«Ailə qurduqdan sonra 5 il övladımız olmadı. Mən və həyat yoldaşım bu müddət ərzində psixoloji və fiziki çətinliklər yaşadıq. Mənə hər hansı bir təzyiq yox idi. Sadəcə, başqa ailələr kimi mən də ana olmaq hissini yaşamaq istəyirdim. Beş ildən sonra Alsu dünyaya gəldi. Övladımızın adını həyat yoldaşım qoydu. Sevincimizin həddi-hüdudu yox idi. Qarışıq hisslər duyurdum. Çox keçmədən Leyla doğuldu. Sevinirdim həm də ona görə ki mənim bacım olmayıb, amma qızımın bacısı oldu»,-deyə Fərqanə Mehmanqızı bildirib.
O deyir ki, həyat yoldaşı da Leylanın dünyaya gəlməsinə sevinib: «O zaman yoldaşımın üzünə gizlin-gizlin baxdım. Üzündən o «oğlan istəyirdimi», «məyus oldumu» kimi fikirlərini oxumaq istəyirdim. Bir gün ondan «yenidən qız atası olduğuna pis olmadınmı» deyə soruşdum. Üzümə baxıb gülərək dedi: «övladın fərqi yoxdur». Buna görə də onunla fəxr edirəm. Bəziləri kimi o, oğlan uşağı dünyaya gətirməyimi tələb etmədi. Biz qızlarımızla nəfəs alırıq. O ata kimi qızlarından sevgisini əskik etmir. Hətta həddindən artıq nazlarını çəkir. Mənim atam belə deyil deyə bəzən qısqanıram. Qızlardan nə qədər şikayət etsəm də, o övladlarının nazını çəkir».
Fərqanə Mehmanqızı deyib ki, onların xoşbəxtliyinə kölgə salmağa cəhd edənlər olub: «Bəziləri biləndə ki iki qızımız var, onlar bizə «bir oğul da qismətiniz olsun» deyirlər. Mən onlara təşəkkür edib uzaqlaşmağa başlayanda «oğlan düşmən çəpəridir» deyirlər. Mənim iki qardaşım var. Heç qorunmağa ehtiyac duymadım. Savadım, vicdanım, xarakterim və nəhayət ictimaiyyətdə tutduğum mövqeyim məni yalnışlardan qoruyub.
Qızlarım da təhsilə önəm verirlər. Əlaçıdılar, şərəf lövhəsində fotoları var. Məktəbin ictimai fəaliyyətində də aktiv iştirak edirlər. Vicdanım rahatdır cəmiyyətə sağlam düşüncəli, iki qız hazırlayıram.
Qız uşağını istəməyən valideynlərə səslənmək istəyirəm. Qız övladı ailənin tamamıdır. Bilmirəm yenə övladım olacaq ya yox, amma bildiyim odur ki yenə qızım olsa sevinəcəm. Bizdə kişi və qadın bərabərdir».
***
Digər həmsöhbətim, həmkarım Həmidə Rüstəmova da iki qız anasıdır. O, tikinti şirkətində tikintiyə nəzarət edən Telman Alışovla ailə qurub. Onların iki qızı, Burlaxatun və Məhinbanu, bir oğlu, Ərtoğrul dünyaya gəlib.
Jurnalist H.Rüstəmova «Mədəniyyət» qəzetində və Azərbaycan Dövlət Kukla Teatrında çalışır.
«Ana olmaq, xüsusilə qız övladlarına sahib olmaq dünyanın ən ülvi hisslərini daşımaqdır. Bu, məsuliyyət baxımından ağır olsa da, şıltaq qız uşaqlarının sevgi və sevincində izaholunmaz duyğudur. Onlar mənim üçün dünyanın ən möhtəşəm ərməğanıdır və Tanrıma təşəkkür edirəm ki, məni məhz onlarla mükafatlandırıb», - deyə H.Rüstəmova bildirib.
O deyir ki, dünyaya gələn iki qız övladından sonra onu qınayanlar az olmayıb: «Ətrafımdakı müəyyən insanlar, xüsusən bəzi qadınlar «bu dövrdə iki qız nəyinə lazım idi?» və ya «Niyə yoxlatdırıb dünyaya gətirmədin» kimi kobud və mənasız suallar verirdilər mənə. Bir müddət belə suallara sərt reaksiya verirdim, sonralar isə sadəcə gülüb keçdim.
