni diasporu ilə sıx əlaqələri barədə yazmış və bunu sübuta yetirmişdi. Omtzixt açıq-aşkar erməni diasporunun layihəsidir. Deputat tez-tez Ermənistana və işğal olunmuş Qarabağa gəlir, «Ermənistanın avropalı dostları» klubunun üzvüdür, «DQR»in leqallaşmasına çağırışlar edir. Eyni zamanda, adı dillərdə olan «erməni soyqırımı»nın «qətiyyətli» tərəfdarı və Niderlandda Erməni təşkilatları federasiyasının lobbiçisidir. Daim Avropada ermənilərin təşkil etdikləri bütün tədbirlərinin yuxarı başında yeri var.

AŞPA-nın özündə də Omtzixtin xüsusi missiyası var – o, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid etməlidir, başqa sözlə, deputat erməni həmkarlarının və Azərbaycandakı «kapitan Qrantın uşaqları»nın simasız desantının təqdim etdiyi saxta məlumatları və dezinformasiyanı toplayaraq, istənilən bəhanədən istifadə edərək, rəsmi Bakıya hücumlar edir. Omtzixt hər zaman «ön cəbhə»dədir, Azərbaycana hücum edənlərin avanqardındadır... Ona sifarişlər olunur, ödənişlər edilir və o da istər Donbasda, istərsə də Qarabağda baş verənlərlə bağlı saxtakar missiyasını həyata keçirir.

Artıq neçə ildir ki, Azərbaycan Strasburq Şurasının divarları arasında rəsmi Bakıya qarşı aparılan təkləmə siyasətinin planlaşdırılmış, düşmən xarakterli və sifarişli olduğunu sübut etməyə çalışır. Bax, Omtzixt kimi həmvətənlərinin – qorxunc terror aktının günahsız qurbanlarının xatirəsi ilə alver edən küçə adamlarının əli ilə ermənilər uzaq Avrasiyada çətin sezilən siluetlə birlikdə Azərbaycanın siyasi izolyasiyasına nail olan istəyirlər... Elə məhz bunu da sübut etmək tələb olunurdu!

 





01.12.2017    çap et  çap et