Bildirilir ki, ABŞ-ın Suriyadakı kürdlərə silahlı yardım etməsi məsələsinin gündəmdə olduğu, Fətullah Gülənin qaytarılmadığı bir ərəfədə Rza Zərrab məsələsinin də bu cür qabarması vəziyyəti xeyli çətinləşdirə bilər. Həmçinin, bu prosesdən Türkiyənin iqtisadi baxımdan da zərər çəkəcəyini söyləyənlər var. Bildirilir ki, proseslər Türkiyə lirəsinin dollara nisbətdə bir qədər də ucuzlaşmasına səbəb ola bilər.
Mövzu ilə bağlı «Yeni Müsavat»a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Rza Zərrab olayı çox mürəkkəb bir dövrə təsadüf edir: «Hazırkı dövrdə Amerika və Türkiyənin münasibətlərində mülayimləşmə hiss edilmir. Əksinə, getdikcə yeni gərginlik elementləri ortaya çıxır. Suriya kürdlərinin silahlandırılması məsələsindən sonra indi də Rza Zərrab olayı münasibətləri korlamaqda davam edir. Digər tərəfdən isə daxildə sosial demokratlar açıq şəkildə bəyan edirlər ki, onların əllərində müxtəlif sənədlər var. Bu sənədlər isə bank köçürmələdir ki, orada da milyonlarla dollardan bəhs edilir. Ümumilikdə, Türkiyə siyasəti müxtəlif ittihamlar içərisindədir. Söhbət rüşvət, qiymətli əşyaların alınması və bununla bərabər Amerikanın İrana qarşı tətbiq etdiyi embarqonun dəlilməsindən gedir. Embarqoya rəğmən qızıl, daha sonra isə qida məmulatları göndərilməsi adı altında «Halk Bank» vasitəsilə İrana çox böyük məbləğdə pulların ötürülməsindən bəhs edilir.
Bəziləri bu pulların həcminin 75 milyard avro civarında olduğunu söyləyir, bəziləri isə fərqli rəqəmlər bildirirlər. Hazırda Rza Zərrabın Amerikada məhkəməsi gedir və o, bu məhkəmədə sanksiyalardan yan keçərək, İrana necə pul ötürülməsi əməliyyatının mexanizmini açıb, göstərir. Eyni zamanda Türkiyənin müəyyən səlahiyyətlilərinə rüşvət olaraq verdiyi pulları, qiymətli əşyaları açıqlayır. Bu məsələləri isə həm Amerikanın həm də Avropanın bəzi qəzetləri sürətlə tirajlayırlar. Nəticə etibarilə Türkiyənin siyasi liderləri haqqında xoşagəlməyən bir imicin formalaşması prosesi gedir. Doğrudur, ölkə başçısı irəli sürülən ittihamların hamısını əhəmiyyətsiz və uydurma faktlar adlandırır. Ancaq Cümhuriyyət Xalq Partiyasının sədri Kılıçdaroğlu da bu sənədləri artıq Ankara Prokurorluğuna təqdim edib. Orada isə istintaq işləri başlayıb. Bu istintaqın və bütövlükdə proseslərin hara qədər gedəcəyini isə hazırda söyləmək çətindir. Çünki qarşılığında Ərdoğan da Kılıçdaroğluna qarşı çox böyük məbləğdə məhkəmə davası açıb. Bu məhkəmələrdən biri artıq Ərdoğanın xeyrinə başa çatıb. Türkiyə siyasi həyatı rüşvət və korrupsiya olayları ilə çalxalanır. Bütün bunlar isə müxtəlif təqdimatlarda ictimaiyyətə çatdırılır. Biriləri deyir ki, bu, Türkiyəyə qarşı məkrli plandır, başqaları söyləyir ki, kimlərsə Türkiyəni bölmək istəyir».
Politoloq bildirib ki, Amerikada aparılan bu məhkəmə davam etdikcə yeni olaylar üzə çıxır. Bütün bunlar isə son nəticədə Türkiyənin siyasi rəhbərliyinin hərəkətləri kimi yozulur: «Ölkə prezident seçkilərinə hazırlaşır. Bu hadisələr isə müxalifət qüvvələri tərəfindən ciddi sürətdə hallandırılır. Ona görə də ictimai rəy ciddi çaşqınlıq içərisindədir. Rza Zərrab olayı çox ciddidir və bu prosesin nəticələri Türkiyədə siyasətin gedişini ciddi sürətdə dəyişdirə bilər».
İqtisadçı Natiq Cəfərli isə Rza Zərrab olayının Türkiyə iqtisadiyyatına hansı təsirlər edəcəyi barəsində danışıb. O bildirib ki, qərar açıqlanmasa da artıq Türkiyə banklarına ciddi cəzaların gəlməsi ehtimalı var: «Son iki həftədə Türkiyə lirəsinin çox ciddi şəkildə dəyərdən düşməsi hiss olunur. Ötən həftənin 5-ci günü lirə bir qədər dəyər qazandı. Bu isə daxildə gedən proseslərlə bağlı idi. Yəni həm prezident, həm də baş nazir bəyan etdi ki, hətta cəzalar olsa belə, onu dövlət qarşılayacaq. Bu baxımdan lirə bir qədər bahalaşdı. Ümumilikdə isə son 1 ayda lirə ciddi dəyər itirib. Əgər bir neçə ay öncə 1 dollar 3.60 lirə idisə, indi 1 dollar 3.92 kuruşdur. Məhkəmə prosesi bitdikdən sonra çox ciddi cəzalar gələrsə, ehtimal olunur ki, Türkiyə banklarına 20-25 milyard dollara yaxın cəza gələ bilər. Belə olarsa, 1 dollar 4 lirəni keçəcək. Bankların cəzalanması durumunda ilk olaraq onların özlərinin reytinqi aşağı düşəcək. Bankların reytinqi düşdüyü təqdirdə isə xaricdən əlavə qaynaqlar əldə etmə məsələsi çətinləşəcək və bahalaşacaq. Bu isə ümumilikdə həm Türkiyə iqtisadiyyatına, həm də lirəsinə çox ciddi mənfi təsirlərlə özünü göstərəcək».