Vaxt.Az

«Made in China» ...


 

ABŞ bu yarlıqda təhlükə görür - NİYƏ?

«Made in China» ... «Çin «İpək yolu» layihəsi ilə özünün iqtisadi sabitliyini təmin etməyə cəhd göstərir». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər ABŞ-ın dövlət katibi Reks Tillersona məxsusdur.

ABŞ rəsmisi deyib ki, ölkəsi Çinin iqtisadi inkişafına mane olmaq niyyətində deyil və bu inkişafın beynəlxalq iqtisadi normalar çərçivəsində davam etdirilməsində maraqlıdır: «Region ölkələri azad ticarət imkanından faydalanmalıdır və Çinin dünyaya öz qayda və normalarını qəbul etdirmək, habelə iqtisadi aqressiya vasitəsilə yüz milyonlarla insanı aclıq təhlükəsi qarşısında qoyma cəhdləri yolverilməzdir».

Bu arada Ağ Ev rəhbərinin milli təhkükəsizlik üzrə müşaviri Herbert Makmaster milli təhlükəsizlik üzrə dövlət strategiyasında Rusiya və Çinin ABŞ-a təhlükə yaradan dövlətlər arasında yer aldığını bildirib.

O bildirib ki, Rusiya və Çin qonşu dövlətlərin suveren hüquqlarını pozduğundan, onların atdığı addımlar dünyada sülh və sabitliyə ciddi təhlükədir.

H. Makmaster Rusiyanın yeni dövrün müharibəsini başladığını, məqsədinə nail olmaq üçün pozuculuq, dezinformasiya və təbliğat kimi vasitələrdən istifadə etdiyini və nəhayət, bu addımlarla ölkələri bir-birinə qarşı qoyduğunu da deyib.

Xatırladaq ki, əvvəllər dövlət katibi R. Tillerson anti-Rusiya sanksiyalarının Ukrayna məsələsinin həllinədək qüvvədə olacağını desə də, sonuncu bəyanatında bu məsələnin ABŞ-la Rusiya arasındakı münasibətlərin normallaşmasına yeganə maneə olmadığını söyləyib.

 





13.12.2017    çap et  çap et