Son illər Azərbaycan prezidentinin çıxışlarının ana xəttini ölkədə sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılmasının vacibliyi təşkil edir. Dövlət başçısı bununla bağlı bir neçə sərəncam imzalayıb, sahibkarlıq subyektlərində əsassız yoxlamaların dayandırılmasını tələb edib, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi üçün «bir pəncərə» sistemi tətbiq olunub.
Prezidentin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması nəticəsində sahibkarlar üçün yaradılan süni əngəllərin əksəriyyəti aradan qaldırılsa da, problem mahiyyətcə dəyişməyib. Səbəb qanunvericilik bazası ilə deyil, insan faktoru ilə bağlıdır. Yəni verilən göstərişlərə rəğmən, xüsusilə də vergi orqanlarının sahibkarları sıxışdırması, min bir bəhanə ilə onların fəaliyyətinə mane olması günümüzün reallığıdır. Bu reallığı görmək üçün sosial şəbəkələrin, medianın monitorinqini aparmaq kifayətdir. Çox güman ki, Fazil Məmmədovun işdən çıxarılması da ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılan süni əngəllərlə bağlıdır.
Sual olunur, dövlət başçısı ölkədə sahibkarlığın inkişafında maraqlı deyilsə, yoxlamaların dayandırılması, «bir pəncərə» sisteminin tətbiqi, çoxistiqamətli subsidiyaların verilməsi barədə sərəncamları niyə imzalayır? Demək ki, dövlət bu işdə maraqlıdır, sadəcə prosesin effektini aşağı salan insan faktorudur. Sahibkarlıq fəaliyyəti iqtisadiyyatının onurğa sütunudur, bu sahə nə qədər çox inkişaf etsə, dövlətin onurğa sütunu bir o qədər sağlam olar. Prezidentin son sərəncamları göstərdi ki, Vergilər Nazirliyinin fəaliyyətində neqativ halları aradan qaldırmaq, nazirliyi sahibkarlığa mane olan deyil, sağlam rəqabət mühitinin inkişafına yardım göstərən quruma çevirmək zərurəti yaranıb. Qısası, Vergilər Nazirliyində ciddi islahatlara ehtiyac var, bu ehtiyac çoxdan hiss olunur, dövlət başçısı da islahatların aparılmasını məhz islahatçı anlayışı olan şəxsə tapşırmaqla problemin həllində nə qədər maraqlı olduğunu bir daha göstərdi.
Niyə Mikayıl Cabbarov? Uğurlu təyinat olub-olmadığını sözlə ifadə etməyə ehtiyac yoxdur, yeni nazir bu sualın cavabını öz fəaliyyəti ilə verəcək. Seçim zamanı güman ki, Mikayıl Cabbarovun islahatlar həyata keçirmək qabiliyyəti əsas götürülüb.
Cabbarovun fəaliyyəti dövründə təhsil sektorunda bütün problemlər aradan qalxıbmı? Bunu iddia etmək və nazir işlədiyi 4 il ərzində bütün problemlərin həllini gözləmək yanlışlıq olardı. Amma təhsil sahəsində islahatlar aparıldığını heç kəs inkar edə bilməz, təhsil sektoru ötən dövrlər ərzində xeyli islahatlar aparılan sahə olub. Ona görə də bu şəxsin son dərəcə ciddi islahatlara ehtiyac duyulan vergilər sektoruna rəhbər təyin olunması təəccüblü deyil, məntiqlidir.