Gecə qala biləcəyimiz bir neçə kotteci göstərirdi bizə gözətçi. Hasara alınmış bir ev çəkdi diqqətimi. Dedim, bura qəşəng görünür, bəlkə burda qalaq? Hamı baxdı bəyəndi, amma nədənsə gözətçi narahat oldu. Dedi, məsləhət deyil. Niyəsini soruşdum. Bildirdi ki, ora keçmiş nazirin evi olub. Hərdən Hacı Məmmədov da gəlib bura. Uzun söhbətdən sonra anladım ki, bu xudmani ev, indi kottec kimi istifadə olunan yer, keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olub. Amma evin yerləşdiyi meşə zolağında fəaliyyət göstərən irili-xırdalı bütün məkanların sahibi və ya «krışası» Hacı imiş, Hacı Məmmədov. Gözətçi bir də onu dedi ki, adətən bu tərəfdəki kottejlərimizdə qalan çox olmur. Yenə niyəsini soruşdum. «Nə bilim vallah, o vaxt istintaqçılar buraları çox qazdılar. Çoxlu cəsəd çıxdı. Sonra daha qazmadılar. Biz də belə anladıq ki, siyahısı bəlli adamların cəsədini tapandan sonra daha qazmadılar. Amma bilirəm ee, buralarda qazsan yenə nələrsə çıxar. Nə isə, nəyimizə lazım, indi-indi nəfəsimiz açılıb»...
Danışığından anladım ki, bura Hacı və adamları «razborkaya», sonra da qətlə yetirməyə gətirirmiş kimlərisə. O üzdən meşə zolağının bu yerlərinə adamlar dincəlməyə gəlməkdən qorxurmuş. Ən azı nəyəsə şahid ola, durduqları yerdə başları bəlaya girə bilərdi. Amma məlum həbslərdən sonra vəziyyət bir az dəyişib. İndi adamlar dincəlməyə, yeyib-içməyə gəlir, amma qalmağa o biri tərəflərə gedirlər. Sonra davam eləyir: «Camaata nə deyəsən, hələ öz canımızdan qorxu çıxmayıb. Bu halda başqasına necə deyəsən ki, vecinə də alma, gəz buralarda, sonra da yat. Adam gəzir, ayağına nəsə ilişəndə deyirsən, ilahi, bəlkə adam sümüyüdür?!»
Beləcə danışa-danışa getdik. Gözətçi danışır, uşaqlar heç nə anlamasa da mən üşənirəm. Ətraf cənnətdir elə bil, gözəl meşəlik, sakit axan bulaq, çay, quşların səsi və sair... Və birdən ayağım ilişdi, büdrədim. Özümdən asılı olmadan üzü gözətçiyə: «Sümükdüüürrr?!», deyə yüksək səslə qışqırdım. Onda anladım ki, əməlli qorxmuşam həm də...
Hərdən Hacı Məmmədov da gəlib bura. Uzun söhbətdən sonra anladım ki, bu xudmani ev, indi kottec kimi istifadə olunan yer, keçmiş nəqliyyat naziri Ziya Məmmədova aid olub. Amma evin yerləşdiyi meşə zolağında fəaliyyət göstərən irili-xırdalı bütün məkanların sahibi və ya «krışası» Hacı imiş, Hacı Məmmədov...
Mən belə bir də o gün qorxmuşdum. Hacı Məmmədovun dəstəsinin üzvləri «Qara polkovnik» Fətullah bəyi qətlə yetirən gün. Elə bildim həmin ana düşdüm. Güllə səsi, sürətlə qalxdığım pilləkən və qışqırtılar...
İndi deyirlər ki, Hacı Məmmədov ölüb. Daha dəqiqi intihar eləyib. Canında xərçəngi varmış, həm də vərəmləyibmiş, üstəlik şəkəri də artıq imiş, ciyərləri bərbad duruma düşübmüş. Bu qədər ağır xəstəliklər bir canda cəmlənəndə hansı dəhşət yaranar, təsəvvür eləmək çətin deyil. Məncə onun canında Tanrı cəhənnəm yaratmışdı. Ya da bu insanların həyatında nə zamansa törətdiklərinin qarşılığı idi. Yəni ilahi ədalət, bəlkə də İlahi cavab. Hə də ilahi görkdür bu. Bundan böyük dərs ola bilməz anlayana.
