Vaxt.Az

Yeni nazirdən nələr gözlənilir?


 

Vergi orqanlarında dəyişiklik gözləntisi

Yeni nazirdən nələr gözlənilir? Fazil Məmmədovun vergilər naziri postundan çıxarılması, yerinə Mikayıl Cabbarovun gətirilməsi cəmiyyətin diqqət mərkəzində qalmaqdadır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarovu nazirliyin kollektivinə təqdim edib.

Yeni nazirin təyin olunması haqqında prezidentin sərəncamını oxunub, R.Mehdiyev yeni nazirə işlərində uğurlar arzulayıb. Köhnə naziri vəzifəsindən edən səbəblər, yeni nazirin işinin öhdəsindən gəlib-gəlməyəcəyi ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, F.Məmmədov daha çox son vaxtlar sahibkarlıq subyektlərinə təzyiqlərə görə qınanılır. Vergi orqanlarının büdcə proqnozlarına əməl olunmasını təmin etməklə əsaslandırdığı bu təzyiqlərə görə sahibkarlar arasında narazılıqlar ciddi şəkildə artmışdı.

Bununla bağlı iş çevrələrində ciddi müzakirələrin aparılırdı. Bir çox sahibkarlar vergi orqanlarının  onlardan əsaslandırılmamış halda yüksək məbləğdə vergi, bir çox hallarda isə qeyri-rəsmi ödənişlər tələb etdiyindən şikayətlənirdilər. Onlar digər qurumların yoxlamalarından azad olduqları, lakin son vaxtlar verginin hamını əvəz etdiyini, biznesə ciddi maneələr yaratdığını deyirdilər. Bu narazılıqlar bir çox hallarda məsələnin məhkəmə müstəvisində həll olunmasına gətirib çıxarırdı. Rəsmi statistika göstərir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə qaldırılan cinayət işlərinin sayında artım var.

Nazirin dəyişməsi vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərə hansı təsirləri göstərə bilər? Vergilər sistemində bundan sonra nə kimi dəyişikliklər mümkündür? Nəhayət, bu sistemdən məlumatının az olduğu deyilən M.Cabbarovdan hansı gözləntilər var?

Deputat Vahid Əhmədov deyir ki, F.Məmmədov kifayət qədər təcrübəli kadr, peşəkar iqtisadçıdır: «Mən onu yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirirəm. Lakin son vaxtlar onun səhhəti ilə bağlı problemləri vardı. Bu problemləri nəzərə alaraq cənab prezident onu işdən kənarlaşdırdı. 2016-cı ilin axırlarında biz onunla Milli Məclisdə çox ciddi islahatlar, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər qəbul etdik».

Parlament üzvünün sözlərinə görə, yeni vergilər nazirinin hansı işləri görəcəyini, necə işləyəcəyini zaman göstərəcək: «Ümumiyyətlə, Vergilər Nazirliyi daim dəyişikliklər, islahatlar tələb edən bir sahədir. Çünki iqtisadiyyat dayanmır, inkişaf gedir, yeniliklər sürətlə bir-birini əvəz edir. İqtisadiyyatın bur sürətinə uyğunlaşmaq üçün vergi orqanlarında çevik dəyişikliklər olmalıdır. Düzdür, son vaxtlar nazirlikdə həm kadr, həm də struktur baxımından böyük dəyişikliklər edilmişdi. Amma bunu daha da dərinləşdirmək lazımdır. Elə etmək lazımdır ki, əhali, sahibkarlarla vergi orqanları arasında ciddi problem qalmasın, həm də şəffaf olsun. Bu sahədə hansı dəyişikliklərin baş verəcəyi Mikayıl Cabbarovdan asılı olacaq. Hazırda Vergilər Nazirliyində çoxsaylı peşəkar mütəxəssislər var, lakin yenilərinin də gətirilməsi lazım gələcək. Güman ki, bacarıqlı mütəxəssislərdən istifadə ediləcək, o cümlədən cənab prezidentin Vergilər Nazirliyi ilə bağlı tapşırıqları var, onlar da icra olunacaq. Vergi sistemində, Vergi Məcəlləsində müəyyən dəyişikliklər ola bilər. Ümumiyyətlə, vergi sistemini hamı üçün əlçatan etmək lazımdır. Vergilər Nazirliyi strateji əhəmiyyətli bir qurumdur, dövlət büdcəsinin 70-80 faizini təmin edir. Buna görə də oradakı proseslər bütün ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Mikayıl Cabbarov çox ağır yükün altına girib»...

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, nazirin kimliyi ilə yanaşı, sistem və işə yanaşma da bu məsələdə mühüm rol oynayır: «Əgər yeni nazir Mikayıl Cabbarov öz komandası ilə gəlib yeni yanaşma tətbiq edəcəksə, o zaman müəyyən dəyişikliklər gözləmək olar. Hər şey yanaşmadan, komandanın düşüncələrindən asılı olacaq. Bu gün biz bilmirik ki, vergilər kimi strateji bir quruma rəhbər gələn şəxsin bu sahə barədə fikirləri nədir».

Müsahibimiz deyir ki, yeni nazirin qarşısında həlli vacib olan 2 məsələ var: «Bunlardan birincisi Vergilər Nazirliyinin imici ilə bağlıdır. Bu günə qədər Vergilər Nazirliyi, ümumiyyətlə, vergi sistemi iş adamlarının qorxulu röyasıydı. Sahibkarların başı üzərində Domokl qılıncına çevrilmişdi. Bu qorxulu röyadan iş adamlarının dostuna çevrilə biləcəksə, iş adamları ilə birgə müzakirələr aparıb, birgə qərarlar qəbul edə biləcəksə, bu imic tamamən dəyişmiş olacaq. Bu isə çox vacib amildir».

N.Cəfərli ikinci mühüm məsələ kimi Vergi Məcəlləsi və ona tez-tez edilən çoxsaylı dəyişikliklər praktikasını qeyd edir: «Bu məcəllə həddən artıq böyük sənəddir, qalın bir kitab halındadır. Bəlkə də dünyada ən çox maddələri olan vergi məcəllələrindən biridir. Bu isə doğru yanaşma deyil, məcəllə sadələşməli, kifayət qədər aydın dildə yazılmalıdır, vergi öhdəlikləri ilə bağlı təkrarlanmalar aradan qaldırılmalıdır. Vergi qanunvericiliyinin tez-tez dəyişməsi praktikasına son qoyulmalıdır. Təkcə bu ilin yanvar ayında Vergi Məcəlləsinə 201 dəyişiklik və əlavə qəbul olundu. Bu, iş adamları üçün böyük təhlükə siqnalıdır. Bax, bu 2 məsələni həll edəcəksə, yeni nazirin ciddi dəyişikliklər etdiyini deyə biləcəyik».

 





07.12.2017    çap et  çap et