Vaxt.Az

NATO tankları Rusiyaya yönələcək?


 

Almaniyaya gətirilən 100-dən çox son model zirehli texnikalarla Qara dənizdəki Amerika hərbi gəmisi arasında əlaqələr olduğu ehtimal olunur

NATO tankları Rusiyaya yönələcək? Bir neçə illik fasilədən sonra NATO-nun Avropadakı hərbi bazalarının birində yenidən Amerika tankları peyda olub. Virtualaz.org «Stars and Stripes» adlı Amerika nəşrinə istinadən xəbər verir ki, Almaniyanın Qrafenver şəhəri yaxınlığındakı hərbi bazaya ən son modifikasiyalı 29 «Abrams» tankı gətirilib.

Tanklardan əlavə hərbi bazaya 33 «Bradley» BTR-i və onlarla digər zirehli hərbi texnika da yerləşdirilib. Rəsmi olaraq bu zirehli texnikaların bazaya yerləşdirilməsi NATO hərbi təlimləri ilə izah edilir.

Lakin nəşrin yazdığına görə, Rusiya ekspertləri əmindir ki, Amerika zirehli texnikasının uzun fasilədən sonra Avropaya qayıtması heç də hərbi manevrlərlə bağlı deyil. Belə ki, Ukraynada qarşıdurmaların davam etdiyi və strateji əhəmiyyətli bu keçmiş sovet respublikasının Rusiyanın nəzarətindən çıxmaq üçün mübarizə apardığı bir vaxtda Qara dənizə iki Amerika hərbi gəmisi daxil olur, ardınca Avropadakı NATO bazasına Amerika zirehli texnikası yerləşdirilir. Həmçinin ABŞ-ın Almaniyadakı aviasiya qruplaşması döyüş hazırlığı vəziyyətinə gətirilib.

Xatırladaq ki, ABŞ-ın iki hərbi gəmisi göyərtəsində 600-a yaxın xüsusi təyinatlı dəniz piyadası olmaqla, fevralın 3-də Qara dəniz sularına daxil olub. Gəmilərin Ukrayna sahillərinə doğru üzdüyü bildirilir. Pentaqon bildirib ki, gəmilərin Qara dənizə daxil olması Soçi Olimpiadasında mümkün təhlükə zamanı amerikalıların evakuasiyasını və Rusiya tərəfinə təhlükəsizliyin təmin edilməsində dəstək verilməsi məqsədi daşıyır.

Bununla belə, Ukraynanın «Azadlıq» Partiyasının lideri Oleq Tyaqnibokun fikrincə, 600-dan çox xüsusi təyinatlı dəniz piyadası Soçidə mümkün terror aktları zamanı evakuasiya üçün göndərilə bilməzdi və ortada daha ciddi məqsədlər var.

Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşov isə hesab edir ki, NATO tankları Avropada ancaq bir məqsəd üçün tətbiq edilə bilər - Şərq istiqamətində irəliləmək üçün...

«Onlar nə şimala, nə də cənuba gedəcəklər. Mən istisna etmirəm ki, bu, Ukraynadakı hadisələrlə bağlıdır. Aydındır ki, Ukraynadan sonra Belarus, Rusiya və s. gəlir» - deyə Leonid İvaşov bildirib.

L.İvaşovun sözlərinə görə, NATO qüvvələrinin Ukraynaya yeridilməsi variantları müzakirə edilir: «Görünür, amerikalılar istəmir ki, Ukraynada vəziyyət dramatik xarakter alanda təkcə avropalılar bu hadisələrdə iştirak etməsinlər. Ona görə də onlar Avropaya öz tanklarını yeridirlər».
 





04.02.2014    çap et  çap et