Vaxt.Az

«ABŞ bu qərara yenidən baxmalıdır»


 

İlham Əliyev: «Bu Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər»

«ABŞ bu qərara yenidən baxmalıdır» «Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır».

Bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: «Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilib. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq».

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. «Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılıb. 2017-ci il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək «İslam Həmrəyliyi İli»nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaq» - deyə, dövlət başçısı diqqətə çatdırıb.

Azərbaycan prezidenti daha sonra İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan  münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkür ifadə edib: «İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz».

Dövlət başçısı bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. «Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır», - deyə Azərbaycan prezidenti vurğulayıb.

 





13.12.2017    çap et  çap et