İddialara görə, «Şəmkir Aqropark» kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir. Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır.
Məlumata görə, Qüdrət Seyfullayev «Şəmkir Aqropark»ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd isə ayrılan pulların yeyintisini ört-basdır etmək olub. «Şəmkir Aqropark» kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur. Digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş «Snerjy Group», «Ata Holdinq», «XX əsr» şirkətlərini yoxlayırlar. Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir.
Digər məlumatda deyilir ki, Şəmkir şəhər icra nümayəndəsi Çingiz Həsənov Fazil Məmmədov işdən çıxarılmazdan əvvəl ölkədən gedib. Onun özü ilə 10 milyon manat apardığı da iddia olunur. Bildirilir ki, həmin pullar Şəmkirdə mücərrəd bir layihənin gerçəkləşməsi üçün Çingiz Həsənova ötürülüb. Büdcə vəsaiti olan həmin məbləğin nəğdləşdirilərək götürüldüyü də gələn məlumatlar sırasındadır. Həmin məbləği Ç.Həsənov konkret hesaba köçürməli olub, lakin bunu etməyib və ölkədən həmin pullarla bərabər çıxıb.
Bildirilir ki, hazırda Fazil Məmmədov həm də kadrlarına görə gərginlik içindədir. O hesab edir ki, işdən çıxarılmasında ətrafında olan və etimad göstərdiyi kadrların ona qarşı fəaliyyətdə olmaları əsas rol oynayıb. Vergi Nazirliyinin arxa kabinetlərində cərəyan edən gizli sövdələşmələr haqda məlumatlar hakimiyyətdəki müxtəlif çevrələrə sızıb. Böyük məbləğlərin ölkədən çıxarılması zamanı yol verilən yeyintilər haqda məlumatlar kənara çıxıb. Fazil Məmmədov hələ 2013-cü ilin sonlarında, 2014-cü ilin əvvəllərində Vergilər Nazirliyində əcinnələri müəyyən etmək üçün o dövrdə vəzifədə olan Eldar Mahmudova üz tutmuşdu. Həmin vaxt Eldar Mahmudovun xəfiyyələri Vergilər Nazirliyində çalışan hər kəsi nəzarətə götürmüş, bütün şübhələr nazirlikdə çalışan Fazil Məmmədovun qohumlarının üzərində cəmlənmişdi. Həmin günlərdən birində xəbər yayılmışdı ki, Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi Samir Qurbanov işdən çıxarılıb. Bundan qəzəblənən Samir Qurbanov nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutmuşdu. Samir Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır. S.Qurbanovun vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan, «Ata Holdinq»in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşıdır. O dövrdə belə xəbər də vardı ki, Samir Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər sələfi olub. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat «paket» də (qeyri-rəsmi maaş) alırmış. Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. Bu hadisədə gizlində qalan bir ad-soyad da vardı - Rafael Qurbanov! Nazir Fazil Məmmədovla bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş. Fazil Məmmədov hər ay vəhhabilərə 50 min manat pul ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı çıxana qədər...
Fazil Məmmədovun Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə etdiyi də bildirilir. Qeyd olunur ki, Samir Qurbanov Vergilər Nazirliyində «qoçuluq» edəndən sonra Fazil Məmmədov onu həbsə aldırılıb. Amma onu çox da həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı, əmisi Fazil Məmmədovu və Binəqədinin İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı. Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atdı, Samir Qurbanovu həbsə yollayan Fazil Məmmədov özü onu oradan xilas etdi. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var. Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun.
Hazırda Fazil Məmmədovun qubernatorluğuna daxil olan rayonlarda - Şəmkir, Gədəbəy, Binəqədi, Yardımlıda icra hakimiyyəti başçıları da çıxılmaz durumdadır. Fazil Məmmədovun qəfil işdən çıxarılması ona arxalanıb qanunsuzluqlara qol qoyan icra başçılarının durumunu kəskin şəkildə ağırlaşdırıb. Bu gün bu rayonlardan istənilən birinə prokurorluğun yoxlama qrupu göndərilsə, çoxsaylı qanunsuzluqların müyyən olunacağı şübhəsizdir. Gədəbəydən aldığımız son məlumatlara görə, icra başçısı Ramiz Yediyarov qeyri-müəyyənlikdən istifadə edərək idarə və təşkilatlardan pul yığdırır. Başçı pulun hansı məqsəd üçün yığıldığını demir, tələsik şəkildə pul yığımı ilə bağlı tapşırığının icra olunmasını istəyir. Bu tələskənliyin nə ilə əlaqəli olmasını isə bilən yoxdur. Belə xəbərlər var ki, R.Yediyarov patronu Fazil Məmmədiov kimi qəfildən işdən çıxarılacağını ehtimal etdiyindən tələskənliyə düşüb. Bu həm də onu göstərir ki, Fazil Məmmədovun kadrları olan icra başçıları çamadan ab-havasındadırlar...