Mən hesab edirəm ki, selektiv abort ən böyük cinayətdir. Mən bir ana və qadın olaraq daim bir fikrin üzərində dayanıram: Dünyaya uşaq gətirməyi bacaran qadın özlüyündə qəhrəmandır və o övladının yaşamını təmin etməyə borcludur. Yəni həyat nə qədər çətin olsa da, qadın ana olduqdan sonra övladı üçün yeri gəlsə bütün dünya ilə vuruşmalıdır. Bu, kiməsə görə şablon olsa da, mənim həyat şüarım belədir», - deyə H.Rüstəmova bildirib.
O, övladlarının sənət və peşə sahibi olmasından maraqlıdır: «Qadın özünü cəmiyyətdə təsdiq etdiyi halda maddi və mənəvi baxımdan azad və rahat ola bilər. Mən qızlar üçün təhsili əsas meyar hesab edən ailədə böyümüşəm. Və istəyirəm ki, qızlarım da peşə və ya sənət sahibi olsunlar».
H.Rüstəmovanın selektiv aborta qaçan ailələrə mesajı budur: «Xahiş edirəm, hətta yalvarıram bətninizdəki mələkləri ətrafınızdakı şeytanlara qurban verməyin. Çünki nə qədər qaçsanız da qatil hissi sizi tərk etməyəcək».
***
Digər müsahibimiz Gülnarə Tağıyevanın Ramil Tağıyevlə izdivacından iki qızı dünyaya gəlib. Qızları Nailə 2007-ci ildə, Aydan isə 2008-ci ildə doğulublar.
«Mən ixtisasca hüquqşünasam, amma bu sahədə heç vaxt çalışmamışam. Həyat yoldaşımın ali təhsili yoxdur. Amma nə həyat yoldaşım, nə də qaynınam qız dünyaya gətirdiyim üçün mənə hər hansı bir təzyiq etməyib. Selektiv aborta cəhd etməmişəm, ümumiyyətlə bu barədə düşünməmişəm. Mən köhnəlmiş bir əşyamı belə ata bilməyən adamam, o ki qalsın canımın bir parçasını», - deyə G.Tağıyeva bildirib. O, qızlarının uğurlu gələcəyini təhsildə görür.
BMT-nin Bakı ofisinin açıqlaması və...
Dünyaya gələn uşaqların cinsi nisbəti bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qıza 105-107 oğlan düşür. Son illərdə Azərbaycanda bu nisbət pozulması müşahidə olunub. BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin məlumatına görə 2016-cı ilin statistikasına 100 qıza 114 oğlan düşür. Məlumatda o da bildirilib ki, Azərbaycanda son on illiklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə doğulan oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cinsi nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.
Gender (kişi və qadın) bərabərliyinin təminatları ilə bağlı müddəalar Azərbaycanın əksər qanunvericilik sənədlərində öz əksini tapıb. Lakin, əhalinin bu məsələlərə olan münasibəti gender bərabərliyinin tam bərqərar olmasına maneələr törədir.
Cəmiyyətdə kişilərin sayının bu cür kəskin şəkildə artması davam edərsə, ölkə bunun acınacaqlı nəticələri ilə üz-üzə qalacaq. Belə ki bu vəziyyət gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri, kriminal səviyyənin artmasına səbəb olacaq. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızların inkişafı üçün imkan yaradılmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova bildirib ki, cəmiyyətdə oğlan uşaqlarının instrumental və simvolik dəyəri var: «Oğlanlara qoca yaşında olan valideynləri həm maddi, həm qeyri-maddi qayğı ilə təmin edən, ailəni, bacılarını və ailənin ləyaqətini qoruyan, ailənin adını daşıyan və nəsli davam etdirən, həmçinin ailə biznesini davam etdirəcək və mülkünü saxlayacaq övlad kimi baxırlar. Onu da deyim ki, media gender stereotiplərinin formalaşmasına çox böyük təsir göstərir».
Vəkil tövsiyəsi
Vəkil Əkrəm Həsənov hesab edir ki, qız uşaqlarının dəyərinin təşviqi üçün maarifləndirmə və qanunvericilik sahəsində işlər aparılmalıdır: «Maarifləndirmə oğlan uşaqlarına üstünlük verilməsinin vəhşilik olmasını təbliğ etməyə yönəlməlidir. Burada daha çox milli deyil, dini dəyərlərə yer verilməlidir. Çünki oğlan uşaqlarına üstünlüyün verilməsi faktiki milli mentatliletin məhsuludur. İslam isə əksinə qız uşağına, qadına böyük yer verir. Dinizim yaranandan qız uşaqlarının öldürülməsini yasaq edib. Bu gün isə faktiki abort yolu ilə qız uşaqları məhv edilir. Buna görə də qanunvericilik abortları qadağa etməlidir. Yalnız ananın sağlamlığını qorumaq üçün müstəsna hallarda buna yol verilə bilər. Daha sonra ilk dövrdə qız uşağına görə müavinətin verilməsini də nəzərdə tutmaq olar.
