Vaxt.Az

Strasburqa son cavabımız nə olacaq?


 

Hökumət məsələlərin tamamilə dramatik həddə çatmasında maraqlı deyil

Strasburqa son cavabımız nə olacaq? Televiziyalarımız az qala, hər gün «Brexit»dən – Avropa Birliyilə (AB) Britaniya arasındakı ayrılma prosesindən danışır, amma Avropa Şurası (AŞ) ilə Azərbaycan arasındakı münasibətlərdən demək olar ki, heç nə deyilmir, sanki belə problem heç yerli–dibli yoxdur...Bu, nə jurnalistikadır, nə informasiya siyasətidir, - şəxsən mən bunu anlamaq iqtidarında deyiləm. Halbuki, məlumatlara görə artıq AŞ-nın Nazirlər Komitəsi ilk prosedurlara başlayıb. Həm də Azərbaycan üçün təkrar uzadılmış vaxt da dekabrın 5-də başa çatdı.

Televiziyonçularımız əziyyət çəkərək məsələyə toxunmasalar da, problem yetərincə bəllidir. Bir məhbusla bağlı konkret tələb var və siyasi təkəbbürü kənara qoyub, ən azı dövlət maraqları naminə qarşılıqlı şəkildə onu çözmək lazımdır.

Bilirsiniz, Abdulla Öcalan kimi siyasi canilərin, yaxud da dövlətə və millətə qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin həbsdə qalmasını israr etmək olar və hətta lazımdır da.

Amma indiki halda nə var? Gənc siyasətçi, hətta ola bilsin ki, qanunun və Konstitusiyanın sərhədlərini azacıq aşıb, lap açığı, bir azca ifrata varıb, amma bunun bədəlini də ödəyibdir, cəzasının da böyük hissəsini çəkibdir.

Xatırladaq ki, eyni vaxtda və eyni bir ittihamla həbs olunmuş Tofiq Yaqublu azad edildi və hamımız da bunu alqışladıq və sevindik. Üstəlik, bir faciə də baş vermədi, zəlzələ olmadı və yaxud da ki, göydən başımıza daş yağmadı! Deməli, İlqar Məmmədovu da azad etmək olar.

Artıq bu xüsusda hüquq müdafiəçilərimiz də fərdi və kollektiv müraciətlər ediblər. Belə təsəvvür yaranır ki, hökumət də məsələnin tamamilə dramatik həddə çatmasında maraqlı deyil, elə dövlət adamlarının da ilkin reaksiyalarından anlaşılır ki, İlqar Məmmədovun azı şərti azadlığa çıxması üçün razılıq var. Amma o da deyilir ki, İlqar Məmmədov qeyd-şərtsiz azadlığa buraxılmasını israr edir...

Düşünürük ki, hökumət də bu məsələdə inad göstərməməlidir, çünki hələ indiyədək Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirmək heç bir ölkəyə qarşı aşağılıq kimi yozulmayıbdır, əksinə həmin ölkənin və hakimiyyətin hüquqa və beynəlxalq öhdəliklərə sayğısı kimi dəyərləndirilibdir.

Türkiyə və Rusiya kimi dövlətlərlə «yarışmaq», «Onların da AŞ ilə ciddi problemləri var!» deyib yaranmış münasibətlərə bəraət qazandırmağa da lüzum yoxdur. Onlar, xüsusən də Rusiya böyük dövlətdir və böyük də ambisiyaları var, prinsipcə, nəinki AŞ olmadan, hətta Avropasız keçinər!

Rusiya heç NATO ilə hesablaşmır, ondan qala, AŞ ola! Hərçənd, şəxsən mən rusların bu siyasətinin perspektivinə çox şübhə edirəm və Tanrıdan da diləyim onların ikinci «perestroyka»sını da görməkdir!

