Xanım Uistonun məqaləsində psixoloqlara istinadən qeyd olunur ki, adamları daha çox pozitiv tonda yazılan və «canlı təsvir yaradan» emosional şeirlər valeh edir.
Alimlər belə bir nəticəyə gəliblər ki, yapon poeziyasının klassik formalarından biri olan üçlüklərdə və ya hayku janrında ən bəyənilən şeirlərdə «çiçəklər ağacdan-ağaca sıçrayır» kimi misralar daha çox olub. Əksinə ən az xoşa gələn haykuda «sərxoş qız qusurdu» kimi misra vardı.
Psixoloqlar bu qənaətdədirlər ki, estetika əhəmiyyəti olub-olmadı, gündəlik həyatımızda mühüm rol oynayır. Səhər işə getməzdən əvvəl nə geyinəcəyimiz, metroda hansı musiqilərə qulaq asacağımız barədə qəbul etdiyimiz qərarlar estetik qərarlardır.
Nyu York Universitetinin alimləri bəzi şeirlərin nə səbədən estetik baxımdan zövqverici olduğunu araşdırmağa çalışıbıar.
Universitetinin psixologiya fakültəsinin professoru Amy Belfi deyir ki, «bizim hər hansı bir şeiri bəyənməyimizdə müəyyən faktorların dərin təsiri vardır».
Bu tədqiqat zamanı ekspertlər 400 iştirakçıya 111 hayku və 16 ingilis soneti oxudublar.
Hər bir şeirin oxunuşuindan sonra iştirakçılar şeirin canlılığı, emosional coşqu yaratmaq gücü və aşıladığı estetik zövq barədə suallara cavab veriblər.
Alimlər həm də şeirlərin rahatlıqverici, stimullaşdırıcı, pozitiv-neqativ təsir yaradıb-yaratmaması ilə maraqlanırdılar.
Nəticədə «ağacların çiçəklənməsi və budaqdan-budağa alov kimi yayılmasından» bəhs edən hayku ən təsirli şeir parçası kimi qiymətləndirilib. Ən xoşa gəlməyən hayku isə «sərxoş qızın qusması» barədə idi.
Doktor Belfi bildirib ki, adamlar şeir oxuyarkən orada təsvir edilənləri qeyri-ixtiyari göz önünə gətirirlər.
Ekspert deyib: «Təbiidir ki, «gur alov» barədə oxuyursunuzsa, o sizin təsəvvürünüzdə canlanır, onu sanki görürsünüz – Belə şeir çox güclü canlılığa malik olur».
Araşdırma nəticəsində bəlli olub ki, ən güclü şeirlər canlı təsəvvür oyadanlardır və bunlarda bir qayda olaraq çox sayda təsvir və hissiyyat bildirən sözlər olur.
Ekspertlər deyirlər ki, adamlar ümumiyyətlə pozitiv şeirləri xoşlayırlar.
Professor Belfi bildirir ki, oxucu onu az da olsa xoşbəxt edən, pozitiv hisslər yaşadan şeirləri oxumaq istəyir.
Alimin fikrincə, kimyəvi elementlərdə olduğu kimi sözlərin də valentliyi var və bu valentlik yüksək olduqca sözlər daha çox xoşbəxtlik və rahatlıq aşılayır. Bunun əksinə, aşağı valentlikli sözlər daha çox kədər və bədbinlik gətirir.
Ekspert düşünür ki, zəif şeirlər oxucuda canlı təsəvvür yaratmayanlardır.
Amma maraqlıdır ki, adamlar hətta bəyəndikləri şeirlərdə də məhz nəyi bəyəndiklərinə dair fərqli fikir yürüdüblər.
«Gözəlliyi hiss etmək» kitabının müəllifi professor Qabriel Star (Gabrielle Starr) bildirir ki, zehni təsəvvürün canlılığını yaratmaq gücü yalnız poeziyada deyil.
Alim bildirir ki, «biz şeirlərdə də ümumən həyatda sevdiyimiz şeyləri sevirik…»
Professor Star izah edir ki, estetik zövqə dair hazırkı araşdırma hələlik yalnız poeziya ilə məhdudlaşıb, amma gələcəkdə bu fenomenin başqa sahələrdə də araşdırlması nəzərdə tutulub.