Deyirlər, hər kəsdən üzrlər diləyən məktubu tapılıb cibindən...
O illərdə Hacı müəllim, Hacı rəis, komandir Hacı, ağsaqqal Hacı, böyüyümüz Hacı deyənləri çox idi. Balasını axtaran adamlar da elə o qədər idi. Məsələn, Azər adlı polis əməkdaşının anasının fəryadı indi də qulaqlarımdadır. Əvvəl Hacının dəstəsində olub, sonra çıxdığı üçün, adamı öldürüb, meyitini yandırmışdılar. Bu cinayət istintaqın gedişində açılmışdı. Bir bankir də arvadını axtarırdı o illərdə. Onun özünü gündüz çıraqla axtarsan da onda tapmaq olmazdı. İndi saxlandığı həbsxanada bütün məhbuslarla bərabər ayaqyoluna növbə gözləyən, məhbusdur. Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir müəllimdir. Hacı Məmmədov onun arvadını pul tələbi ilə oğurlatmışdı o zaman. İndi inanmıram içi Cahangir müəllim qarışıq kimsə bu üzrü qəbul edə...
...Qusardakı gözətçi bir də onu demişdi ki, o vaxt şəhərdən gələn kimlərsə Hacı Məmmədovun burada qaldığı bağ evlərindən birində həyətinin girişindəki beton örtüyü sökdürmüşdülər. Oradan da insan sümükləri çıxardılar. «Düzü kimin olduğunu bilmədik, amma onların əlində sənədləri var idi və deyəsən lənətə gəlmiş, öldürtdüyü adamların kimliyi, kimi hara gömdürdüyü barədə özü danışmışdı». Məni o cinayətin törədilməsindən çox gözətçinin sonra dedikləri dəhşətə gətirdi. «Biz oranı betonlayanda bilmirdik nə var, nə yox. Betonu tökdük, fəhlə pulumuzu alıb getdik. Hər dəfə bura gələndə maşınının orada saxlayıb evə girirdi. Sonradan qarovulçu danışdı ki, orda basdırılan oğlan nəyəsə razılaşmayıb, bu da deyib ki, səni yerə gömüb üstündə hər gün maşınımı saxlayaram, altında sən olduğundan kimsənin xəbəri olmaz». Dəhşətdir, dəhşət, cavan-cavan adamları öldür, kəfənsiz, dəfnsiz torpağa göm, üstünü betonlat və maşınını orda saxlamaq «vədinə» əməl elə. Sonra da get eyş-işrətlə, yeyib içməklə məşğul ol, yıxıl yat, ruhun da inciməsin. Adamın bu qədər soyuqqanlısı ola bilməz axı, bəlkə heç iblisin, şeytanın da...
İndi ölüb, necə, nə cür, niyə, bu maraqlı deyil. Dəhşətlisi odur ki, kimsə bu ölümə təəssüflənmədi. Tərəddüdlər oldu, təəssüflər və rəhmətlərsə, əsla. Bu ölümün ən ucuzu, hətta havayısıdır axı Hacı Məmmədov. Başqa cür də yaşamaq olardı. Ölümünə hər kəs yanıb yaxılardı bəlkə o zaman...
Qaldı özümə, düzü ona yazığım gəlmədi, desəniz heç rəhmim də. İnsan kimi yaşamamışdı, insan kimi də ölmədi. Özündən sonra Qusarda yəqin heç vaxt unudulmayacaq çox dəhşətli bir xof saxladı. İndi orda xeyli adam ayağına ilişən xırda ağac parçasına da «ilahi, bəlkə adam sümüyüdür» deyə reaksiya verir...
Bu xofu adama bağışlamazlar, Hacı Məmmədov, incimə...