O ki qaldı bizə, düzdür, bəzi məmurlarımız pulda-sərvətdə hətta milyarder-siyasətçi D.Trampa da «doqquz gələr»lər, amma dövlət olaraq «geosiyasi əzələləri» bərkiməmiş gənc ölkəyik! Bizim üçün hər tribuna qiymətlidir, çünki suverenliyimizi möhkəmləndirməli və torpaqlarımızı qaytarmalıyıq.

Məsələ həm də Avropaya münasibətimizin, bu istiqamətdəki siyasi strategiyamızın da göstəricisi olmaq iqtidarındadır. Onun həlli, AŞ ilə problemin çözümü qismən də olsa, bir suala cavab vermək gücündədir; Azərbaycanın, ümumiyyətlə, Avropa məkanında qalmaq fikri varmı?..

Belə sualların qarşılığında bəzi məmurlarımız qayıdırlar ki, nə danışırsınız, biz Avropa ilə bu qədər neft - qaz layihələri reallaşdırırıq, məgər bunlar sizə az gəlirmi? Biz də deyirik ki, bəli, azdır, çünki sizə neft və qaz, bizə isə Avropa Şurası lazımdır!..

Adi insanlarımızda da tərəddüdlər duyulur. AŞ bir yana, hətta AB-dən söz düşəndə qayıdırlar ki, gör bir, Ukrayna və Moldova nə vəziyyətdədir, istəyirsiniz ki, bizdə o hala düşək?

Narahatlığı qismən bölüşürük. Assosiasiya sazişi imzalayan üç ölkədən yalnız Gürcüstan ardıcıl olaraq nəsə etməyə cəhd göstərir.

O ki qaldı Ukraynaya və Moldovaya... Bilirsinizmi, ukraynalı qardaşlarımız başa düşmürlər ki, meydanlarda qışqırmaq, hətta gecələmək də azdır, qolları çırmalayıb iş görmək, ehtiyac olarsa, qeyri– populist qərarlar da qəbul etmək, Avropa institutlarının tövsiyyələrini reallaşdırmaq lazımdır.

Amma bunlar nə edir? Meydanlarda dağlar vəd edirlər, məqsədlərinə çatandan sonra isə hərəsi qaçıb bir dəliyə soxulurlar!

Bəli, obyektiv səbəblər də var, Ukrayna böyük, çoxmilyonlu ölkədir, solçu, xüsusən də rusiyapərəst meyllər çox güclüdür. Amma az vaxt da keçməyib axı! Deyirlər ki, Ukraynada korrupsiya var. Əslində isə demək lazımdır ki, Ukraynada çox dəhşətli korrupsiya var! Ölkə müstəqillik əldə edəndən az sonra oliqarx məmurların caynağına keçdi və ondan qurtula bilmir! Nə qədər deyilir ki, korrupsiyanı azaldın! Etmirlər və yaxud da ki, bacarmırlar...

Əvvəl Viktor Yuşşenkoya böyük ümidlər vardı. Amma o, nə qədər maymaq siyasətçi imiş, İlahi! Bizim insanlar Əbülfəz Elçibəyi indiyədək siyasətçi saymır. Olsun, öz işləridir. Amma hətta Ə.Elçibəy cəmi bircə ilin içində nə qədər iş gördü!

O ki qaldı indiki prezidentə, Petro Poroşenko haqqında hərə bir söz deyir, fəqət, bu adam tipik oliqarxdır, baxmayaraq ki, Kiyevin bütün rəngli inqilablarını maliyyələşdirən də elə o olub...

Bəlkə Sizə təəccüblü görünəcəkdir, amma Mixail Saakaşviliyə ümid edirik. Düzdür, Saakaşvilinin də təbiətində avantürizmə böyük meyl var, fəqət, məqsədinə doğru tank kimi gedir.

Usanmaq bilməyən Kreml strateqləri onu da özündən xəbərsiz öz ssenarilərinə «daxil etmək» istəyirlər. Düşünürlər ki, Saakaşvili bayaq dediyim avantürizmilə onların işini asanlaşdıracaq.

