Vaxt.Az

«Xilasedicilər bu il 296 nəfəri xilas edib»


 

Nazır: «Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb»

«Xilasedicilər bu il 296 nəfəri xilas edib» Hesabat dövründə çimərliklərdə nəzarət olunan ərazilərdə 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində isə batma təhlükəsi ilə üzləşən 151 nəfər olmaqla, ümumilikdə, 296 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin cəsədi tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb.Bu məlumatı dekabrın 14-də FHN-nin yaradılmasının 12-ci ildönümü münasibətilə keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov səsləndirilib.

Nazir bildirib ki, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu.

K.Heydərov qeyd edib ki, bu ilin hesabat dövründə 3900-dan çox mənzil və fərdi evdə yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları və «Formula-1» yarışları zamanı tədbirlər keçirilən obyektlərdə heç bir yanğın hadisəsi qeydə alınmayıb.

 





14.12.2017    çap et  çap et