Vaxt.Az

«Bəli, əfəndim, xatırlayıram!»


 

Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası

«Bəli, əfəndim, xatırlayıram!» Səkkiz gün çəkdi. Rza Zərrabın ifadəsi hər gün səhər 9.15-də başladı və axşam 5-də bitdi.

Verilən məcburi yemək fasilələrini, vəkillər və hakim arasında kiçik iclasları, Zərrabın aldığı taktika fasilələrini saymasaq, o, aşağı-yuxarı 48 saat ərzində ona verilən suallara cavablar verdi. Onun vəzifəsi də bu idi.

O kresloya doğrunu, sadəcə, doğrunu demək üçün oturmuşdu. Tez-tez təkrarlayırdı: «Dediklərini xatırlamıram, amma bura 100 faiz doğruları söyləmək üçün oturduğum üçün kimisə çaşdırmaq istəmirəm, əfəndim!»

O, 12 məhkəmə andlısı, ehtiyat andlılar, prokurorlar, vəkillər, hakim və onun etiraflarını dinləmək üçün gələn axın-axın, salon dolu insana yüksək reytinqli şousunu göstərdi və hər səhər girdiyi qapıdan səkkizinci günün sonunda ona təşəkkür edildikdən sonra getdi.

Məhkəmə bitməsə də Zərrabın hissəsi bitdi.

O, bu sorğuya aylarla hazırlaşdırılıb. Zərraba tez-tez «bəli və ya xeyr deyə cavab verin» deyilsə də, onun qısa cavabların insanı olmadığı aydın idi və o, elə uzun danışırdı ki, nə dəftər, nə qələm çatırdı.

«Bir vaxtlar mən də jurnalist idim, indi maraqdan baxıram» kamuflyajı altında məhkəməni seyr edən, Zərrabın ağzından çıxan hər şeyi qeyd edənlər də bezdi.

Hər gün «Queensten»dən məhkəməni seyr etməyə gələn bir qrup ev xanımı da həvəslə yazırdılar. Onlar burada olanları Türkiyədəki qohumlarına danışırlarmış.

Zərrab sorğusunun son gününə qədər ona verilən taktikaları istifadə etdi. Bir öyrətmişdilərsə, o, beş nümayiş etdirdi.

Bəlli ki, başı çox işləyir. Suallara sualla cavab verib, həm vaxtlarını aldı, həm də əsəblərini gərdi.

İllərin vəkili Keyti Fleminq (Cathy Fleming) də ən yaxşı həmlələrindən birini etdiyini sanarkən, Zərrabın düzəlişinə məruz qaldı: «Güman edirəm səhv oxudunuz, xanım, xahiş edirəm, bir də oxuyun!» Fleminq bir daha oxudu və «Üzr istəyirəm, sualımı geri alıram!», dedi.

Nə birbaşa sorğu, nə çarpaz sorğu, nə də müdafiədən sonra prokurorluğun təkrar etdiyi və yalnız müdafiənin iddialarının üzərindən keçmə izinin olduğu qeyri-adi sorğu əsnasında Zərrabın səs tonu heç dəyişmədi.

Lazım olanda hər kəsə rüşvət verdiyini, kimsə üçünsə fahişə təşkil etdiyini, Türkiyədə ödədiyi rüşvətləri, hər kəsin bir qiyməti olduğunu, korrupsiyaya meylli insanları satın aldığını, Türkiyədə rüşvət verərək zindandan çıxdığını, «Brooklyn»dəki həbsxanada də cinayətə qarışdığını, həbsxanaya içki keçirdiyini, narkotik istifadə etdiyini, Federal Təhlükəsizlik Bürosuna (FTB) ifadə verərkən yalan bəyanatlar dediyini, Türkiyədə vergidən yayındığını, xəyali ixracat həyata keçirdiyini böyük bir rahatlıqla danışdı.

Nə mail, nə «Whatsapp» mesajları, nə səs yazıları, heç birini inkar etmədi, «Bəli, əfəndim, xatırlayıram!», dedi.

Telefon yazılarının birində o, müavini Abdulla Happani ilə işdən qovdurduğu «Halkbank» əməkdaşı Ləvənd Balkan barədə danışır. Başqa bir telefon yazısında isə o, Ləvənd Balkana zəng edib:

«Alo, Ləvənd bəy, salam, halallaşmaq üçün aradım. Etdiklərinizə görə və verdiyiniz qiymət üçün təşəkkür edirəm. Əlbəttə, görüşəcəyik Ləvənd bəy, xeyirli axşamlar!»

Bu iki danışıq arasında ideoloji uçurum barədə soruşanda, «Ləvənd Balkan mənim şirkətimə aid məlumatları rəqiblərimə verirdi, amma İran işi zəhmətini necə görməməzliyə gəlim? O ayrı, o ayrı» deyib Zərrab. Hər şey xülya ikən, qurduğu münasibətlər niyə gerçək olsun ki?

Zərrabın ifadəsi 7 dekabr 2017-ci ildə bitdi və o, saat 16:15-də 17B nömrəli salondan çıxıb getdi.

O gedincə ətraf boşaldı. Hər səhər tezdən evlərindən çıxaraq gələn ər-arvad da, o bir qrup qadın da daha gəlmir.

Andlılar da yorğundur, amma bu məcburi bir vəzifədir, sonuna qədər gələcəklər, çarəsi yoxdur.

 





12.12.2017    çap et  çap et