Vaxt.Az

Saakaşvilinin Ukrayna projesi - uğur, yoxsa iflas...


 

«Onun arxasında dayanan konkret güclər var və onlar Qərbdədir»

Saakaşvilinin Ukrayna projesi - uğur, yoxsa iflas... Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna siyasi həyatının bir nömrəli məsələsi olmaqda davam edir. Məhkəmənin onu həbsdə saxlamamaq qərarından sonra onun apardığı proses ölkədə bir qədər də genişlənib. Mixail Saakaşvili onu çevriliş planlaşdırmaqda və prezident kürsüsünü ələ keçirməyi planlaşdırmaqda ittiham edənlərin əsassız olduqlarını bəyan edib. ZİK telekanalının efirində M.Saakaşvili bildirib ki, onun Ukrayna prezidenti olmaq fikri yoxdur: «Prezidentlik postu ilə bağlı ambisiyalarım olmasa da, nazirlər kabinetinə rəhbərlik etməyə hazıram. Mən Ukraynanın normal hakimiyyətində məsuliyyəti öz üzərimə götürməyə hazıram. Heç bir halda prezidentlik postu uğrunda yarışa girməyəcəyəm. Fikrimcə, Ukrayna prezidenti burada doğulan və böyüyən şəxs olmalıdır».

M.Saakaşvilinin Ukraynada apardığı prosesin onun özfəaliyyəti olduğu, yoxsa arxasında kənar güclərin dayandığı barədə isə müxtəlif iddialar irəli sürülür.

Bu barədə «Yeni Müsavat»a danışan politoloq Natiq Miri bildirdi ki, Mixail Saakaşvilinin Rusiya ilə əlaqəsi yoxdur. Ukraynanın baş prokurorunun təqdim etdiyi videodan da görünür ki, o video qondarmadır, montaj edilmiş videodur. Təbii ki, bunun arxasında hüquqi deyil, siyasi niyyətlər durur. Bu da onunla bağlıdır ki, M.Saakaşvilinin fəaliyyəti artıq Petro Poroşenko hakimiyyətini silkələməyə başlayıb: «Nəzərə alsaq ki, artıq qarşıda Ukraynada seçkilər də gəlir, seçkilər ərəfəsi Poroşenko hakimiyyətinin nüfuzu sürətlə düşür. Saakaşvilinin isə nüfuzu getdikcə artır. Hakimiyyət onunla müəyyən anlaşmaya getmək üçün xüsusi missionerlər göndərdi. Lakin Saakaşvili buna getmədi. Hətta efirdə Poroşenkonun onun yanına emissarlar göndərdiyini ifşa etdi. Baş verənlər hakimiyyətin nüfuzuna çox ciddi zərbələr vurmaqdadır. Saakaşvilinin mübarizəsi həm də ölkədə vüsət alan korrupsiyaya qarşıdır. Bu amil də onun apardığı prosesə ciddi ictimai dəstək gətirməkdədir. Məhz korrupsiya ilə mübarizə Qərbin Ukraynaya münasibətində öndə gedən məsələlərdəndir. Ona görə də Saakaşvilinin Ukraynadakı fəaliyyətinə dəstək verilir».

Politoloq qeyd etdi ki, Saakaşvilinin başlatdığı prosesi və fəaliyyətini bir özfəaliyyət kimi qiymətləndirmək doğru deyil. Bu prosesin arxasında dayanan konkret güclər var. Bu güclər Qərbdədir, eyni zamanda Ukrayna Ali Radasında, hətta Poroşenko hökumətinin daxilindədir: «ABŞ Konqresində bir sıra konqresmenlər və bir sıra senatorlar prosesə ciddi dəstək verirlər. Saakaşvilinin Avropa İttifaqı ölkələrindən də ciddi dəstəyi var. Əsas hədəf Poroşenkonu devirmək yox, onu korrupsiya ilə mübarizəyə məcbur etmək, ölkədə artmaqda olan korrupsiya meyllərinin qarşısını almaqdır. Çünki Ukrayna iqtidarına olan yardımların müqabilində Poroşenko üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirmir. Bu öhdəliklərdən biri ölkədə kök atmış korrupsiya sistemini dağıtmaq idi. Poroşenko buna nail olmayıb. Bu gün də Ukrayna iqtisadiyyatını başda prezident olmaqla, oliqarxik sistem idarə etməkdədir. Ona görə də Qərbdəki dairələr Poroşenko hakimiyyətinə təzyiq mexanizmlərindən biri kimi Mixail Saakaşvili kartını dövriyyəyə buraxıblar. Saakaşvili isə öz rolunu çox aktiv və qətiyyətli şəkildə aparır. Artıq o, hakimiyyətə ciddi problemlər yaratmaqda, hakimiyyəti sıxışdırmaqdadır. Saakaşvilinin Ukrayna Ali Radası içərisində də dəstəyi var. Onun məhkəmədə məhz deputatlar qrupu tərəfindən zaminə götürülməsi də bunun təsdiqidir. Hətta Poroşenko hökumətinin içində də Saakaşvilini dəstəkləyən qüvvələr mövcuddur. Bütün bunlara görə Mixail Saakaşvili getdikcə Petro Poroşenko üçün ciddi təhlükəyə çevrilir. Poroşenko ya oliqarxiya sistemini dağıtmaqla ciddi islahatlara getməyə məcbur olacaq, ya da növbəti seçkilərdə onun partiyası seçkini uduzacaq.  Saakaşvilinin ətrafında yaradılan siyasi qüvvə hökuməti qurmaq imkanı əldə edə və Saakaşvili baş nazir ola bilər. Artıq bunun anonsunu Saakaşvili özü verib».

N.Mirinin sözlərinə görə, Ukrayna cəmiyyətinin getdikcə Saakaşvilinin apardığı prosesin ətrafında toparlandığını görən Ukrayna prezidenti artıq aciz vəziyyətdə qaldığını anlayır. Ona görə də yeganə yol kimi Saakaşvilini həbs etmək yolunu seçir. Çünki onun başqa yollara əl atmaq imkanları tükənib: «Saakaşvilini heç olmasa cəmiyyətdən təcrid etmək, cəmiyyətdəki siyasi ayaqlanmanı söndürmək istəyirlər. Saakaşvilinin cəmiyyətin və Qərbin gözündən düşməsi, Qərbin dəstəyindən məhrum qalması üçün dövriyyəyə guya onun Rusiya ilə əməkdaşlıq etməyə başladığı təbliğatı buraxılır. Ancaq son hadisələr göstərdi ki, Qərb bu təbliğata ciddi yanaşmır. Saakaşvilinin Rusiya ilə əməkdaşlıq etdiyini ortaya qoyacaq sübutlar da yoxdur».

 





14.12.2017    çap et  çap et