Onu da bildirim ki qanunda boşluqlar var. Bundan da istifadə edilir. İlk növbədə abort qadağan edilməlidir. Dövlət proqramlarında, o cümlədən tədris proqramlarında bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Oğlan uşağının qızdan üstün olmasını məktəbdən başlayaraq hamının beynindən silmək lazımdır. Təəssüf ki, hazırda bunların heç biri edilmir. Hamı problemdən danışır, amma real iş görən yoxdur. Belə getsə, artıq yaxın onilliklərdə ölkədə ciddi qadın qıtlığı yaranacaq. Deməli, oğlanlarımız xaricdən gəlin gətirəcək. Bu da milli varlığımıza təhlükə ola bilər. Mən beynəlmiləl nikahların əleyhinə deyiləm. Amma bu hal kütləvi xarakter alsa, ciddi problemlərlə üzləşə bilərik. Ailənin, ocağın qoruyucusu anadır. Analarmız əcnəbi olsa, gələcəyimizə təhlükədir».
Ginekoloq məsləhəti
Ginekoloq Rəna Həsənəliyeva bildirib ki, 12-13 həftədən sonra dölün cinsiyyətini təyin etmək mümkündür: «Selektiv abortun qadın üçün mənfi təsirləri və riski var. Belə ki, uşaqlığın perforasiyası, ağır qanaxma, uşaqlığın atoniyası, sepsis, metroendometrit, nəticədə uşaqlığın sinexiyaları və sonsuzluq, hətta ölümə gətirən ağırlaşmalar olur.
Abortlar ürək çatışmazlığı, kardiomiopatiyalar, xroniki böyrək çatışmazlığı, yüksək arterial təzyiq, ağır diabetik xəstəlik, tez-tez təkrar olunan epileptik tutmalar, onkoloji xəstəliklər, ağır qan xəstəlikləri, piylənmə 3-4-cü dərəcəli, ağır trombozlar, qara ciyər çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərdə aparılması arzuolunmazdır».
Həkim hesab edir ki, qız uşaqlarına olan münasibəti dəyişmək üçün cəmiyyətdə maarifləndirmə aparılmalı və tibbi savad artırılmalıdır.
Psixoloq rəyi
Psixoloq Kəmalə Əliyeva bildirib ki, selektiv abortun qadına fizioloji zərəri ilə yanaşı psixoloji zərəri də var: «İndi məktəblərdə siniflərə nəzər salanda görürük ki, sinifdə oğlanların sayı qızların sayından təxminən iki dəfə çoxdur. Bax bu fakt valideynlərin ana bətnində uşağın cinsiyyətini seçdiyini sübut edir. Qız uşaqları bətndə tələf olunur. Bu problemin qarşısı almaq üçün ailədə qadına münasibət müsbətə doğru dəyişməlidir. Daha sonra məktəblərdə bu iş davam etdirilməlidir və yaxşı olar ki ailə münasibətləri izah edilən dərslər tədris olunsun. Qadınların öz hüquqlarını bilməsi üçün hüquqi maarifləndirmə işi aparılmalıdır.
Psixoloq Gülnar Orucova da bildirib ki, selektiv abort ailə münasibətlərinə mənfi təsir göstərir: «Hətta abortun həyata keçirilməsinə cütlük qarşılıqlı şəkildə qərar veribsə, bu, heç də o demək deyil ki, ərlə arvad bunu unuda, bundan sonra uzun və xoşbəxt ömür sürə bilərlər. Qadınla kişinin bu qərarı verməsi artıq onu göstərir ki, onlar mükəmməl ailə sahibi olmağa hələ hazır deyillər və aralarında həll edə bilmədikləri müəyyən problemlər var. Bu addımla cütlüyün gələcəyə dair inamı, həmçinin bir-birinə olan etimadları sarsılır. Qadın abortdan sonra öz tərəf müqabilini sanki öz ürəyindan «abort» etmiş olur.
Hətta siz abort etməkdə çox qərarlı olsanız da, bu, heç də o demək deyil ki, vicdanınız sizi narahat etməyəcək. İstənilən halda siz insan həyatını məhv etmisiniz. Və hamının qarşısında özünü günahkar hiss edir.
Psixoterapiya praktikası göstərir ki, abortdan sonra doğulan uşaqlar depressiv olur və həyatın sərt qanunlarına uyğunlaşa bilmirlər. Onlar sanki gələcəkdən ləzzət almağı bacarmır, layiq olduqlarını hiss edə bilmirlər».