Mən dövlətlərin sırf dini və ya etnik yaxınlıq səbəbi ilə bütün məsələlərdə həmrəy olmasının zəruriliyi barədə fikirləri bölüşmürəm. Əgər ayrı-ayrı dövlətlər varsa, deməli, ayrı-ayrı maraqlar da var və bu da normaldır. Din amili həmin ölkələri eyni cür düşünməyə, eyni istiqamətdə addımlamağa vadar edə bilməz və etməməlidir. Lakin Qüds-Fələstin problemi müsəlmanların həmrəy olduğu nadir məsələlərdən biridir və Trampın qərarından sonra sözdə də olsa, bu həmrəyliyin ortaya qoyulması ehtimalı var idi. Yenə olmadı.
Səudiyyə Ərəbistanı, Misir kimi ərəb dünyasının lider dövlətləri zirvəyə aşağı səviyyəli təmsilçi göndərib. Səudiyyə tərəfi ümumiyyətlə, nazir müavini səviyyəsində iştirak etməklə İstanbul görüşünə münasibətini açıq şəkildə ortaya qoymuş olub. Bu vəziyyətin bir neçə səbəbi var:
- Səudiyyə Ərəbistanı və onun çevrəsindəki ərəb ölkələrinin ABŞ-İsrail cütlüyü ilə birlikdə hərəkət etməsi və bu zəmində bölgədə yeni bir ittifaq qurulması çabaları; (Trampın qərarı bu məsələdə bir az qeyri-müəyyənlik yaradıb.)
- Regional liderlik uğrunda Səudiyyə Ərəbistanı - İran mübarizəsinin kəskinləşməsi və tərəflərin cəbhələşməsi;
- Türkiyənin regional siyasətdə İranla yaxınlaşmasının bölgənin sünni cinahında narazılıq yaratması;
- Türkiyə-Misir münasibətlərində gərginliyin davam etməsi.
Sonuncu məsələ ilə bağlı bir məlumatı qeyd edim ki, noyabr ayında Misirdə 29 Türkiyə vətəndaşı həbs edilib. Bu şəxslər Türkiyə kəşfiyyatı üçün məlumat toplamaqda, «İhvan»ı yenidən hakimiyyətə gətirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdə, çirkli pulların yuyulmasında və s. əməllərdə ittiham olunur. Belə bir vəziyyətdə Abdülfəttah əs-Sisinin Türkiyədəki toplantıya qatılması zatən gözlənilmirdi.
Onu da nəzərə çatdırım ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bir müddətdir ki, Fələstin məsələsinin çözümü üçün yeni sülh planı üzərində işləyir. ABŞ tərəfindən Trampın kürəkəni Kuşner bu işi koordinasiya edir. Qüds-Yerusəlimin İsrailin paytaxtı kimi tanınması həm də fələstinlilərə verilən göz dağı idi ki, güzəştlərə razılaşmasanız, itirməyə davam edəcəksiniz.