Vaxt.Az

«Stolun üstündə pul saxlamayın»


 

Ən yoxsul insan puldan başqa heç nəyi olmayandır

«Stolun üstündə pul saxlamayın» Yaşamaq üçün pul zəruridir, amma daha çox pula, var-dövlətə sahib olmaq heç də vacib deyil. Odur ki, pulunuzun azlığından, qədərindən çox olmadığından heç vaxt şikayətlənməyin. Əgər ehtiyaclarınızı ödəyəcək qədər pul qazanırsınızsa, deməli rahat ömür yaşayacaqsınız. Əgər dünyanın ən varlı adamı olmaq istəyirsinizsə, bu sizə heç də yaxşı şeylər vəd etməyəcək. Çünki statistik göstəricilərə görə, dünyanın ən varlı insanlarının ömrü orta hesabla 60 ildən yuxarı olmayıb.

Bəs dünyanı çalxalayan, bəzi insanları hədəqədən çıxardıb iddialı edən pul haqqında nə bilirik?

Kağızdan düzəldilmiş pul əskinazı ilk dəfə Çində meydana gəlib.

Dünyanın ən qədim bankı olan «Banca Montedei Paschidi Siena» 1472-ci ildən İtaliyada fəaliyyət göstərir.

Hazırda dövriyyədə 829 milyard ABŞ dolları var.

1934-cü ildə Amerika Birləşmiş Ştatlarında 100 min dollarlıq əskinaz buraxılıb. Bu əskinaz banklararsı əməliyyatların aparılması üçün istifadə olunub. Həmin pulun üzərində ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun əksi olub.

100 dollardan ibarət 1 milyon dollar pulun kütləsi 10 kiloqramdır.

20-ci əsrin ortalarına qədər Afrikanın bəzi yerlərində pul əvəzinə ev heyvanlarından istifadə olunub.

20-ci əsrin sonlarında isə Belçikada buraxılan pulların üzərində reklam mətnləri yerləşdirilib.

Puldan istifadə etməklə qeyri-adi reklamlardan biri isə Amerikada baş tutub. Yeni supermarketin sahibi öz obyektindən xeyli kənarda topun içərisinə 8 min dollar pul yerləşdirib. Topdan atəş açıldıqda həmin pullar supermarketin qarşısına səpələnib. Pul əldə etmək istəyən minlərlə insan yeni supermarketin açıldığını görüblər.

Dünyanin ən böyük qızıl külçəsini isə yaponlar hazırlayıblar. Külçənin çəkisi 250 kiloqram, dəyəri isə 3.7 milyon dollardır.

Hazırda insanları əvvəlcə sevindirib sonra isə bəlaya salan kredit dünyada ilk dəfə, 1951-ci ildə «Amerikan-ekspress» şirkəti tərəfindən verilib.

Avropada istifadə olunan əksər pul vahidlərinin adları çəki vahidlərinin adlarından götürülüb. Məsələn, funt, marka, krona, lira və c.

İnsanların pula münasibəti də müxtəlifdir. Tədqiqatçıların qənaətinə görə, dünya əhalisinin 92 faizi öz sevgisini tapmaqdan çox, varlı olmağı arzulayırlar. Daha bir maraqlı fakt isə odur ki, planetdə yaşayan insanların dörddə biri elə düşünür ki, yalnız lotereya uduşları ilə varlanmaq olar. Digər bir fakt isə daha acınacaqlıdır. Böyük məbləğdə uduş sahiblərinə olacaq qəsdin ehtimalı digər insanlardan üç dəfə artıqdır.

Benjamin Franklinin pul qazanmaqla bağlı belə bir fikri var: «Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək». Ancaq bu deyimdə qənaətlə xəsislik anlayışlarını səhv salmaq olmaz.

Bəs qazanılan pulun boş-boşuna əldən getməməsi üçün nə etmək lazımdır? Bununla bağlı el arasında tez-tez söylənilən tövsiyələr var. İnandırıcı olmasa da, hər halda riayət etməyinə dəyər.

 

«Evdə fit çalmayın»

«Pul qabınızdakı xırdaları saymayın»

«Gün batandan sonra evdən zibil çıxarmayın»

«Axşam vaxtı heç kimə borc verməyin»

«Stolun üstündə pul saxlamayın»

«Evi ayrı-ayrı süpürgələrlə süpürməyin»

«Süfrəni əlinizlə təmizləməyin»

«Axşam vaxtı pul saymayın»

 

Əgər yuxuda siçan və tarakan görsəniz, bu büdcənizin zənginləşməsindən xəbər verir.

Pul haqqında müdriklərin bir çox dəyərli kəlamları var. Onlardan yalnız birini xatırlatmaq yerinə düşərdi: «Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə pulu hər şeydən üstün tutan insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar».

Ancaq təbii ki, bu deyimlərin, bu yozumların sonluğunda mütləq bir həqiqəti dərk etmək lazımdır ki, insanın ruzisini yetirən Allahdır. Amma deyildiyi kimi bir şərtlə: Səndən hərəkət, məndən bərəkət.

Daha bir həqiqət isə ondan ibarətdir ki, pulsuzluq heç də yoxsulluq demək deyil. Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır...

 





11.12.2017    çap et  çap et