Vaxt.Az

Bakıya qarşı qaz müharibələri


 

Banka şikayət yazıb 1.5 milyard dolları ləngidənlər kimlərdir...?

Bakıya qarşı qaz müharibələri İki gün əvvəl Avropa İnvestisiya Bankı Cənub Qaz Dəhlizi üçün çoxmilyardlıq kreditin ayrılmasını təxirə salıb. Virtualaz.org xəbər verir ki, bank bunu «TAP qaz kəməri layihəsi ilə bağlı daxil olan bir neçə şikayət məktubları» ilə əsaslandırıb.

Avropa İnvestisiya Bankına kredit üçün TAP konserni müraciət etmişdi və bankın idarə heyəti bu müraciətə dair dekabrın 12-də qərar verməliydi. Lakin bankın rəsmi saytında göstərilir ki, noyabr ayında «şikayətçilərdən» qaz kəmərinə dair etirazların əks olunduğu bir neçə məktub daxil olub. Məktublarda deyilir ki, TAP ətraf mühitə zərbə vurur, italyan fermerlərini ziyana salır, habelə həddən artıq «militarizə olunub». Bununla belə həmin şikayət məktublarının müəllifləri göstərilmir. Bank bildirir ki, daxil olan şikayətlərlə bağlı TAP layihəsinin perspektivlərini bir daha nəzərdən keçirəcək.

Bankın bu qərarı Paris iqlim sazişinin imzalanması ilə eyni gündə açıqlanıb. Həmin gün Paris küçələrində bu münasibətlə nümayişlər keçirilirdi və nümayişçilər öz çıxışlarında Avropa İnvestisiya Bankının qərarını ekoloqların, yaşıllar hərəkatlarının nailiyyəti adlandırıblar.

Xatırladaq ki, TAP kəmərinin çəkilməsi İtaliyada etirazlarla müşayiət olunur. Bu etirazları İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan «5 Ulduz» hərəkatı və onun lideri, şoumen Beppe Qrillo təşkil edir. Onun hərəkatı Rusiya ilə bağlıdır və ABŞ xüsusi xidmət orqanları bildirir ki, Kreml gələn ilki parlament seçkilərində «5 Ulduz» hərəkatına, habelə «Şimal liqası»ına dəstək verəcək. Bu baxımdan gözlənilir ki, banka göndərilən etiraz məktublarının bir qismini elə İtaliyada yazıblar.

Lakin istisna deyil ki, bankirlər çoxmilyardlıq kreditin ayrılmasını təxirə salarkən həm də TAP kəmərinin iqtisadi baxımdan rentabelliyindən əmin olmayıblar. Bu kəmərlə ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarlarına çıxarılmalı, beləliklə də Rusiya qazına yeganə alternativ təşkil etməlidir. «Qazprom»da isə hesab edirlər ki, Azərbaycan qazı kəməri tam gücü ilə işlətməyə kifayət etməyəcək və nəticədə onlar Rusiya qazı üçün xahiş etməli olacaqlar.

Sirr deyil ki, «Qazprom»un lobbiçiləri Avropada fürsət yarandıqca Cənub Qaz Dəhlizinə qarşı təbliğat aparırlar və layihənin iqtisadi rentabelliyini, habelə Avropanın qaz təchizatını şaxələndirmək baxımından imkanlarını şübhə altına almağa çalışırlar. Bu baxımdan bankın TAP kəmərinə 1.5 milyard dollar kreditin ayrılmasını təxirə salması təkcə ekologiyadan narahat olanların etiraz məktubları ilə əlaqəli olmaya bilər.

 





14.12.2017    çap et  çap et