- Bir çox təhlilçi düşünür ki, NATO hazırda daxildən parçalanmaqdadır. Buna əsas misal kimi də alyansın vacib üzvlərindən olan Türkiyəylə münasibətlərdə yaranan uzaqlaşmanı göstərirlər. Siz necə düşünürsüz, Türkiyəylə NATO və Qərb qurumları arasında belə bir soyuqlaşmanın əsas səbəbləri nədir?
- Düşünürəm ki, bu məsələni təhlil edərkən hansı səviyyədə təhlilin aparılmasına diqqət etmək lazımdır. Təhlil strateji, operativ və taktiki səviyyədə olar bilər. Əgər, məsələyə strateji yəni, uzunmüddətli və geniş səviyyədə yanaşsaq aydın olar ki, NATO-nun tarixində buna bənzər, hətta bundan da kəskin böhranlar çox olub. Amma NATO bu böhranları uğurla dəf edə bilib və alyansı da bu günə kimi qoruya bilib. Bilirsiniz ki, NATO kimi alyanslar həm maraqlar, həm də dəyərlər üzərində qurulub.
Nəzərə almaq lazımdır ki, Türkiyə dünyəvi bir ölkədir, Qərblə eyni universal dəyərləri bölüşür və xüsusən hərbi təhlükəsizlik məsələsində strateji maraqları üst-üstə düşür. Üstəlik bu günə qədər NATO ilə əlaqələrinə görə strateji güc və qüvvələrini inkişaf etdirmək imkanı olmayıb. Buna görə də Türkiyənin NATO-ya ciddi ehtiyacı var. Digər tərəfdən də Balkanlarda, Orta Şərqdə və Qafqazda baş verənlərin perspektivinə baxsaq, ələlxüsus terrorizmlə mübarizə və qaçqın probleminə görə NATO-nun Türkiyəyə çox ehtiyacı var.
Strateji planda Türkiyə və NATO münasibətlərinin davam edəcəyini düşünürəm. Operativ və taktiki planda, Suriya və İraqda operativ əməliyyatların keçirilməsində isə fikir ayrılıqları ola bilər.
İndiki fikir ayrılıqları əsasən Suriyada yaranmış durumla, ABŞ strateji kürd kartından əl çəkmək istəməməsiylə bağlıdır. Bildiyiniz kimi ABŞ YPG-yə verdiyi dəstəkdən imtina etmək istəmir. Açıq görünür ki, ABŞ həm Türkiyə, həm Suriya, həm İran, həm də İraq ərazisini əhatə edən kürd dövlətinin qurulmasıyla bağlı plana sahibdir. Bu da Türkiyənin milli təhlükəsizlik maraqlarıyla toqquşduğuna görə məsələyə ciddi yanaşmaq lazımdır. Yəni, bu məsələ strateji maraq daşıyan məsələ olduğuna görə ABŞ–Türkiyə, dolayısıyla Türkiyə-NATO münasibətlərinə strateji baxımdan təsir edə bilər. Digər operativ və taktiki məsələlərin isə ötəri olduğunu və müvəqqəti xarakter daşıdığını düşünürəm.
- Suriya hava məkanında Rusiya qırıcı təyyarəsinin Türkiyə qoşunları tərəfindən məhv edilməsindən sonra Rusiya və Türkiyə arasında böyük gərginlik yarandı. Lakin, bu gərginlikdə NATO və Qərb qurumları belə demək olarsa Türkiyəni Rusiya qarşısında yalnız buraxdı və dəstəkləmədi. Sizcə son aylarda Türkiyənin Rusiya ilə bu cür yaxınlaşmasına bu hadisənin hansı dərəcədə təsiri oldu? Ərdoğanın xarici tərəfdaş rolunda Putinə uz tutmasını nə dərəcədə uğurlu siyasət hesab etmək olar?
- Mənə elə gəlir ki, geniş planda götürdükdə Qərblə Türkiyə arasında bugünkü ziddiyətlərin, fikir ayrılıqlarının kökündə Yeni dünya nizamında rol bölgüsü əsas rol oynayır. ABŞ və Qərbi Avropa istəyir ki, Türkiyə həmişə olduğu kimi yalnız ona ayrılan rol ilə barışsın və sadəcə bu rolu icra etsin.