İkincisi, Mixail qardaşımız birmənalı Qərbin adamıdır, üstəlik, ukraynalı deyil, gürcüdür və Kremldə də fikirləşirlər ki, bu adam Ukrayna cəmiyyətindəki parçalanmanı özü də istəmədən bir azca da artıracaqdır.

Parçalanma isə çox qəliz şeydir və istənilən cəmiyyəti sarsıtmaq gücündədir. Di gəl, kremldəkilər yenə xəyallardadırlar. Bütün hallarda, onların istədiyi olmayacaq. Hələ Gürcüstan–Rusiya müharibəsi vaxtı da məqsədləri birbaşa Tiflisə girmək idi, az qala, şəhərin astanasında idilər. Amma alınmadı, dayandılar, özü də gürcü hərbisi dayandırmadı onları, Qərbin diplomatik təzyiqi dayandırdı!

Ona görə də Ukraynanın işğalı fikrindən nə qədər tez daşınsalar, bir o qədər yaxşıdır. Bunu etməyə onlara heç kim imkan verməyəcək, baxmayaraq ki, ABŞ-dakı sonuncu prezident seçkiləri zamanı düşdükləri sevdadan qurtula bilmirlər, halbuki çox ümid etdikləri Tramp cənabları da elə ilk gündən «ABŞ siyasət maşını» deyilən fenomenlə üzbəüz qaldı!

Moldovaya gəldikdə, bircə söz deyəcəm: Rumıniya Şərqi Avropanın axmaq ölkəsi sayıldığı kimi, elə Moldova da sovet məkanında ən sarsaq ölkə kimi tanınır.

Özümü onun bilicisi kimi təqdim etmirəm. Amma bu ölkədə həftənin cüt günləri sağlar, tək günləri isə sollar hakimiyyətdə olur! Korrupsiya da dəhşətli səviyyədədir, Ukrayna da onun yanında yola gediləsidir!

Qərəz, dediyimiz odur ki, saziş bağlamaqla, gedib adını harasa yazdırmaqla, böyük adamlarla şəkil çəkdirməklə iş bitmir! Kiyevdə və Kişinyovda siyasətçilər bunu anlamağa başlayanda işləri də sahmana düşməyə başlayacaq.

O ki qaldı özümüzə ... Deyirik ki, məsələn, Azərbaycan dini tolerantlıq nümunəsidir! Bilirsinizmi, bu, nəyin nəticəsidir? Onun nəticəsidir ki, biz hələ əsasən Qərb mədəniyyətinə yaxın xalqıq! 200 illik rus imperiyasının mənfiliklərilə bahəm müsbətləri də oldu, Avropa və Dünya mədəniyyətinə çıxış qazandıq. Amma yadınıza salın, Mirzə Cəlil və yaxud Sabir nələr yazırdı!

Düzdür, Fizuli də deyir ki, şair sözü, əlbəttə, yalandır!.. Amma «Molla Nəsrəddin»çilərin yazdıqları tamam yalan da deyildi. Bir tərəfdən həmin yazılar, digər yandan, bütün hallarda, İrandan–filandan daha mütərəqqi olan rus imperiyasının tərkibində olmağımız bizi xalq kimi çox dəyişdirdi.

Amma inanın, müəyyən siyasi islahatları aparmasaq, başqa cür də ola bilər, hətta 20-30 ildən sonra Azərbaycanın «tolerantlıq modeli» də sabun köpüyü kimi göyə sovrular və tamam başqa Azərbaycan yaranar.

Bir-iki ay öncə Rusiyanın saytlarının birində Azərbaycandakı dini proseslərlə bağlı kiçik təhlil oxuduq. İnanın, «pərdə arxası»nda ciddi və narahatlıq doğuracaq proseslər gedir. Buna doğrumu gedirik?..

 





11.12.2017    çap et  çap et