Vaxt.Az

Məmurların məşhər günü


 

Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?

Məmurların məşhər günü Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt dekabrın 15-də, yəni bu gün bitir. Yada salaq ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün icra başçılarına konkret  vaxt verir. «İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək», deyə, prezident xəbərdarlıq etmişdi.

Onu qeyd edək ki, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, özəl sərmayə ilə bağlı məsələdə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Bitməsinə sayılı günlər qalan 2017-ci ildə hansı icra başçılarının vəzifəsi ilə vidalaşmasını yada salıb. Bu il prezident sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb. 1 iyun tarixində prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Şərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb.

Bu il icra başçısı vəzifəsi ilə birdəfəlik vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev oldu. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə «Şöhrət» ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilsə də, Yasamal RİH-ə başçı gətirilib. Yasamal RİH-nin başçısı vəzifəsi hələ də vakantdır.

İcra başçıları ilə bağlı  dekabrın 15-dək olan tarixədək  sonuncu sərəncam Quba Rayon İcra Hakimiyyəti ilə əlaqədardır. Belə ki, 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-in başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından birdəfəlik uzaqlaşdırılıb. Elə həmin gün Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 





15.12.2017    çap et  çap et