Lakin, Türkiyə kifayət qədər güclənib və yeni nizamda öz gücünə uyğun yer almaq istəyir. Bu da ABŞ-ı və digər qərb ölkələrini narahat edir. Yəni, əsas məsələ Türkiyənin nisbətən güclənməsi, müstəqil siyasət aparmağa başlaması və yeni dünyada öz gücünə uyğun yer almaq istəməsi, geopolitik oyunqurucu olmasa da, oyunpozucu statusuna gəlməsiylə bağlıdır.
Digər məsələlər isə bundan törəmə məsələlərdir. Həm açıq şəkildə kəşfiyyat məlumatlarının bölüşülməsi, həm də Türkiyədə aparılan istintaq işləri və məhkəmə prosesləri göstərir ki, Qərbdəki müəyyən dairələr müstəqil siyasət aparmağa çalışan Ərdoğanı devirməkdə maraqlıdırlar.
Məncə hazırda Türkiyə ilə Qərb arasında əsas ziddiyyətin səbəbi də məhz budur. Görünən budur ki, tərəflərdən heç biri artıq güzəştə getmək istəmir. Ona görə də düşünürəm ki, tərəflərdən birinin digərinə kəskin ehtiyacı olmayana qədər bu gərginlik davam edəcək. Bu gərginlik davam etdikcə də Türkiyə alternativ axtarışlarını davam etdirəcək. Amma bu alternativ arayışı Qərblə münasibətlərini pozmaq bahasına olmayacaq. Operativ taktiki baxımdan hazırda Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı var.
- Türkiyə regionda Azərbaycanın ən yaxın tərəfdaşı hesab edilir. Türkiyənin bu şəkildə ABŞ, NATO və digər Qərb qurumlarından uzaqlaşaraq İran və Rusiyayla yaxınlaşması Azərbaycanın geosiyasi vəziyyətinə hansı təsirləri ola bilər?
- Nəzərə almalıyıq ki, Azərbaycanın mövcud hakimiyyəti həm Avropa, həm də Avroatlantik qurumlarla soyuq siyasət aparır və hökumətin nə Avropa Birliyinə, nə də NATO-ya üzv olmaq kimi bir niyyəti yoxdur. Eyni zamanda hökumət ölkədə demokratik, siyasi, iqtisadi və hərbi sahədə hüquqi islahatlar aparmaq niyyətində də deyil. Yəni, Azərbaycanda avtoritar rejim mövcud olduğundan o özünə siyasi qohumu olan rejimlərə daha çox meyl edir. Ona görə də bugünkü mövcud hakimiyyətin Rusiya başda olmaqla avtoritar məkana meyllənməsinə mən təbii baxıram. Çünki, bu tip rejimlərin demokratik dünya ilə əlaqələrinin çox məhdud potensialı var. Azərbaycan da bu potensialı tükənib.
Heç təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısı özü də etiraf etdi ki, NATO ilə Azərbaycan münasibətləri 5-ci mərhələdir ki, eyni yerdədir. Azərbaycan Şərq tərəfdaşlığı proqramı çərçivəsində artıq 5-ci proqram həyata keçirir. Adətən NATO ilə yaxınlaşmaq istəyən ölkələr çalışırlar ki, hər mərhələni sürətlə bitirib, növbəti mərhələyə keçsinlər. Azərbaycan isə növbəti mərhələyə keçmək istəmədiyinə görə eyni bir mərhələdə 5-ci dövrəni vurmaqda davam edir. Yəni, Azərbaycan NATO ilə münasibətlərində 5-ci ildir ki, sinifdə qalır. Ona görə də düşünürəm ki, Azərbaycan hakimiyyəti yaranmış vəziyyətdən məmnundur. Regionda ənənəvi oyunçular olan Rusiya, Türkiyə və İranın yaxınlaşması onun da işinə yarayır və siyasi maraqlarına uyğun gəlir.