Vaxt.Az

Qadınlar narahat olmalıdırlar...


 

Qaşların seyrəlməsi və sızanaqlar ...

Qadınlar narahat olmalıdırlar... «The Daily Mail» yazır ki, üzdəki dəyişikliklər tamamilə normal hal sayıla bilər, lakin onların ciddi xəstəliklərdən xəbər verməsi də mümkündür.

Məsələn, gözün ətrafındakı qara həlqələr, üzdəki sızanaqların və tüklənmənin artması, qaşların seyrəlməsi bu qəbildəndir.

Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbindən professor Suzan Teylor (Susan Taylor) məhz belə hallardan söhbət açıb.

 

Qaşların seyrəlməsi

 

Professor bildirir ki, qadınlar yaşa dolduqca tüklər seyrəlir, quruyur və onların tökülməsi artır. Qaşların seyrəlməsinə onların ifrat alınması da səbəb ola bilər.

Amma qaşların seyrəlməsi bəzi hallarda hipoterioz deyilən xəstəlikdən də xəbər verir. Bu hal qalxanabənzər vəzilərdə hormon çatışmazlığı nəticəsində yaranır.

Doktor Teylor məsləhət görür ki, ciddi şəkildə narahat olmazdan əvvəl başqa simptomlara da fikir verməlisiniz. Hipoterioz zamanı yorğunluq və süstlük kimi hallar da müşahidə olunur, bəzən üşütmə gəlir.

«Bu zaman dəriniz həddən artıq quruya bilər. Qəbz də ola bilərsiniz», - həkim deyir.

Ekspertin sözlərinə görə, bütün bu halları özünüzdə hiss edirsinizsə, həkimə müraciət etməyiniz məsləhətdir.

 

Üzdə ifrat tüklənmə və sızanaqlar

 

Professor Suzan Teylor bildirir ki, üzdə ifrat tüklənmə və sızanaqların artması yumurtalıqların polikistozunun göstəricisi də ola bilər. Amma ola da bilsin ki, bu irsiyyətinizlə bağlı bir haldır. Üzün tüklənməsi stresslə də bağlı yarana bilər.

Amma bütün hallarda əlamətlər hormon tarazlığının pozulduğunu göstərir. Yumurtalıqların polikistozu testosteronun (kişi hormonunun) yüksəlməsinə səbəb olur.

Bu hal ümumiyyətlə qadınların yumurtalıqlarının necə işləməsi ilə bağlıdır və orta hesabla hər beş qadından birində müşahidə edilir.

Doktor Teylor bu halda ginekoloqa müraciət edilməsini məsləhət görür.

 

Yanaqlarda qızartı

 

Yanaqlarda qızartı Lupus və ya «Qırmızı qurd eşənəyi» deyilən pozuntu ilə bağlı ola bilər.

Doktor Teylor deyir ki, qızarmaq bəzi adamlarda utancaqlıq və pərtlikdən doğan adi haldır. Bəzən alkoqol və istiotlu yeməklər də üzdə qızartı yaradır.

Yaşlı qadınlarda yanaq qızartısı menopauzadan da yarana bilir.

Lakin əgər yanaqlardakı qızartılar yay aylaırnda artırsa və hətta çənə də qızarırsa, çox güman, söhbət avtoimmun xəstəliyi olan Qırmızı qurd eşənəyindən gedir.

Professor qeyd edir ki, bu, çox mürəkkəb və səbəbi çətin izah olunan prosesdir. Simptomlar yüngül, amma bəzən həyat üçün təhlükəli olacaq qədər güclü ola bilir.

Doktor Teylor bildirir ki, Lupus xəstəliyinin simptomlarına həm də oynaqların və əzələlərin ağrısı, üzgünlük kimi hallar da əlavə oluna bilər, lakin bir çox hallarda məsələ uzun qızarması ilə bitir.

Yuxarıda sözü gedən hallar sizdə olursa, mütləq həkimə müraciət edin.

 

Gözün altındakı həlqələr

 

Professor Teylor bildirir ki, gözlərin altındakı həlqələr avtoimmun xəstəliklərin göstəricisi ola bilər.

Həkim əlavə edir kİ, əgər bu yuxusuzluqdan əmələ gəlirsə, heç bir xəstəliyin göstəricisi sayılmır.

Amma digər tərəfdən gözün altındakı həlqələr yeməyinizdəki duzun çoxluğu və ya müəyyən allergiyalarınız olmasından da xəbər verir.

Teylor bildirir ki, gözaltı həlqələrin ətrafında qızartı da varsa, bu bəlkə də dermatomiozit deyilən xəstəliyin göstəricisidir.

Dermatomiozit əzələ ağrıları və zəiflik gətirən nadir avtoimmun xəstəliklərdəndir.

Həkimlər bu xəstəlikdən şübhələnəndə pasientləri ultrasəs laboratoriyasına göndərirlər. Bu zaman əzələ və ya dəri biopsiyasının götürülməsi də lazım gələ bilər.

Doktor Teylor deyir ki, bu xəstəliyi, adətən steroidlərlə müalicə edirlər.

 





12.12.2017    çap et  çap et