Vaxt.Az

«Deyirlər «Mavi Balina» oynayırmış…»


 

Ağdaş məktəblisinin intiharında qorxulu versiya, təhlükə qapıdadır

«Deyirlər «Mavi Balina» oynayırmış…» Ağdaş rayonunun Ləki qəsəbəsində 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı son vaxtlar geniş səs-küy doğuran «Mavi Balina» oyunu ilə əlaqədardır. Bunu virtualaz.org-a qəsəbənin bələdiyyə sədri Misir Misirov bildirib. Onun sözlərinə görə, azyaşlı son vaxtlar bu oyuna aludə olubmuş: «Göy balina»dır, nədir, o oyuna aludə olubmuş. Mən də bu gün vağzalda eşitdim. Çox tərbiyəli, ağıllı, namaz qılan, oruc tutan uşaq idi. Necə olub belə bir oyun oynamağa başlayıb, bilmirəm. Ötən gün saat 12:00-13:00 arası özünü evlərinin qarşısındakı yarımçıq tikilidə asıb…», - deyə bələdiyyə sədri qeyd edib.

M.Misirov bildirib ki, məktəbdə belə oyunlara şərait olmadığına görə, evdə oynayıbmış: «Görünür, belə hadisənin baş verməsi ailədə nəzarətlə bağlıdır. Çünki məktəbdə belə oyunları oynamaq mümkün deyil. Yəqin dost-tanışının da xəbəri olmayıb. Əslində, valideyn haradan bilsin, mənim də uşağım oynasa xəbərim olmaz», - deyə bələdiyyə sədri əlavə edib.

İ.Adıgözəlovun təhsil aldığı məktəbdə də heç bir psixoloji problemdən əziyyət çəkmədiyini bildiriblər. Müəllimlərinin virtualaz.org-a dediklərinə görə, İsmayıl məktəbin ən nümunəvi şagirdlərindən olub: «Məktəbin ən yaxşı şagirdlərindən idi. Heç bir problem də yox idi. Biz özümüz də eşidəndə çox pis olduq», - deyə məktəbdən bildiriblər.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, son aylar bu oyuna alub intihar edən məktəblilərlə bağlı xəbərlər yayılır. Oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin də bu oyunun təsiri altında özünü asdığı iddia olunurdu.

Ötən həftə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılmışdı. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri «Mavi balina» adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.

Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir.

Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan «Mavi balina» indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə «admin» tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə «oyunçu»dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur.

Gülnar ƏLİYEVA

 





04.12.2017    çap et  çap et