Milli Məclisin mətbuat xidmətindən VAXT.AZ-a verilən xəbərə görə, iclası Qazaxıstan Məclisi sədrinin müavini Gülmira İsinbayeva açaraq üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Dastanbek Cumabekov ötən müddət ərzində Qırğızıstanın bu təşkilatdakı fəaliyyəti, görülən işlərdən söhbət açıb.
Oqtay Əsədov çıxış edərək bildirib ki, 2016–2017-ci illərdə TürkPA-nın üzvü olan ölkələrin siyasi həyatına təsir göstərən bir sıra hadisələr baş verib: «Ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Türkiyə dövləti bu sınaqdan şərəflə çıxdı. Hər bir məsələdə olduğu kimi, bu çətin məqamda da Azərbaycan Türkiyə xalqının yanında oldu».
O. Əsədov deyib ki, bu il Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının doqquz ili tamam olur: «Bu müddət ərzində birgə səylərimiz TürkPA-nın ciddi siyasi çəkisi olan beynəlxalq təşkilat kimi formalaşmasına imkan yaradıb. Ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən tədbirlər öz bəhrəsini verib. Təşkilatımız bir sıra nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində qonaq qismində iştirak etməsi barədə razılıq əldə edilib. TürkPA Avropa Parlamenti və MDB-nin Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq edir. İki həftə bundan əvvəl TürkPA-ya Asiya Parlament Assambleyasında müşahidəçi statusu verilib».
Şura iclasında gündəlikdəki bir sıra digər məsələlər də müzakirə edilib.
Sonra parlament nümayəndə heyətləri Bişkekdəki «Ana-beyit» xatirə kompleksini ziyarət edib, repressiya qurbanlarının və böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini anıblar.