Şekspir «həyat bir səhnə, insanlarsa aktyordurlar» deyəndə yadından çıxıb bunun ardını da demək ki, insanlar yaxşı aktyor deyillər. Həyatın bayağılığı da məhz orasındadır ki, bizim öz rollarımızın öhdəsindən gəlmək istedadımız yoxdur. Yalançı «yalançı» roluna, yaltaq «yaltaq» roluna, namərd «namərd» roluna, lotu «lotu» roluna düz-əməlli girə bilmir.
Hə e, hə, məhz öz rollarımızın ifasında buraxdığımız quşlara görə bir-birimizin səhnədə deyil, həyatda olduğunu asanlıqla tuta bilirik.
Utanıram deməyə, amma bütün sarsıntılarımızın səbəbi məhz bunda.
Axxx, nə gözəl olardı həyatı bir səhnə kimi yaşamaq, ətrafdakıları bir tamaşa kimi izləmək. Məsələn, sifətdən-sifətə düşə bilməyənlərə, roldan-rola girə bilməyənlər kimi qınaqla baxmaq. Məsələn, evlərin yıxılmasını dekorasiyanın dəyişdirilməsi kimi ləzzətli bir maraqla qəbul eləmək. Məsələn, sənə edilmiş pisliklərin səhnədə məharətlə oynanılmış bir süjet xətti olduğunu bildiyindən bundan olmazın bir həzz almaq.
Utanıram deməyə, amma alınmır. Adamlar öz rollarını məharətlə, talantla oynaya bilmədiklərindən hər şey həyatdakı kimi qarşımıza çıxır.