VAXT.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ötən ay əvvəlki ayla müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, iri alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində artım, paltaryuyan maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.