İndi hardan yarandı, nə məqsədə xidmət edir (?!) dediyimiz bu mövzu əslində, Azərbaycanda hansısa bir müxbirin Rusiya mətbuatından tərcümə yazısını «araşdırma materialı» kimi öz imzasıyla dərc etdirməsi, heç kimin xəbəri olmayan mövzunu «Real təhlükə» olaraq qələmə verməsi ilə gündəmə gətirildi. Ardınca TV-lərdə süjetlər, sosial şəbəkələrdə müzakirələr başlandı. Və hər şey hazırdır...
«Antireklam» reklama çevrildi, bu haqda bilməyənlər də məlumatlandı. Ən azı maraq xatirinə bu «oyun» axtarışa verilir və beləliklə, çox axtarılan mənbə kimi önə çıxır, virtual aləmdə hamının «əlinə-ayağına dolaşır»...
Əslində, bu oyun sosial şəbəkələrin insanlara təsir imkanlarını yoxlamaq, xüsusilə yeniyetmə və gənclərin «sosial şəbəkə mesajları»na reaksiyalarını test etmək, hansı «mexanizm»lərin daha effektiv olduğunu müəyyənləşdirmək məqsədilə postsovet ölkələrində, xüsusilə Rusiyada yayılmışdı. «Qonşudan qalma dala» - deyən bəzi KİV-lər özləri də bilmədən «tora düşdü»lər, məlumatları tirajladılar. «O əjdahadan niyə bizdə yoxdur?!» prinsipinə sadiqlik mövzunu ekrana daşıdı. Sonra bir ara pauza verildi. Son zamanlar isə yenidən gündəmə gətirilib bu bədnam məsələ.
Belə görünür, «Mavi balina» zorla mifdən reallığa doğru aparılmaqda, beyinlərə yeridilməkdədir. Bu, bizə nə verəcək?! Hamımız deyəcəyik ki, heç nə! Elə isə niyə «həyəcanverici yenilik» kimi təqdim edirik bu «oyun»u? Bəlkə özümüz də bilmədən «OYUN»un oyununa düşmüşük!
Paytaxtda bir gənc və təşəbbüskar məktəb direktoru şagirdlərin ümumi yoxlaması zamanı bir-iki şagirdin qolunda anlaşılmaz sıyrıqlar olduğunu müşahidə edib. Valideynlər məktəbə dəvət edilib, onlara vəziyyət izah olunub, valideyn və ailə məsuliyyətinin vacibliyi məsələləri də nəzərə çatdırılıb. Sonra hüquq-mühafizə orqanları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi nümayəndələrinin, psixoloqların iştirakı ilə valideynlərlə görüş keçirilib. Uşaqlara psixoloq məsləhəti verilib, ümumi profilaktik tədbirlər görülüb. Son nəticədə məktəb rəhbəri cəmiyyətdən «sağ ol!» almaq əvəzinə, «Məktəbdə intihar!» manşetləri ilə qarşılaşır. Bunun ardınca məktəbə bir axın başladı, gəl görəsən... Hamıya izah ver, məsələnin mahiyyətini anlat. Həm də elə et ki, tədris prosesi pozulmasın, həmin uşaqlar da əlavə psixoloji zərbə almasın... Gəlin düşünək, məktəb direktoru nə etməliydi?! Susaydı, gizləyəydi, «başımı ağrıtmayım» - deyəydi, eləmi?! Necə ki cəmiyyətdə bir çox problemə bəzilərinin baxışı bundan fərqli olmur...
Bütün bunlara baxmayaraq, məktəb rəhbəri yanlış ictimai rəyin yarana biləcəyini düşünərək, problemlərin aradan qaldırılmasından çəkinməməlidir. Sadəcə, müvafiq rezonansları nəzərə alaraq, atılan addımların əsaslı izahını verməyə, məsələlərin olduğu kimi qəbul olunması üçün əsl məqsədlərini şərh etməyə hazır olmalıdır.
Bir məsələni də unutmaq olmaz ki, valideyn və ailə məsuliyyəti, uşaqlara məktəbdən kənarda da nəzarət ciddi olmalıdır. O qədər ciddi ki, hər bir valideyn uşağını, onun ətrafını tanısın, maraqlarını bilsin və lazım olan anda övladının davranışına müdaxilə etmək, tənzimləmək imkanında olsun. Yoxsa, övladının neçənci sinifdə oxuduğunu doğru-dürüst bilməyən birinin cəmiyyətdən, məktəbdən və özündən başqa hamıdan nələrsə umması mənəvi ələbaxımlıqdan başqa bir şey deyil.
Maraqlıdır ki, məsələ ilə bağlı rəsmi açıqlama verilir və bildirilir: «76 nömrəli tam orta məktəbdə noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Dərhal həmin şagirdlərlə məktəb rəhbərliyi, psixoloq və tibb bacısının iştirakı ilə söhbət aparılıb. Şagirdlərin valideynləri də bu haqda məlumatlandırılıb. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, şagird və valideynlərlə müvafiq söhbətlər aparıb, uşaqlara ailə nəzarətinin gücləndirilməsinin zəruriliyi barədə valideynlərə tövsiyələr verilib».
Amma yenə «Mavi balina» başlıqları peyda oldu... Sual formasında olsa da, oxşar başlıqlar artdı. Sanki kiminsə gözəgörünməz əli yox yerdən «şou» düzəldir, «kilkəni «KİT»ə çevirmək» üçün səylə çalışırdı... Amma yaxşı ki, həqiqəti deyənlər də az olmadı bu dəfə...
Bu məqamda onu da deməliyik ki, ölkənin tanınan və nüfuzlu mediası peşəkar yanaşma və operativliklə bərabər, yeri gələndə geniş ictimai və milli maraqlar naminə hadisələrə və proseslərə daha soyuqqanlı yanaşmağı, lap kritik məqamda «göz yummağı» da bacarmalıdır. Bu, bütün dünyada belədir... İnformasiya təhlükəsizliyinə əməl etmək dünyanın hər yerində «təhlükəli informasiya»nın yayılmasından daha əhəmiyyətli hesab olunur...