Bu mənada Tramp Harri Trumendən sonra reytinqi bu qədər aşağı düşən ilk prezidentdir. 59 faiz amerikalı Trampa etibar etmədiyi halda, cəmi 37 faiz sadə amerikalı onu dəstəkləyir.
Donald Tramp prezidentliyə namizəd olarkən Hillari Klintonu həbs edərək həbsxanaya göndərəcəyini, Meksika ilə sərhəddə qanunsuz mühacirlərə qarşı divar hörəcəyini, Paris iqlim razılaşmasından ABŞ-ı çıxaracağını, Barak Obama dövründə bağlanmış mədənlərin yenidən açılacağını, vergi siyasətinə yeniliklər gətirəcəyini, bəzi müsəlman ölkələrindən mühacirəti dayandıracağını, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını vəd etmişdi.
Trampın ilk işlərindən biri Meksika ilə sərhəddə hündürlüyü 4 metrə çatacaq və bütün 1600 kilometrlik ABŞ-Meksika sərhədini əhatə edəcək divarın tikintisi idi. Tramp tikinti işləri üçün lazım olan 12-15 milyard dollar vəsaiti Konqresdən istədi və həmin vəsaitin Meksika dövləti tərəfindən hissə-hissə ödəniləcəyini dedi. Prezident Meksika məhsulları üçün gömrük rüsumunu 20 faiz artırmaqla büdcədən ayrılan vəsaitin yerinə qaytarılacağını dedi. Cavabında isə Meksika prezidenti Enrike Nyeto ABŞ-a planlaşdırılan səfərini təxirə saldı və ölkəsinin bu divara görə vəsait ödəməyəcəyini dedi.
Hazırda Meksika ilə sərhəddə yerləşən San-Dieqo şəhərində divarın hörülməsinə başlanılsa da, layihənin gələcəyi tam bəlli deyil.
Donald Trampın təklif etdiyi yeni vergi islahatı da öncədən bəyan edildiyi kimi orta təbəqənin maraqlarına deyil, varlı şəxslərin və iti korporasiyaların maraqlarına xidmət edəcək. Bu mənada vergi islahatları illik gəliri 59 min dolardan çox olan şəxslərə ilk aylarda 33 faizlik vergi güzəştləri versə də, sonrakı illərdə bu güzəştlər vergi yükünün artması ilə nəticələnəcək.
ABŞ prezidentinin daha bir qalmaqallı qərarı ölkəsini Paris iqlim razılaşmasından çıxarması ilə bağlıdır. Bu razılaşma havaya atılan zərərli qazların azaldılmasına və dünyada orta temperaturun stabil saxlanılmasına xidmət edirdi. Lakin Donald Tramp Barak Obamadan fərqli olaraq, dünyada illik temperaturun artmasını zərərli qazların fəaliyyəti ilə əlaqələndirmir və hesab edir ki, əslində hər şey Çinin ABŞ-dan daha üstün sənaye ölkəsi olmasına hesablanıb. Bu səbəbdən 2017-ci il iyunun 1-dən ABŞ Paris razılaşmasından çıxıb. Maraqlıdır ki, məhz ABŞ və Çin zəhərli CO2 qazının havaya atılmasına görə dünya liderləridir.
Biznesmen-siyasətçi hələ seçki təbliğatı dövründə müsəlman ölkələri barədə sərt açıqlamalar vermişdi. Ağ Evə gəldikdən sonra isə Donald Trampın ilk sərəncamlarından biri 7 müsəlman ölkəsindən mühacirəti qadağan etməsi oldu. Tramp İran, Suriya, Yəmən, Sudan, Liviya, İraq və Somali vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyan qərar növbəti gün federal prokurorlar tərəfindən dayandırıldı. ABŞ hüquq sistemi Trampın qərarlarının ölkə konstitusiyasındakı dini ayrı-seçkiliyin qadağan olunması barədə bəndlə ziddiyyət təşkil etdiyini bildirirdi. Hazırda Tramp öz sərəncamına Venesuela məmurları və Şimali Koreya vətəndaşlarını əlavə etsə də, 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə gəlməsini qadağan edən qərar hələ də qəbul olunmayıb. Ağ Ev sərəncamın icrası üçün ABŞ Ali Məhkəməsinə müraciət edib.
Bundan başqa, Tramp aztəminatlı ailələr üçün Barak Obama dönəmində qəbul edilmiş «Obamacare» proqramını ləğv etməyi, ölkədəki 10 milyon qanunsuz mühaciri, o cümlədən 750 min azyaşlı mühacir övladlarını ölkədən deportasiya etməyi qarşısına məqsəd qoyub.
Avtoritet ekspertlər Donald Trampın dünyanı təhlükəli nöqtəyə gətirdiyi qənaətindədir. «Stratfor» mərkəzinin fikrincə, Trampın Şimali Koreya problemini hərbi yolla həll etmək niyyətinin regional və qlobal təhlükəsizlik üçün ən ciddi təhlükə olması qənaətindədirlər. Bundan başqa, Rusiya ilə gizli əlaqələrinin olması barədə liberal mətbuatdan çıxan yazılar, Çinə qarşı iqtisadi müharibə başlamaq niyyətləri Trampa ölkə daxili ilə yanaşı, xaricində də xeyli düşmən qazandırıb. Bu fonda Avropadakı ənənəvi dostları da yeni prezidentlə dialoq qurmaqda çətinlik çəkir.
Paralel olaraq. Qüdsü İsrailin paytaxtı tanıyaraq ABŞ səfirliyini də ora köçürmək qərarı Ağ Ev sahibinin İslam dünyasında ciddi nifrət qazanmasına rəvac verib.
Bütövlükdə, Donald Trampın 13 aylıq prezidentliyi dövründə ABŞ-ı qeyri-müəyyən təhlükəyə sövq etdiyini demək olar. Tramp müəyyən məqamlarda ABŞ-ın Mixail Qorbaçovunu xatırladır. O da böyük ümidlərlə və yeni ideyalarla hakimiyyətə gələrək nəhəng imperiyanın çöküşünə səbəb olmuşdu.
Vüqar İSMAYILOV